NAXÇIVAN :

23 Oktyabr 2026, Cümə

Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsinin səbəbi nədir?

...

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 39 saylı Bənəniyar seçki dairəsindən seçilmiş deputat Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, Qəzənfər Abdullayev səhhəti ilə əlaqədar deputat mandatından imtina etməsi barədə ərizə ilə müraciət edib. Ərizə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 30 sentyabr 2026-cı il tarixli 2-1-2/2-557/2026 nömrəli məktubu ilə həmin tarixdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olub.

Mərkəzi Seçki Komissiyasında ərizəyə baxıldıqdan sonra məsələnin qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən edilib və Qəzənfər Abdullayev deputat mandatından məhrum edilib.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı özü imtina etdikdə mandatından məhrum edilir. “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 103.3-cü maddəsinə əsasən isə həmin halda deputatın mandatdan məhrum edilməsi barədə qərar Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.

Beləliklə, Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsinin əsasını onun səhhəti ilə əlaqədar deputat mandatından imtina etməsi barədə şəxsi müraciəti təşkil edib.

Mərkəzi Seçki Komissiyasının bu barədə qərarından rəsmi dərc edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər.

Nəşr edilib : 01.10.2026 22:22