NAXÇIVAN :

23 Oktyabr 2026, Cümə

Tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı maarifləndirici tədbir keçirilib

...

Oktyabrın 23-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasının zalında “Tarix və mədəniyyət abidələrini qorumaq vətəndaşlıq borcumuz və konstitusion vəzifəmizdir” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov muxtar respublikada tarix və mədəniyyət abidələrinin qorunması, təmiri və bərpası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, abidələrin mühafizəsinin təmin edilməsi məqsədilə məlumat lövhələrinin hazırlanması və quraşdırılması, mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında tarix və mədəniyyət abidələrinin qorunmasının hər bir vətəndaşın konstitusion vəzifəsi olduğunu vurğulayıb. Bildirib ki, dövlət tərəfindən mühafizə olunan tarixi abidələrə ziyan vurulması qanunvericiliyə uyğun hüquqi məsuliyyət yaradır. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda tarixi abidələrə qarşı törədilmiş dağıntılardan bəhs edərək milli-mədəni irsin qorunmasının əhəmiyyəti və görüləcək işlərdən danışıb.
Ali Məclisin deputatı, AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva çıxışında Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə milli kimliyin və mədəni dəyərlərin qorunması ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb. O, arxeoloji abidələrin qorunmasının vacibliyindən danışaraq qədim abidələrin milli tariximizin və mədəni irsimizin mühüm göstəricisi olduğunu bildirib.
Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov çıxışında abidələrin qorunmasında vətəndaş məsuliyyətinin və maarifləndirmənin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 23.10.2026 19:03