Ərdoğan: Qəzaya uğrayan təyyarənin qara qutusu tap...
15:59 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Bütün bunlar tarixi hadisələrdir
1993-cü ilin isti bir yay səhərindən 2020-ci ilin soyuq, yağışlı bir payız səhərinə kimi Vətəndən Vətənə həsrətlə baxıb: “Kaş o gün olardı ki, torpaqlarımız azad edilərdi, bircə dəfə gedib ana-atamın, şəhidlərin məzarını ziyarət edərdim, evimizdə bayram tonqalı qalayardım”, – deyən insanların arzuları küləkli bir payız səhərində çin oldu. Düşmənin ən dərin səddi məhz Füzuli rayonu ərazisində yarıldı. İllərdir, ürəyində Qarabağ yanğısı daşıyan Azərbaycan əsgəri bağlı qapıları açdı, sönən çırağı alovlandırıb, al qanla boyanan müqəddəs Azərbaycan Bayrağını dahi Füzulinin adını daşıyan şəhərin ən yüksək yerinə sancdı. Cəmi bir ay sonra isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Füzuli şəhərinin mərkəzində qaldırdı. Füzuli özünün sülh, əmin-amanlıq və abadlıq dönəminə qədəm qoydu. 2020-ci il noyabrın 16-da Prezident cənab İlham Əliyev tərəfindən Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirən “Zəfər yolu”nun təməli qoyuldu. Bir ay sonra isə Füzuli şəhərinin Baş planı təsdiq olundu. Füzuli şəhərinin Baş planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş və Füzulinin 2040-cı ilə qədər yekunlaşması gözlənilən inkişaf konsepsiyasını özündə birləşdirir.
İyirmi yeddi il ərzində mənfur düşmən tərəfindən həyatın bütün nişanələri silinmiş və viran edilmiş Füzuli şəhərinə qısa bir zamanda yeni həyatın gətirilməsi üçün zəruri olan infrastruktur obyektlərinin tikintisinə başlandı. Füzuli-Şuşa, Füzuli-Ağdam, Füzuli-Hadrut istiqamətlərində avtomobil yollarının tikintisi, bütövlükdə, Qarabağ bölgəsinin abadlaşdırılması və yenidən qurulması kimi nəhəng layihənin ilk mərhələsi oldu. Qarabağın “Hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikintisi cəmi səkkiz ay ərzində başa çatdırıldı və istifadəyə verildi. Bu gün Füzuli ucsuz-bucaqsız tikinti meydanını xatırladır. Bütün bunlar həyatımızda baş verən tarixi hadisələrdir.
Necə də gözəl bir gündür
Bu gün dövlətimizin “Böyük Qayıdış” Milli Proqramı ölkə başçımızın və Azərbaycan hökumətinin əsas prioritetlərindəndir. Proqramın uğurla icrası istiqamətində işlər sürətlə gedir. Müzəffər Ali Baş Komandan indi də azadlığına qovuşmuş torpaqlarımızda gedən quruculuq işlərinə öndərlik edir. Ölkə başçımız möhtərəm Prezident İlham Əliyev davamlı olaraq işğaldan azad edilmiş bölgələrimizə səfərlər edir və görülən bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur.
Sözsüz ki, Qarabağa qayıdış planının ən vacib istiqaməti Füzuli şəhərinə qayıdışdan keçir. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ildə Füzulinin işğaldan azad olmasının 3-cü ilində “Füzuli Şəhəri Günü”ndə iştirak etdi və Füzuli rayonuna yeni köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi şəkildə görüşdü. Cənab Prezident Füzuli sakinləri ilə görüşəndə sevinc hisslərini bölüşərək qeyd etdi: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi”.
Azərbaycan əsgərinin qələbəsi, xalqımızın torpaq sevgisi, onun əsl sakinlərinin işğaldan azad olunmuş ərazilərdə qurub-yaratmaq eşqini möhkəmləndirir. Bu mənada, füzulililər doğma dədə-baba yurdlarına böyük həvəslə qayıdırlar. “Böyük Qayıdış” proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Onların rahat yaşaması üçün ən yaxşı şərait yaradılıb. Yüksək zövqlə və müasir mühəndis tələblərinə cavab verən tikililər Füzuliyə köçən sakinlərin rahat yaşaması üçün düşünülüb. İşğal illərinin yaraları, bəlkə də, hələ sağalmayıb, amma yenidənqurma prosesi və dövlətin xüsusi diqqəti ilə Füzuli artıq gələcəyə ümidlə baxır. Azərbaycan dövlətinin ardıcıl siyasəti, Prezident İlham Əliyevin xüsusi diqqəti və xalqın torpağa bağlılığı nəticəsində Füzuli şəhəri bu gün ölkənin ən böyük yenidənqurma platformalarından birinə çevrilib. Yeni yollar, müasir infrastruktur, ekoloji cəhətdən təmiz və ağıllı texnologiyalara əsaslanan binalar, ictimai obyektlər və sosial layihələr bu şəhərin gələcəyinə ümidlə baxmağa əsas verir.
Bu şəhər Azərbaycanın zəfər tarixindəki mühüm mərhələlərdən biri olmaqla yanaşı, gələcəyin inkişaf etmiş, yaşıl, ağıllı və mədəni mərkəzlərindən birinə çevrilmək yolundadır. 17 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Füzuli şəhərinə səfəri çərçivəsində inzibati binanın, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, Qoçəhmədli, Cuvarlı kəndlərinin təməlini qoydu. Aylar ötdükcə burada yaşayanların sayı da, təbii ki, artacaq.
Ölkə rəhbərinin qeyd etdiyi kimi dövlətimizin əsas məqsədlərindən biri bu ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin olunmasıdır. Qarabağ iqtisadi zonasının, həmçinin Füzuli rayonunun özünəməxsus məşğulluq imkanları var. Füzulidə ənənəvi kənd təsərrüfatı ilə məşğulluq ön plana çıxır. Dövlətimiz vətəndaşlara texnikanı, mal-qaranı və bütün lazımi vasitələri təqdim etməklə yardım edir.
Qarabağa xoş gəlmisiniz
Şanlı Vətən savaşının 20-ci günü işğaldan azad edilən Füzuli şəhərində Qarabağın hava qapısında Füzuli Beynəlxalq Hava Limanına enən ilk təyyarədən “Qarabağa xoş gəlmisiniz!” sədasını eşidəndə sevincimiz yerə-göyə sığmamışdı. Bu sözlər son 30 ildə Azərbaycanın hava məkanında eşidilən ən gözəl sözlər idi. Rekord müddətdə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Bu hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Füzuli Beynəlxalq Hava Limanı, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində 40-dan çox reys qəbul edib və yola saldı. Həmin gün “Qarabağa xoş gəlmisiniz” sədasını türk dövlət başçıları, bütün Turan eşitdi. Azərbaycanın azad səmasında eşidilən bu səs bütün dünyaya yayıldı.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər