NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Qədir Xəlilov: “Reallaşdırılacaq bütün layihələrdə Naxçıvan gəncləri iştirak edəcək”

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq gənclər siyasətinin icrası ilə bağlı tapşırıqlar verilir və Gənclər Fondu tərəfindən də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının ötən ilin sonlarında imzaladığı Sərəncamla 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, eləcə də noyabr ayında Bakıda COP29 kimi mötəbər bir tədbirin keçirilməsi fondun da qarşısında bir sıra vəzifə və hədəflər qoyub. Bununla bağlı ilin əvvəlindən tədbirlər müəyyən olunub. Paytaxt Bakıda, o cümlədən Naxçıvan Muxtar Respublikasında və digər bölgələrdə bir sıra lyihələr reallaşdırılıb.  Belə tədbirlərdən biri də uzun illərdir, davam edən “Səyyar Gənclər Xidməti”dir  ki, bu gün ilk  dəfə olaraq Naxçıvanda da bu layihənin icrasına başlandı. 
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov söyləyib. 
O deyib: “Naxçıvanda layihə 7 gün müdətində həyata keçiriləcək. Bu zaman çərçivəsində ölkəmizin gənclər siyasəti, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı təlimlər, masterklaslar  təşkil olunacaq. Gələcəyimiz olan gənclərə  zəngin ekoloji biliklər veriləcək. Hesab edirəm ki, gənclərimiz bu istiqamətdə yetərincə maariflənəcək və bu biliklər onlara gələcək faaliyyətlərində böyük köməklik edəcək”.
Qədir Xəlilov qeyd edib ki, bu il muxtar respublikada Azərbaycan  Gənclər Fondunun filialının yaradılması ilə gənclərin perspektiv və potensiallarının gücləndirilməsinə tam şərait yaradılıb. Bununla həm gənclər təşkilatları üçün, həm də fərdi layihələrə müraciət etmə baxımından muxtar respublika gəncləri üçün geniş imkanlar açılıb. Gələcəklə bağlı reallaşdırılacaq bütün layihələrdə Naxçıvan gəncləri iştirak edəcək.  Azərbaycan Gənclər Fondu bu sahədə üzərinə düşən bütün dəstəyi göstərəcək. 
Qeyd edək ki, bu gündən Naxçıvanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib, ilk olaraq Şərur rayonunda keçirilən layihə 7 gün ərzində muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.

Nəşr edilib : 19.09.2024 17:43