NAXÇIVAN :

09 Avqust 2026, Bazar

“Qayıdış” konsepsiyası: tarixi irsə sahiblik və gələcəyə böyük inamla

...

Vətən müharibəsində qazanılan tarixi Zəfər təkcə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnmədi, həm də ermənilərin uzun illər bəslədiyi əsassız iddialara qətiyyətli cavab oldu. Düşmənin 30 il ərzində yaratdığı “məğlubedilməz Ohanyan səddi” Milli Ordumuz tərəfindən əks-hücum əməliyyatının ilk günündə yarıldı, mifə çevrilmiş bu istehkam mənfur ideyalar kimi darmadağın edildi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu öz gücünü, xalqımızın iradəsini və torpaqlarını hər vasitə ilə qorumaq əzmini bütün dünyaya nümayiş edirdi. Azərbaycan dövlətinin gücü qarşısında duruş gətirə bilməyən Ermənistan kapitulyasiya aktına imza atdı. Beləliklə, haqq-ədalət zəfər çaldı, işğaldan azad olunan torpaqlarda dərhal başlanan “Böyük Qayıdış” proqramı Qarabağın sürətli dirçəlişinin əsasını qoydu. İyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində sakinlərlə görüşən ölkə başçısı deyib: “Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqların sahibləri kimi qayıdacağıq”. 

Tarixi faktların dili ilə

Son iki əsrdə xalqımızın üzləşdiyi faciələr Qərbi Azərbaycanda yaşayan soydaşlarımızdan da yan keçməyib. Onlar xüsusilə 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illərdə sistemli şəkildə öz doğma torpaqlarından deportasiya olunublar. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində, təxminən, 300 min nəfər soydaşımız və onların yüz minlərlə övladı hələ də qaçqın taleyi yaşamaqdadır. Qərbi Azərbaycanda yerli əhali olan azərbaycanlıların doğma torpaqlarından çıxarılması dövlət səviyyəsində həyata keçirilmiş zorakılıq, kütləvi qırğınlar, insan hüquqlarının kobud şəkildə pozulması və insanlığa qarşı cinayətlərlə müşayiət olunub. Bu cür cinayətlər yalnız insanlara qarşı deyil, həm də xalqımızın tarixi-mədəni irsinə yönəlib. Azərbaycanlılara məxsus yaşayış məntəqələri, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar sistemli şəkildə məhv edilib. Tarixi faktlar və rəsmi sənədlər də sübut edir ki, XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçürülən ermənilərin bu ərazilərin daha qədim tarixi-mədəni irsinə iddia irəli sürməsi heç bir tarixi əsasa söykənmir.
Vətən müharibəsində qazanılan zəfərin yaratdığı reallıqlar fonunda görülən işlər sırasında həm də qərbi azərbaycanlıların öz doğma ata-baba yurdlarına qayıdışı, tarixi ədalətin bərpası dayanır. Ölkə başçısı İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi mühüm fikirlər “Qayıdış” konsepsiyasının əsas ideya istiqamətini müəyyənləşdirib. Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı şəkildə qayıdışı regionda uzunmüddətli sülhün və qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Doğma torpaqlara qayıdış təkcə insanların öz evlərinə dönməsi deyil, həm də xalqın tarixi yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin bərpasıdır. Qərbi Azərbaycan İcması həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu günə qədər müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə, ümumilikdə, 120 məktub ünvanlanıb, icmanın 11 sənədi BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılıb. Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA və İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul edərək icmanın mövqeyinə və qayıdış hüququna dəstək ifadə ediblər.
“Qərbi Azərbaycana qayıdış” konsepsiyasının həyata keçirilməsi, təşkilatlanmanın daha da gücləndirilməsi, beynəlxalq təbliğatın genişləndirilməsi, eləcə də keçirilən festivallar tarixi yaddaşın yaşadılmasına, ənənələrin və birliyin qorunmasına xidmət edir. Naxçıvanda keçirilən III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı da soydaşlarımızın birliyinin, qayıdışa olan inamının bariz göstəricisi idi. 
“Qərbi Azərbaycana qayıdış” ideyası yalnız tarixi sənədlərdə və beynəlxalq platformalarda deyil, doğma yurd həsrəti ilə yaşayan insanların yaddaşında da yaşayır. Bu yaddaşın canlı ünvanlarından biri də Kəngərli rayonunun Çalxanqala kəndidir.

Çalxanqala: qərbi azərbaycanlıların kompakt yaşadığı yurd yeri

Otuz ildən artıqdır ki, Kəngərli rayonunun Çalxanqala kəndi Qərbi Azərbaycandan köçkün düşən soydaşlarımıza qucaq açıb. Dövlətin qayğısı, kəndin münbit torpaqları və zəhmətkeş insanların əzmi burada yeni həyat qurmağa imkan yaradıb. 2000-dən artıq əhalisi olan Çalxanqalanın bəhrəli bağları, güllü-çiçəkli dağları, məhsuldar torpaqları insanların ənənəvi təsərrüfat sahələri ilə məşğul olmasına imkan verir. Təsərrüfat və məişət ənənələrini yaşadan qərbi azərbaycanlılar mədəni irslərini övladlarına əmanət ediblər. Qısa zamanda gün-güzəranlarını qurublar, amma yurd nisgili, vətən həsrətini ovundurmağa bu dağ kəndinin gözəllikləri də yetərli olmayıb. Salman kişinin baxışları hələ də Vedibasar mahalının Şidli kəndinə uzanır. O günləri xatırlayaraq deyir: “Dəmir yolunda işləyirdim. 1988-ci ildə vəziyyət getdikcə gərginləşirdi. Atam deyirdi ki, biz üç dəfə bu kənddən çıxmışıq, ermənilər yenə rahat dayanmayacaq. Bizi məcbur edirdilər ki, burada yaşamaq istəyirsinizsə, soyadınızı dəyişin. Təbii ki, əslimizi danıb belə bir şeyi qəbul etməzdik. Kənddə 360 təsərrüfat vardı. Naxçıvandan maşınlar göndərdilər. Bir günə kənddən çıxdıq. Götürə bildiklərimizi götürdük, qalan çox şeyi əziyyətlə tikdiyimiz evlərimizdə qoyduq. Bir çox ailə Bakıya üz tutdu, biz isə Çalxanqalanı  seçdik. Bu kəndin havası, suyu bizə doğma yurdumuzu xatırladır. Qərara aldıq ki, ən yaxşısı elə bu kənddə qalmaqdır. Şidlidə yaxşı bağım-bağatım vardı. Eynilə burada da yaratdım. Şükür, dolanırıq. Amma vətən yaddan çıxmır. Bizim o torpaqlarda ata-babalarımızın ruhu dolanır. Qismət olsa, gedib doğmalarımın məzarını ziyarət edəcəyəm”. 

Vurğunuyam Hasarlının düzünə

Rəhman Təroyev Dərələyəz mahalının Gömür kəndindəndir. Səkkiz il doğma kəndində ibtidai sinif müəllimi kimi çalışıb. Otuz yaşında ailəsi ilə birlikdə Naxçıvana köç edib. Bir müddət Ordubadın Parağa kəndində, daha sonra Çalxanqalada məskunlaşaraq müəllim kimi fəaliyətini davam etdirib. Dərin bir ah çəkəndən sonra gəncliyini qoyub gəldiyi doğma yurd yerlərini xatırlayır. Deyir Qanlıgölün o biri üzü bizim yurd yerləri idi. Təsərrüfatla məşğul olurduq. Küküdən də gəlirdilər, yaxşı dostlarımız vardı. Yurd həsrəti Rəhman kişini poetik ovqata kökləyir:
Vurğunuyam Hasarlının düzünə,
Təknəlinin şəffaf axan gözünə.
Yayın istisində su əvəzinə,
Qatığı, ayranı yadıma düşdü.

“1988-ci ildə kənddən çıxmağa məcbur olduq. Uşaqlardan ikisi körpə idi, qucağımızda gətirdik. Min bir əziyyətlə hasilə gətirdiyimiz evimizdən heç nə götürə bilmədik. Qanlıgölü aşaraq Küküyə keçdik. Kükülülər bizə çox dəstək oldu. Soyuq dekabr günündə bizə qapılarını açdılar. Bu dəstəyi heç vaxt unutmarıq. Unutmadığımız bir də ürəyimizin dərin guşəsində yer alan yurd həsrətidir. Bu həsrət o torpaqlara qovuşanda bitəcək. Bəlkə də, tikib içində çox az yaşadığım evi dağıdıblar, amma mən yenə də gedib oranı görmək istəyərəm, Qara bulaq, Nallı bulaq, Pəri bulağı, Söyüd gölü bulağı. O bulaqların adını çəkdikcə elə bilirəm, suyundan içsəm, ömrümə ömür calanar”. 

Tarixi unutmaq olmaz

Ömrünün 65-ci ilini Çalxanqalada yaşayan Ramiz Cəfərov 27 yaşında Dərələyəz mahalının Ələyəz kəndindən çıxıb. O günləri belə xatırlayır: “Bizi 23 gün mühasirədə saxladılar. Müqavimət göstərsək də, onlar silahlı idi. 1988-ci il noyabrın 23-də kəndi atəşə tutdular, 14 ev tamamilə yandı. Bir neçə gün dağlara çəkildik, sonra yenidən evimizə qayıtdıq. Yurdumuzu tərk etmək istəmirdik. Noyabrın 30-u bizi yük maşınlarına mindirib Buzqov istiqamətinə aparacaqlarını dedilər. Herher kəndi yaxınlığında yanacaq daşıyan maşını görəndə niyyətlərinin bizi sağ buraxmamaq olduğunu anladıq. Həmin vaxt Naxçıvandan kömək gəlməsəydi, bəlkə də, faciə qaçılmaz olacaqdı. Guya öz aləmlərində bizdən Sumqayıt hadisələrinin heyfini çıxırdılar. Halbuki hər kəsə bəllidir ermənilərin fitnəsi ilə baş verən Sumqayıt hadisələri. Naxçıvana çatanda gecə idi. Bizi yataqxanalarda, xəstəxanalarda yerləşdirdilər. O günləri yazmaq, gələcək nəsillərə çatdırmaq lazımdır. Tarixi unutmaq olmaz”. 
Ramiz kişi doğulduğu yurd haqqında danışarkən deyir: “Arpaçayın mənbəyi bizim kənddən 14 km yuxarıdan başlayırdı. Kəndimiz Ordubadın çay kənarında yerləşən kəndlərinə bənzəyir. Tarixi Salsal qalası bu ərazidədir. Sonra öyrəndik ki, adını dəyişib Sumbat qalası qoyublar. Amma tarixin canlı şahidləri bizik. Necə ki Şuşanın da adını dəyişmək istəyirdilər, amma bacarmadılar. Tarixi ədalət bərpa olundu. Biz də inanırıq ki, bir gün doğma yurdumuza qayıdacağıq”. 
Əhməd Məmmədov Keşişkənd rayonunun Gədikvəng kəndini 35 yaşında tərk etməyə məcbur olub: “Bizim kənddə bir nəfər də olsun, erməni yaşamırdı. 1988-ci ilin iyununda bir ay yollar bağlı qaldı, vəziyyət getdikcə gərginləşirdi. Həmin il oktyabrın 2-də beş övladım və yoldaşımla kənddən çıxdıq. Təxminən, 14-15 ailə Kəlbəcər istiqamətinə yollandı, biz Yuxarı Yaycı yolu ilə Naxçıvana gəldik.  Qardaşım Arif kəndin icra nümayəndəsi idi. Kəndi ən son tərk edən də o oldu. Bu gün həmin kənddə yaşayış yoxdur”. 

Qoca tarix ədalətə 
qovuşmaq üçün bəzən 
tələsmir, amma...

Hümbət İbrahimov doğulduğu Zeytə kəndini xatırladıqca kövrəlir: “Kəndimizin ətrafında üç qəbiristanlıq vardı. Və onların heç birində erməni qəbri yox idi. Ermənilər hətta əski Azərbaycan əlifbası ilə yazılan köhnə qəbirləri də mənimsəmək istəyirdilər. Atam onlardan yazıları oxumağı istədi, heç biri oxuya bilmədi. Kəndimizin ətrafındakı  7 yaşayış məntəqəsi xaraba qalmışdı. Qurbankəsilən, Qurdqulaq, Cığatay və digər kəndlərin əhalisi Stalinin vaxtında köçürülmüşdü. O kəndlərdən çıxanların əksəriyyəti Naxçıvana gəlmişdi. Şıxmahmudda, Nəzərabadda, Badamlıda, Siyaqutda məskunlaşmışdılar. Bizim kəndi də o vaxt sürgün etmişdilər. Lakin əhali gedib iqlimə uyğunlaşa bilmədiyi üçün yenidən öz yurduna qayıtmış, hətta 4 kəndin əhalisi bizim Zeytə kəndində gəlib məskunlaşmışdı. Qoca nənəm vardı, deyirdi, bizi dəfələrlə kənddən çıxarıblar. Amma yenə də qayıtmışıq. Bizim köç 1989-cu il dekabrın 5-i kənddən çıxdı. Amma qayıdışa böyük ümidimiz var. O inamla yaşayırıq”. 
Qoca tarix bəzən ədalətə qovuşmaq üçün tələsmir, amma gerçəkləri öz sinəsində qoruyur. İnsanlar isə həmin həqiqətləri ürəklərində nəsildən-nəslə ötürürlər. Çalxanqaladan ayrılarkən yurd nisgili ilə dünyadan köçsə də, sazı və sözü ilə yaddaşlarda yaşayan aşıq Kamil Teymur­oğlunu da ehtiramla yad edirik: 
Göyçədən qalxanda Səlim Gədiyə,
Göz gəzdir qocaman Karvansaraya.
Qabaxlı, Ələyəz, Qara Qayaya,
Qalaserə, Qızılgülə baxasan. 

Bu misralar doğma yurda qayıdış arzusu ilə yaşayan qərbi azərbaycanlıların yaddaşını, mənəvi bağlılığını və sarsılmaz ümidini ifadə edir. Tarixi yaddaşı yaşadan da məhz bu inamdır. Necə ki Qarabağ zəfəri illərlə yaşadılan arzunu gerçəyə çevirdi, “Qərbi Azərbaycana qayıdış” ideyası da xalqımızın milli yaddaşında və dövlətimizin siyasi iradəsində öz möhkəm yerini qoruyur.

Ruhiyyə RƏSULOVA
                 

Nəşr edilib : 09.08.2026 12:56