NAXÇIVAN :

08 Aprel 2025, Çərşənbə axşamı 03:09

Qarabağda tonqal yanır

...

Biz 30 il həsrət çəkdik. Alovlandı qəlbimiz düşmənə nifrət hissi ilə. Xocalıda insanlarımız diri-diri tonqala atılanda hayqırtımız ərşə çıxdı. Kəlbəcərdə evlərin alovu aləmə qalxanda dabanımıza od vurdular, alov ürəyimizi külə döndərdi. Biz illərlə Qarabağda qalanan iki tonqalın harayına çata bilmədik. Həsrətlə baxdıq o yanan tonqallara. Hər yay gələndə çölünə, düzünə od vurdu erməni Qarabağın. Göylərə qalxan tüstü bizi haraya çağırdı. Topxananın tüstüsü səmaya qalxanda  bizim də harayımız göyə yüksəldi. Ağdamın, Füzulinin torpağını əkib-biçib, taxılının  çörəyini yeyən düşmənin torpağın bağrına od vurduğunu lap yaxından izləmək məcburiyyətində qalanda gözümüzdən axan yaş qəlbimizdəki alovu söndürə bilmədi.  Evlərindən zorla çıxarılan insanlar dönüb arxasına baxanda od vurulan ocaqlarını görüb bir gün qayıdacaqları ümidi ilə yaşadılar illərlə. Bu xalq hər il Novruzu qarşılayanda “Gələn il bu vaxt Qarabağda tonqal qalayaq” oldu arzusu. Səbir etdik, ordumuza, Ali Baş Komandanımıza inanıb gözlədik.  İllər sonra 44 gündə həsrət bitdi. 2021-ci ilin baharı  yurdumuza gələn ən gözəl bahar oldu. Çünki həmin gün Şuşada 3 tonqal qalandı. 
Qalib Komandan, Prezident İlham Əliyevin yandırdığı bayram tonqalı  bizim əbədi zəfər tonqalımız oldu. Həmin gün o tonqalın istisinə 30 ildir, donan ürəklər isindi. İllərlə həsrət çəkib  kor olan gözlər həmin tonqalın işığında  nura qərq oldu. Azad Vətənin səmasında ağ göyərçinə dönüb  qanad çalan şəhid ruhları şad oldu. Artıq beş ildir ki, yandırılan tonqallar xoş növrağa səsləyir bizi. Hər çərşənbə gələndə, bayram olanda xoşbəxtliyimiz alovlanır. Artıq çiçək açır Kəlbəcər. Dağlar yol verir öz oğul-qızlarına. Zəngilanda, Laçında, Cəbrayılda qalanan bayram tonqallarının ətrafında yallı gedən gənclər birliyimizi, azadlığımızı göstərir. Daha üşümür Şuşa, qərib-qərib boynunu bükmür Zəngilan.  Qarabağın hər qarışı bizi səsləyir, gəlin, yurdunuza qayıdın deyir. Qayıdır Şuşa, Laçın. Zəngilan abadlaşır, qucaq açır doğmalarına. Biz xalq olaraq beş ildir, dünyanın ən xoşbəxt xalqına çevrilmişik. Biz qalibik, biz məğruruq, biz alnıaçıq, başı dik gəzirik artıq. Çünki biz qələbə qazanmışıq. Tonqalımızın işığı bütöv Azərbaycanı işıqlandırır. Şuşada səməni cücərdirik, Laçında bayram süfrəsi açırıq, Xankəndidə təhsil alan gənclərimiz bayram tonqalının ətrafında birləşib bir olur. Və biz bu günləri xalqımıza bəxş edən ordumuzla, Ali Baş Komandanımızla qürur duyuruq. Xoşbəxtliyimizin işığı düşməni kor edir artıq. İndi orada yanan od-ocaqlardan çörək ətri gəlir. 
Ta qədimdən türk obalarında  bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı.  
Artıq beş ildir, bizim Vətənimizdə, gözəl Qarabağımızda hər il bir tonqal qalanır. Vətən üçün canından keçib bəy taxtını tabutla, bəy köynəyini bayraqla əvəz edən oğulların toyuna səsləyir hamını. Nişan üzüyü məzar daşına möhürlənən Həmidlərin, bəy xonçası məzarına gətirilən Əlilərin, vüsalı Vətən olan Vüsalların, toy otağı bağlı qalan Babəklərin səsi dünyaya yayılan toyuna...

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 20.03.2025 12:20