NAXÇIVAN :

23 Dekabr 2024, Bazar ertəsi

Qarabağ Universitetində ilk dərs

...

Hər yeni tədris ili təhsil həyatına başlayan gənclərin və onların valideynlərinin həyəcanı ilə yadda qalır, insanlarda daha geniş hədəflər və arzular yaranır. Təzəcə başlamış bu tədris ili isə xalqımızın həyatında daha da yaddaqalan hadisələrlə zəngin və ölkəmizdəki ali məktəblərə rekord sayda tələbənin qəbulu və Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə əlamətdar oldu. 20 sentyabr Dövlət Suverenliyi Günü dövlət başçımız Prezident cənab İlham Əliyevin Qarabağ Universitetinin açılışı mərasimində çıxışı isə təkcə yeni yaradılmış bu ali təhsil ocağının deyil, bütün ölkəmizdəki universitetlərdə fəaliyyət göstərən müəllim və tələbələr üçün bir yol xəritəsi, fəaliyyət planı oldu. Dövlət başçımız Azərbaycan tarixini, xüsusən son 200 illik tarixi bilməyənlər, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış reallıqları görmək istəməyənlər və Azərbaycanın artan nüfuzundan və gücündən qorxuya düşüb sülhə gəlməyənlər üçün növbəti bir dərs keçdi. Bu dərsdən “əla” qiymət alanlar, şübhəsiz, qəbul imtahanlarında yüksək nəticə göstərib Qarabağ Universitetini seçən gənclər olub, dövlət başçımıza gələcəkdə Vətənə layiq kadrlar kimi formalaşmağı, müstəqil, güclü Azərbaycanın qurucuları olmağa söz verdilər. Bu dərsin yekunları həm də ona diqqətlə qulaq asan daha geniş auditoriyanın bundan sonrakı daha səmərəli fəaliyyət planı kimi də iş masası üzərinə qoyuldu. Artıq bundan sonra ixtisasından və peşəsindən asılı olmayaraq, hər bir gəncin dövlət başçımızın müəyyən etdiyi konturlar üzrə formalaşması, milli dəyərlərinə bağlı, güclü Azərbaycan üçün yetişdirilməsi əsas prioritelər olacaq, tarixboyu qarşılaşdığımız ədalətsizliklər və işğalları heç zaman unutmadan dövlətçiliyimizi qoruyan layiqli vətəndaşlar yetişdiriləcək.

Azərbaycan qalib ölkədir və hər birimizin başını uca edən böyük Qələbəmizə sevinən dost və qardaş ölkələrlə yanaşı, təəssüf ki, bunu həzm edə bilməyənlərin də sayı az deyil. Dünyada geostrateji vəziyyətin, siyasi və hərbi konyunkturanın dəyişməsi fonunda ölkəmizin və xalqımızın mənafeləri naminə çalışa biləcək savadlı və vətənpərvər kadrların yetişdirilməsi, bu mənada, ölkəmizdə ali təhsil qarşısında ən böyük vəzifələrdəndir. Dövlət başçımızın da vurğuladığı kimi gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək üçün heç kimin vədlərinə inanmayan və heç bir təsir altına düşməyən gənclik yetişdirilməsi əsas vəzifələrdəndir. İdeoloji təhlükələrin artdığı dünyada, xüsusən də Avropanın bəzi ölkələrində insanların mənəvi boşluğa yuvarlanıb, çürüməkdə olan bir cəmiyyətdə yaşadığı dövrdə ölkəmizdə möhkəm qorunan ailə dəyərlərimiz və hər şeydən üstün tutulan milli dövlətçiliyimiz naminə həmrəy olmağa həmişə hazır olan vətəndaşlar yetişdirmək ziyalılarımızı daim olaraq düşündürməlidir.

Tariximizi öyrənmək, onu düzgün öyrətmək bu gün hər bir müəllimin peşə borcudur. Təsadüfi deyildir ki, bütün ixtisaslar üzrə Azərbaycan tarixinin birinci kursdan tədris olunması ilə başlayan ali təhsildə tələbələrimiz xalqımızın qəhrəmanlıq keçmişini və bugünkü Zəfər tarixini yaxşı mənimsəməklə gələcəkdə onun canlı şahidi olmağın da qürurunu yaşayacaqlar. Xüsusən, son 200 illik tarixdə Azərbaycanın qarşılaşdığı böyük ədalətsizliklər, torpaqlarımızın əsassız iddialar nəicəsində itirilməsinə səbəb olan bütün işğallar və siyasi oyunlar bütün gerçəklikləri ilə gənclərə öyrədilməlidir. Beləcə, gənclərimiz Azərbaycan həqiqətlərinə qarşı münasibətdə dostlarımızı və dost olmayanları yaxından tanımaqla beynəlxalq aləmdəki prosesləri də öyrənə biləcək və bununla da gələcək fəaliyyətlərində dostlarımızın sayının daha da artması üçün düzgün yol seçəcəklər.  

XXI əsr texnologiyanın sürətli inkişaf dövrüdür. Artıq Marsdan çəkilmiş yüksək keyfiyyətli videoların Yerə asanlıqla qəbul edildiyi, Aya turist səfərlərinin planlaşdırıldığı bir dövrdə ali təhsilli kadrlar qarşısında da yeni tələblər yaranır. Süni intellektin əmək bazarını sürətlə sıxışdırdığı, bəsit İKT biliklərinə evdar xanımların da sahib olduğu bir dönəmdə yalnız innovativ düşüncəli və optimal qərarvermə qabiliyyətinə malik, hər cür iqtisadi situasiyadan baş çıxaran, uğurlu işgüzar karyera qura bilən gəncliyin yetişdirilməsi gələcəkdə onların rəqabətqabliyyətli ola bilməsinə zəmanət verə bilər. Bunun üçün ali məktəblərdə qurulan tədris üsullarının günün tələbləri səviyyəsində qurulması və buna nail olunması üçün də akademik heyətin daim öz üzərində çalışması qarşıya qoyulmuş vəzifələrdəndir. Startap ideyaları ilə zəngin Azərbaycan gənclərinin yaradıcılıq və innovativ enerjisinin düzgün yönə istiqamətləndirmək, cəmiyyətin gələcək sosial və iqtisadi problemlərini həll etməkdə onlara dəstək vermək bu gün ali təhsildə prioritet yönümlü işlərdəndir.  

Ətraf mühit və onun problemləri bu gün rasionalist davranışa sahib olan sağlam düşüncəli hər bir insanı narahat edir. Planetimizin gələcəyini təhlükə altına alan, ekoloji problemləri daha da gərginləşdirən tullantılı sənaye, plansız nəqliyyat və ekstensiv kənd təsərrüfatı ərazisindən və iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətləri narahat edən məsələlərdəndir. Qarabağın otuz illik erməni işğalı dövründə ekosiddən də ciddi əziyyət çəkmiş və bunun acı nəticələrini hələ də yaşayan Azərbaycanın ekoloji məsələlərə yanaşma tərzi və yaşıl dünya quruculuğu yolunda qətiyyətli addımları bu gün təkcə siyasətçilərin və ya ekoloqların deyil bütün ziyalı təbəqəsinin çıxışlarında ana başlıqlardan biri olmalıdır. Odur ki, bu il COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın bu sahədəki həssasiyyəti, dövlət başçımızın təbiəti qorumağa, ekoloji mədəniyyətin yüksəldilməsinə ayırdığı diqqət ali məktəb auditoriyalarında əsas tezislər kimi səslənməlidir. Azərbaycanın qlobal iqlim dəyişikliyinə görə qarşılaşdığı problemlər, bu problemə ən çox səbəb olan iri sənayeləşmiş ölkələrlə müqayisədə dövlətimizin hədəfləri akademik heyətin elmi tədqiqatlarına cəlb olunmalıdır. Çünki bu gün dayanıqlı inkişaf prinsiplərinə, əsasən, dövlətlərin və onların hökumətlərinin dünya birliyi qarışısındakı hesabatlarında iqlim dəyişikliyi və yaşıl transformasiya məsələləri strateji dövr üçün ən kritik bəndlərdən biri hesab olunur.

Azərbaycan Şərqlə Qərbin qovşağında parlayan ulduz, özünün yüksək qonaqpərvərlik və tolerantlıq ənənələri ilə həmişə seçilən turizm ölkəsidir. Xalqımıza məxsus qədim mədəniyyət nümunələrinin, unikal təbiət guşələrimizin təbliğ olunması və tanıdılması işində ixtisasından asılı olmayaraq, hər bir ziyalı ölkəsini ürəkdən sevən bir bələdçi kimi danışmağı bacarmalı, bunu bir neçə dildə edə bilməlidir. Sirr deyil ki, bu gün Azərbaycanın müasir inkişafını həzm edə bilməyənlər yeri gəldi-gəlmədi ölkəmizdəki iqtisadi-mədəni mühitə kölgə salmaq və xüsusən də tarixi-mədəni turizm ehtiyatlarımızı öz adlarına çıxmaq üçün hər cür vasitələrə əl atır, saxta təbliğatlar aparırlar. Odur ki, tarixən bu ədalətsizlikləri görmüş hər bir azərbaycanlı ziyalı, hər bir ali məktəb müəllimi bu məsələdə də öz potensialını ortaya qoymalı, əsl vətəndaş mövqeyi göstərməlidir.

Qarabağın düşmən işğalından azad olunması ölkəmizdə yeni bir dövrün başlanğıcı oldusa, Qarabağ Universitetinin açılması da Azərbaycanın təhsil sektorunda yeni bir dövrə start verdi. Artıq ölkəmizdə fəaliyyət göstərən hər bir ali təhsil müəssisəsi qarşısında ordusu və iqtisadiyyatı ilə daha güclü, sosial həyatı ilə daha monolit və mədəniyyəti ilə daha zəngin yeni bir Azərbaycanın gələcək qurucuları formalaşdırmaq vəzifəsi qoyuldu. Bu vəzifə isə Qarabağ Universitetində keçirilmiş ilk akademik dərsin yekunu olaraq tarixə keçdi.

Əli CABBAROV

Nəşr edilib : 24.09.2024 12:20