Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərini...
13:09 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
15-16 sentyabr tarixlərdə Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətlərindən gələn dini nümayəndələrlə birlikdə Qarabağa səfər etdik. Qarabağ haqqında çox oxumuşam, çox eşitmişəm. Bu torpaqlarda baş verən hadisələri tarixdən, xatirələrdən, sənədlərdən, foto və görüntülərdən tanımışam. Lakin insanın tarix haqqında oxuması ilə tarixin üzərində dayanması arasında böyük fərq var. Bəzən bir torpağın ağrısını kitabdan oxuyursan, bəzən isə həmin ağrının izləri ilə üz-üzə qalırsan.
Bu səfər mənim üçün məhz belə bir yolçuluq oldu. Mən Qarabağa yalnız bir səfər iştirakçısı kimi deyil, həm də din xadimi kimi getdim. Gördüklərimə məscidlərin, şəhidlik yaddaşının, duanın və mənəvi irsin prizmasından baxdım. Bu baxış isə səfərin hər dayanacağını mənim üçün ayrıca bir düşüncə məkanına çevirdi.
Ağdam – divarlarında yaddaş yaşayan məscid
İlk dayanacağımız Ağdam oldu. Ağdam Cümə məscidinə daxil olanda diqqətimi ilk çəkən məscidin divarları oldu. Dağıntıların içində dayanmış bu məscid sanki uzun illər susaraq çox şey danışmışdı. Burada yalnız bir tikilinin izlərini deyil, bütöv bir şəhərin yaşadığı ağrının izlərini görmək mümkün idi. Şeyxülislam Allahşükür Paşazadə qeyd etdi: “Mən Ağdam məscidinə şəhidlər məscidi deyirəm”. Əslində, bu sözlər məscidin tarixini bir cümlədə ifadə edirdi. O, Birinci Qarabağ müharibəsi zamanı, şəhidlərin məscidə gətirildiyini və həmin günlərdə gördüyü mənzərələrin yaddaşından silinmədiyini danışdı. İllər keçir, müharibələr başa çatır, şəhərlər dəyişir. Amma insanın yaddaşında bəzi mənzərələr zamanla köhnəlmir. Şeyxulislam bir məqamı da vurğuladı: “Bu məscidin hər kərpicindən sanki səslər gəlir, divarlar dil açıb danışır”.
Doğrudan da, bəzi məkanlar, sadəcə, daşdan və divardan ibarət olmur. Onların yaddaşı olur. Ağdam Cümə məscidinin yaddaşında isə ibadət edən insanların səsləri ilə yanaşı, müharibənin ağrısı, şəhidlərin xatirəsi və insanların gözyaşları da yaşayır. Bu baxımdan, məscidin bərpası mənim üçün yalnız tarixi binanın yenidən qurulması deyil. Bu həm də yaddaşın qorunmasıdır. Çünki məscidi bərpa etməklə yalnız onun divarlarını deyil, həmin məkanın mənəvi həyatını da yenidən yaşatmaq mümkündür.
Məscid ibadət yeridir. İnsan burada Allaha üz tutur, səcdəyə gedir, dua edir. Ona görə Qarabağda məscidlərin yenidən bərpa olunması, azanın yenidən səslənməsi yalnız fiziki quruculuq hadisəsi deyil. Bu həm də mənəvi həyatın bərpasıdır. Mənə elə gəlir ki, Qarabağ məscidlərində qılınan hər namazın özünəməxsus bir mənası var. Çünki həmin məscidlərin bir çoxunda illərlə azan səsi eşidilməyib. Bu gün isə həmin səs yenidən yüksəlir. Bəlkə də, Qarabağda ibadət etməyin insanda yaratdığı hissin fərqli olmasının səbəblərindən biri də budur: burada dua ilə yaddaş bir-birinə qovuşur.
Xocalı – yaddaş qarşısında sözün acizliyi
Ağdamdan sonra yolumuz Xocalıya düşdü. Xocalı Memorialının qarşısında dayanmaq səfərin ən ağır anlarından biri idi. Bəzi yerlərdə insan gördüklərini sözə çevirməkdə çətinlik çəkir. Xocalı da belə yerlərdəndir.
Bəzi ağrılar zaman keçdikcə tarixə çevrilsə də, onları yaşayan insan üçün heç vaxt, sadəcə, tarix olmur. Mən düşündüm: Xocalı soyqırımı zamanı xalqımıza yaşadılan o hadisələri, insanlara qarşı törədilən cinayətləri, vəhşilikləri görüb sonra onu necə unutmaq olar? Bəzən tarix kitab səhifələrində bizdən uzaq görünür. Lakin onu şahidlərin dilindən eşidəndə həmin məsafə aradan qalxır. Xocalı da mənim üçün belə oldu. Tarix uzaq keçmiş olmaqdan çıxdı, insan yaddaşının içində yaşayan bir həqiqətə çevrildi. Bir din xadimi kimi burada dua etməyi özümə mənəvi borc etdim. Çünki elə məqamlar var ki, söz kifayət etmir. İnsan nə qədər danışsa da, ifadə edə bilmədiyi ağrılar qarşısında sükuta və duaya üz tutur.
Xankəndi – keçmişdən gələcəyə
Xocalıdan sonra Xankəndiyə getdik. Xankəndidə olmaq isə mənim üçün xüsusi məna daşıyırdı. Bir vaxtlar adını yalnız xəbərlərdə eşitdiyimiz şəhərin küçələrindən keçmək, həmin məkanda dayanmaq və bu günün mənzərəsini görmək insanda istər-istəməz zaman haqqında düşüncələr yaradır. Ağdamda dağıntıların, Xocalıda faciənin izləri ilə qarşılaşmışdıq. Xankəndidə isə artıq başqa bir mənzərə vardı. Burada mən Qarabağ haqqında düşüncələrimin digər bir tərəfi ilə qarşılaşdım: bu torpaqların yalnız keçmişini xatırlamaq deyil, gələcəyini qurmaq da vacibdir. Çünki yaddaş yalnız keçmişi qorumaq deyil, yaddaşdan nəticə çıxarıb yeni həyat qurmaqdır.
Şuşa – mənəvi yaddaşın şəhəri
Səfərimizin son dayanacağı Şuşa oldu. Şuşaya doğru qalxdıqca yol bizi təkcə bir şəhərə deyil, Azərbaycanın tarixinin, mədəniyyətinin və mənəvi irsinin mühüm ünvanlarından birinə aparırdı. Şuşaya daxil olanda bu şəhərin hər daşında, hər küçəsində bir tarix yaşadığını hiss edirsən. Şəhərin məscidlərini gördükcə isə bu tarix mənim üçün daha dərin məna aldı. Şuşanın dini irsi şəhərin ümumi tarixinin ayrılmaz hissəsidir. İşğal illərində zərər görmüş məscidlərin bu gün bərpa olunması yalnız memarlıq abidələrinin qorunması kimi qiymətləndirilə bilməz. Bərpa olunan məscidlərdə yenidən ibadətin başlaması, insanların səcdəyə gəlməsi və azan səsinin eşidilməsi Şuşanın həyatına qayıdan mənəvi nəfəsdir. Amma Şuşada bizi yalnız keçmiş qarşılamadı. Burada gələcəyə yönələn böyük bir quruculuğun da şahidi olduq. Yeni Şuşa məscidi bu baxımdan xüsusi məna daşıyır. Onun memarlıq həllində Zəfərin rəmzləri əksini tapıb. Məscidin formasının 8 rəqəmini ifadə etməsi 8 Noyabr – Şuşanın azad edildiyi Zəfər Gününü simvolizə edir. İki minarənin 11 rəqəmini ifadə etməsi isə Şuşanın və Qarabağın işğaldan azad edildiyi noyabr ayına işarədir. Bu məqam mənə çox düşündürücü gəldi. Çünki tarix yalnız kitabda yazılmır. Bəzən tarix memarlıqda da yaşadılır. Bir tərəfdə dağıdılmış, susdurulmuş məscidlər, digər tərəfdə bərpa edilərək yenidən həyata qaytarılan qədim ibadət ocaqları və ucaldılan yeni məscidlər… Bu mənzərə Qarabağın keçdiyi yolu göstərir: dağıntıdan dirçəlişə, sükutdan azana, ağrıdan duaya, duadan ümidə.
Zəfərin mənəvi davamı
Qarabağ səfərindən qayıdarkən düşündüm ki, insan bəzi səfərlərdən fotolarla, bəzilərindən isə düşüncələrlə qayıdır. Mən bu səfərdən daha çox düşüncə ilə qayıtdım. Ağdamda məscidin divarlarına baxarkən yaddaşın necə yaşadığını gördüm. Xocalıda insan faciəsinin qarşısında sözün necə aciz qaldığını hiss etdim. Xankəndidə keçmişdən gələcəyə uzanan yol haqqında düşündüm. Şuşada isə bütün bunların üzərinə mədəni və mənəvi irsin bərpasının gətirdiyi ümidi gördüm. Bu səfər mənə bir daha göstərdi ki, torpaqları azad etmək böyük zəfərdir. Lakin zəfərin mənası bununla tamamlanmır. Həmin torpaqların yaddaşını qorumaq, şəhidlərini unutmamaq, dağıdılmış məscidləri və digər tarixi-mədəni irs nümunələrini bərpa etmək, insanların həmin torpaqlara qayıdışını təmin etmək və orada yenidən həyat qurmaq zəfərin davamıdır. Bir din xadimi kimi mənim üçün bu yolun mühüm göstəricilərindən biri də məscidlərdə yenidən ibadət həyatının canlanmasıdır. Qarabağda yüksələn hər azan mənə həm bu günün həyatını, həm də keçmişin yaddaşını xatırladır. Həmin azanlarda şəhidlərimizin xatirəsi, dualarımızda onların ruhuna ehtiram var. Bəlkə də, bu səfərin mənim üçün ən böyük mənası elə budur: Qarabağı, sadəcə, gəzmədim, onu hiss etdim. Orada gördüklərim mənə keçmişi unutmağın mümkün olmadığını, amma keçmişin ağrısı ilə gələcəyə baxmağın da mümkün olduğunu göstərdi. Qarabağda bu gün yüksələn azan səsi mənim üçün həm yaddaşın, həm də həyatın səsidir.
Əli ORUCOV
Naxçıvan Muxtar Respublikasının qazısı, Qazı yanında Şuranın sədri
Digər xəbərlər