NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Qanunvericilikdəki dəyişikliklər və seçkilər bələdiyyələrin fəaliyyətində yeni imkanlar açır

...

Bələdiyyə müəyyən edilmiş ərazi hüdudları daxilində fəaliyyət göstərən, öz mülkiyyəti və yerli büdcəsi olan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktları ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edən yerli özünüidarəetmə formasıdır. Ölkəmizdə 1999-cu il dekabrın 12-də ilk bələdiyyə seçkiləri keçirilmiş, bununla da bu idarəetmə institutu fəaliyyətə başlamışdır. Yerli idarəetmə sistemi yarandığı dövrdən daim dövlətin diqqətində olmuş, onların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində mühüm işlər görülmüşdür. Ölkəmizdə bələdiyyələrlə bağlı normativ-hüquqi baza yaradılarkən hər bir yaşayış məntəqəsində bu təsisatın mövcudluğu əsas olaraq götürülmüşdür. Bununla da ən kiçik kəndlərdə belə bələdiyyələr yaradılmışdır.

Ötən dövrdə bələdiyyələrin fəaliyyəti barədə aparılmış təhlillər kiçik bələdiyyələrin yerli problemləri həll etməkdə, öz xərclərini qarşılamaqda ciddi problemlər yaşadığını ortaya qoymuşdur. Eyni zamanda ölkəmizdə son vaxtlarda həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyi sahəsindəki yeniliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində də işlərin görülməsini zəruri edirdi. Bu səbəbdən bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün maliyyə imkanları zəif olan, öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkən bələdiyyələrin birləşdirilməsi barədə qərar qəbul olundu. Qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, onların maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin birləşdirilməsi dünya təcrübəsində tez-tez müraciət edilən bir metoddur. Bələdiyyələrin birləşməsi ölkəmiz üçün ilk deyil. 2009 və 2014-cü illərdə də bələdiyyələrin könüllü birləşməsi baş vermişdir.

Yeni yerli idarəetmə sistemi ilə ölkə üzrə kiçik bələdiyyələr onların müraciəti əsasında birləşdirilmişdir. Birləşmənin əsası isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 5 aprel 2024-cü il tarixli Qanunla müəyyənləşdirilib. Qanuna əsasən sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bu qərarla ölkə üzrə bələdiyyələrin sayı təqribi olaraq 50 faiz azalaraq 685 bələdiyyə müəyyən edilmişdir.

Yerli özünüidaretmə sahəsində qanunvericilikdəki dəyişikliklərlə bağlı sual doğuran digər məsələ birləşmə üçün müraciət edən bələdiyyələrdə bələdiyyə adının və mərkəzinin necə müəyyən edilməsidir. Qanuna əsasən bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir. İstənilən sahədə köklü islahatların aparılması üçün mütləq möhkəm hüquqi baza olmalıdır. Yerli idarəetmə sahəsində aparılan islahatlarla bağlı qəbul edilmiş qanun və qərarlar yalnız bələdiyyələrin fəaliyyətlərinin yaxşılaşdırılmasına xidmət edir. Bu isə, öz növbəsində, əhaliyə yerlərdə daha yaxşı xidmət göstərilməsinə, yerli problemlərin operativ həll edilməsinə töhfəsini verəcəkdir. Eyni zamanda hüquqi bazanın təkmilləşdirilməsi gələcəkdə yerli özünüidarəetmə sahəsində aparılacaq növbəti islahatlara zəmin yaradacaq.

2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə ölkəmiz yerli özünüidarəetmə sahəsində yeni mərhələyə daxil olur. Ümumilikdə, respublikamızda 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə seçkilər keçirilib. Naxçıvan Muxtar Respublikasında isə seçki 6 seçki dairəsi üzrə 44 bələdiyyəni əhatə edib. Şübhəsiz ki, seçkidən sonra qanunvericiliyə edilmiş dəyişikliklərin yaratdığı yeni imkanlar bələdiyyələrin fəaliyyətlərində dönüş nöqtəsi olacaqdır. Birləşmə bələdiyyə büdcələrinin əsaslı şəkildə artmasını təmin edəcək, bu da, öz növbəsində, bələdiyyələrin maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək, bələdiyyələrin iqtisadi gücü artacaq. Vətəndaşlara bələdiyyələr tərəfindən göstərilən xidmətlərin keyfiyyəti yüksələcək, dolayısıyla vətəndaş məmnunluğuna nail olunacaq. Yeni yerli proqramların qəbuluna və vaxtında icrasına şərait yaranacaq. Bələdiyyələrin kadr potensialı yüksələcək. Beləliklə, həm bələdiyyə üzvlüyünə, həm də bələdiyyə qulluğuna maraq artacaq. Bələdiyyələr tərəfindən regionun təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından və digər imkanlarından daha səmərəli istifadə ediləcək və bununla da bələdiyyələr regional siyasətin formalaşması və inkişafında mühüm rol oynayacaqlar.

Ümumilikdə, keçirilən bələdiyyə seçkiləri fonunda qanunvericiliyə edilmiş dəyişikliklər bələdiyyələrin daha səmərəli, effektiv fəaliyyət göstərmələrinə səbəb olacaq, bələdiyyələrin yerlərdə nüfuzunun yüksəlməsinə nail olunacaq və vətəndaşların yerli özünüidarəetməyə olan inamı daha da artacaq.

Əjdər ƏLİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Hüquq siyasəti komitəsinin sədri

Nəşr edilib : 29.01.2025 12:01