Türkiyədə bina uçub, dağıntılar altında qalanlar v...
22:24 24.01.2025
0
0
0
NAXÇIVAN :
25 Yanvar 2025, Şənbə
Vətən uğrunda, yurd uğrunda şəhid olanların yeri cənnətdir, deyirlər. Vətəni sevmək imandandır axı. Görəsən buna görəmi cənnət vətənimiz Azərbaycanın ən gözəl guşələrində şəhidlərimiz uyuyur? Paytaxda bütün Bakının panoramının əks olunduğu Dağüstü parkda, Naxçıvanda Arazın sularının kədərli romantikasının duyulduğu Şəhidlər xiyabanında... Erməni işğalçılarına qarşı inadla mübarizə aparan, son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının uyuduğu Şəhidlər xiyabanı bu gün hər bir vətəndaşın and yeridir. Buradakı şəhid məzarları arasında addımlayarkən sanki onların hələ də bu yurda göz dikən düşmənə “Biz burdayıq” deyə səsləndiklərini duyuram... Bir zamanlar canları ilə bu torpağı qoruyan şəhidlər elə bil bu gün ruhları ilə eyni missiyanı həyata keçirirlər.
Azərbaycanın, Qafqazın xəritəsinə baxanda Naxçıvan kiçik bir ərazi kimi görünür. Lakin Türk dünyasını bir-birinə bağlayan, türkün türkə uzanmış simvolik əli olan Naxçıvanın əhəmiyyətini dərk etmək üçün, sadəcə, bir məqama diqqət yetirmək kifayətdir. 1990-cı ilin yanvarında sovet imperiyasının işğalçı qoşunları Bakıya hücum etdikləri vaxtda, imperiyanın Qafqazdakı maşası rolunu oynayan Ermənistanın quldur dəstələri də Sədərəkdən başlayaraq Naxçıvanı ələ keçirməyə çalışırdılar.
Soyuq qış gecəsində Bakıda gülləbarana tutulmuş günahsız insanların qulaqbatıran fəryadları təkcə yerin deyil, göyün də bağrını yarırdı. Lakin nədənsə bu haraylar bəzi yatmış vicdanları oyatmırdı. Müasir silahlarla silahlanmış ordu əliyalın, günahı olmayan insanların üzərinə hücuma keçir, dinc əhaliyə ağır divan tuturdu. Düşmən Sədərəkdə də eyni missiyanı gerçəkləşdirməyə çalışırdı. Amma xalqın azadlıq və istiqlaliyyətini boğmaq istəyən imperiya dairələrinə igid oğullarımız öz qanıyla cavab verirdi.
Həmin illərdə Naxçıvan olduqca gərgin günlər yaşayırdı. Sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Azadlıqdan məhrum olunmağa məcbur edilən xalq ov tüfənginə sarılaraq mərdliklə, rəşadətlə döyüşüb, torpaqlarımızın bütövlüyü uğrunda canını sipər edib əsl qəhrəmanlıq nümunəsi göstərirdi.
O qanlı-qadalı günlərin ağrı-acısını Şəhidlər xiyabanı ilə addımlayaraq yad edirəm. Qəlbim kədər, eynilə qürur və dərin minnətdarlıq hissləri ilə doludur. Sanki hamısı sırada, hamısı farağatdadır. Üzlərindən nur, gözlərindən mərdanəlik axan şəhidlərin məzarına baxdıqca zəfər çaldığımız o möhtəşəm təqvimi xatırlayıram. Qəlbim dağa dönür, səssizcə pıçıldayıram: “Qisasınız alınıb, rahat uyuyun...”
Uzaqdan bir məzara sığal çəkən qara paltarlı qadına sataşır gözüm... Titrək addımlarla saçları qar kimi ağ olan anaya yaxınlaşıram. Görünür, 35 il keçsə də, o qara təqvimlə, oğlunun ölümü ilə barışa bilmir. Axı analar oğulsuz yaşamır, yaşaya bilmir... Amma bilir. Bilir ki, bu Vətəni Vətən edən torpağın üstündəki qanlardan biri də onun oğlunun qanıdı. Hələ də kürəyini oğluna söykəyir. Oğlu soyuq bir daş olsa da. Gah buz tutmuş qara məzar daşını öpür, gah da daş üstünə həkk olunmuş şəklə baxıb nəsə pıçıldayır ona... Bu acı mənzərəni görüb ağlamamaq daş kimi ürək istəyir.
...Gözlərim xiyabanın sinəsində ucalan və qürurla dalğalanan üçrəngli bayrağımıza zillənib. Sanki o döyüşlər zamanı şəhid olan oğullarımızın qanının üç rəngi əks olunub bu bayraqda. Bəli, qan real mənasında qırmızıdır, azadlığın qırmızısı! Eynilə Naxçıvan kimi iki türk elinin bayraqlarını bir-birinə bağlayır. Səmanın qırmızıda əks olunan rəngi isə mavidir, qar altında cücərməyə macal tapmamış otların rəngi də yam-yaşıl. Neçə-neçə övladların cücərməyən arzuları kimi...
Gülcamal TAHİROVA
Digər xəbərlər