Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
Xalq öz taleyini qəlbən inandığı siyasət dahisinə etibar edir
“Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, – deyən, xalqına və Vətəninə bağlılığı ilə seçilən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiya Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev dövlətçiliyimizi inkişaf etdirərək özü qədər inandığı, etibar etdiyi yeni əsrin yeni lideri – İlham Əliyevə əmanət etdi. O, başladığı işlərin xalqın dəstəyi ilə layiqli davamçısı tərəfindən uğurla başa çatdırılacağına əmin idi. Prezident seçildiyi gün “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, – deyən İlham Əliyev Vətənə sədaqətlə xidmət edəcəyinə and içdi. Qarşıya qoyduğu ən böyük məqsədlərdən biri isə Azərbaycan bayrağını Şuşada, Xocalıda ucaltmaq idi.
“Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”, – deyərək ordu quruculuğunun prioritet vəzifə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə böyük işlər görüldüyünü, bundan sonra da bu prosesin davam etdiriləcəyini bildirmişdi. Bu məsələnin daim diqqət mərkəzində olacağını deyən dövlətimizin başçısı qətiyyətlə bildirirdi ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. Bu ordu qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Baxmayaraq ki, həmin dövrlərdə biz təkcə regionda yox, dünyada təklənmişdik. Bütün bu çətinliklərə rəğmən O, Ulu Öndərin siyasi kursunu davam etdirib Azərbaycanı dünyaya tanıtdı və söz sahibinə çevirdi. Tarix öz sözünü dedi və zaman Ulu Öndərin bütün bəlalardan xilas edib ayağa qaldırdığı Azərbaycanı əmin əllərə əmanət etdiyini sübuta yetirdi. Dahi siyasətçinin layiqli davamçısı dünyada söz sahibindən, Müzəffər Sərkərdəliyə gedən uzun bir yol qət etdi.
Qafqazda söz sahibinə çevrildik
2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm nailiyyətlər qazandı. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi Dövlət proqramlarının icrası, iqtisadiyyatın şaxələndirilməsi və sosial təminat sisteminin gücləndirilməsi ölkənin inkişaf strategiyasının əsas istiqamətlərinə çevrildi. Dövlət başçısının Prezidentlik fəaliyyətinin ilk mühüm qərarlarından biri 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman oldu. Adıçəkilən tarixi sənədin davamı olaraq Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə müxtəlif Dövlət proqramları imzalayıb.
Ulu Öndər Heydər Əliyevin neft strategiyası da uğurla davam etdirildi. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı, “Şahdəniz” yatağında ilk quyunun istismara verilməsi bu sahədəki inkişafı sübuta yetirdi. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi ilə Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğu təsdiqləndi. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. 2014-cü il sentyabrın 20-də isə Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. Dövlət başçısının gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaradılıb. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşıb. 2017-ci il sentyabrın 14-də isə Prezident İlham Əliyevin səyi ilə Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlayıb. Nəhayət, 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracı reallaşıb.
Bir məqam da xüsusilə vurğulanmalıdır ki, irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib. Həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan regionda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkə kimi tanınıb. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilib.
Əhalinin rifahı artırılıb
Ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə vətəndaşların gəlirləri, o cümlədən əməkhaqları artıb, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılıb. Ölkəmizin iqtisadiyyatının illər ərzində inkişaf etdirilərək ən yüksək səviyyəyə gətirilməsi insanların gündəlik həyatına da sirayət edib. Sosial sahədə davam etdirilən dövlət siyasəti bu sahədə qayğıya ehtiyacı olan vətəndaşların təminat və həyat şəraitini daha da yaxşılaşdırıb. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncam vətəndaşların rifahının artırılması məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb. 2025-ci ilin büdcə layihəsində bu rəqəm 16,9 milyard manat, 2026-cı ilin dövlət büdcəsində isə 17 milyard 145,5 milyon manat nəzərdə tutulub. Bu göstərici ümumi dövlət büdcəsi xərclərinin 41,1 faizini təşkil edir.
Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsinə çevrildi
Prezident İlham Əliyev planları haqqında danışmağı sevməyən öz işi ilə nəticələri təqdim edən bir rəhbərdir. Səbirlə, əzmlə çalışmağı sevən ölkə başçısının Qarabağa gedən yolu necə saldığını bu xalq da, dünya da Vətən savaşında gördü. Doğru zamanı gözləyib öz doğrularından dönməyərək, nə zaman nə edə biləcəyini heç kimin düşünə bilmədiyi bir siyasət dahisi, əsgərinə örnək bir komandan, çətin anlarda düzgün qərarlar qəbul edən bir siyasi şahmat ustası olan ölkə başçısı “Lazım olan vaxtlarda lazım olan addımları atırıq”,– deyərək hər bir addımı haqqında xalqına məlumat verəndəAzərbaycan xalqı bir olub Ali Baş Komandanın ətrafında yumruğa döndü. 30 ildir, həllini gözləyən bir problemi cəmi 44 gündə həll edən Müzəffər Komandanın “dəmir yumruğ”u düşmənin başında ildırım kimi çaxıb onu pərən-pərən saldı. Qələbə qazanıb müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti olmaq şərəfi qazandı. 44 gün – dünya tarixində görülməyən hərbi əməliyyatlar, illərdir, işğalda olan torpaqların azad olunması, dünya hərb tarixinə düşən Şuşa əməliyyatı, Azərbaycan əsgərinin cəsarəti, döyüş meydanında qələbələrlə tarixə yazıldı. Diz çökən düşmən, Naxçıvana açılan qapı, xaos yaratmağa çalışanların suallarına verilən sərrast cavablar, 4 dildə 4 saat davam edən mətbuat konfransı və Böyük Qayıdış, doğma ocağımıza enən təyyarədən gələn “Qarabağa xoş gəlmisiniz!” sədası. Xalqın tükənməz sevgisi ilə birləşən siyasi zəka, təmkin, səbir və cəsarətlə qazanılan qələbə bu günün reallığına çevrildi. Həm hərb meydanında, həm də siyasi masada qalib olub adını Azərbaycan tarixinə torpaq qaytaran ilk lider olaraq həkk etdirən Müzəffər Komandan 2023-cü ildə isə cəmi 23 saat davam edən əməliyyatla Azərbaycanı bütövləşdirdi. Artıq altı ildir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi dövlətimiz üçün prioritetdir. Bu gün qürurla deyirik ki, işğaldan azad edilmiş ərazilərdə 96 mindən çox insan yaşayır və işləyir. Qarabağ və Şərqi Zəngəzur tarixinin ən gözəl illərini yaşayır.
Zəfər seçkisinin qalib Sərkərdəsi
Bütün dünya Azərbaycan əsgərinin cəsarəti qarşısında heyrətə gələndə, Şuşada, Xankəndidə Zəfər himni səslənəndə şahid olduq bu xalqın əbədi liderinin əmanətinə nə qədər sədaqətli olduğuna. Və bayrağımız Şuşanın başı üstündə dalğalananda, Xocalıya ədaləti özümüz gətirəndə, Xankəndidə addımlayan Azərbaycan əsgərinin ayaq səsləri dünyanın hər yerində eşidiləndə, Zəngilanda, Füzulidə, Cəbrayılda körpə səsi gələndə dahi rəhbərin layiqli davamçısının müdrik rəhbərliyi ilə görülən işləri təkcə biz yox, dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox soydaşlarımız da gördü. Sülhün, əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə görə daim qüdrətlənən Azərbaycan dövləti ilə bir daha fəxr hissi duydular. Bu gün Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan insanlar gündən-günə inkişaf edən ölkənin vətəndaşları olaraq gələcəyə ümidlə baxır, verdiyi hər sözü yerinə yetirən ölkə başçısına sədaqət nümayiş etdirirlər. Məhz bunun nəticəsidir ki, Prezident seçkilərində xalqın seçimi, layiqli namizəd cənab İlham Əliyev oldu. 2024-cü ildə keçirilən, Azərbaycan tarixinə “Zəfər seçkisi” kimi yazılan seçki həm də suverenlik, ərazi bütövlüyü və milli birliyin hüquqi-siyasi təsdiqi olmaqla yanaşı, post-münaqişə dövründə ölkənin inkişaf strategiyasına verilən xalq dəstəyinin ifadəsi oldu. Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı sayılan Zəfər seçkisi yalnız səsvermə aktı deyil, Azərbaycan xalqının tarixi qələbəyə sahib çıxmasının, dövlətinə və liderinə inamının təntənəsi idi. Seçkilərdə səs çoxluğunun illər keçdikcə artması isə onu bir daha sübuta yetirdi ki, xalqın səsi hər bir azərbaycanlının Prezidenti, Ulu Öndərin layiqli davamçısınadır. Prezident İlham Əliyev 2024-cü ilin fevralında keçirilən seçkilərdə 92,12 faiz səs çoxluğu ilə Zəfər seçkisinin qalib Sərkərdəsi olmaq şərəfinə nail olmuşdur. Bu nəticə bir xalqın həm dövlət başçısına, həm də Azərbaycanı canından çox sevən Ümummilli Liderinə sədaqəti idi.
Bu gün Prezident İlham Əliyev dünyanın ən güclü dövlətlərində artıq regionun LİDERİ kimi qarşılanır. İndi təkcə Qafqazda yox, dünyada söz sahibinə çevrilən Azərbaycanla hesablaşmaq məcburiyyətində qalan ölkə başçılarıbeynəlxalq tədbirlərdə İlham Əliyevlə bir kəlmə kəsməyə, onunla görüşməyə can atır. Bax budur Heydər Əliyev siyasətinin davamı, budur İlham Əliyev fərqi – təmkin, cəsarət, geri çəkilməmək, səbir, dözüm, Vətənə şərəflə xidmət və QƏLƏBƏ.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər