NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

...

Qahirədə “Ərəb Əlyazmaları Xəbərləri” rüblük jurnalında Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Nərgiz Əliyevanın bu yaxınlarda İsgəndəriyyə Kitabxanası Nəşr və Yayım Evi tərəfindən ərəb dilində nəşr edilən “Azərbaycanda İslam mədəniyyəti (VII-XIII əsrlər)” kitabı haqqında yazı dərc olunub.

"Şərq qapısı" xəbər verir ki, məqalədə kitabın ərəb oxucusu umun elmi əhəmiyyətindən danışılır. Qeyd olunur ki, əsər Azərbaycanın İslam dünyasının tarixi və mədəni inkişafındakı rolunu daha yaxından öyrənmək baxımından mühüm mənbədir. Kitab, həmçinin Azərbaycanla ərəb-İslam dünyası arasında əsrlər boyu formalaşmış tarixi və mədəni əlaqələrin daha dərindən anlaşılmasına, ortaq irsin tanıdılmasına və xalqlar arasında elmi-mədəni dialoqun gücləndirilməsinə töhfə verir.

Kitabı ərəb dilinə filologiya üzrə fəlsəfə doktoru Şıxəli Əliyev tərcümə edib.

Qeyd edək ki, “Ərəb Əlyazmaları Xəbərləri” jurnalı Qahirədə yerləşən Ərəb Əlyazmalar İnstitutunun mətbu orqanıdır və əlyazma irsi sahəsində ərəb ölkələrində və beynəlxalq miqyasda baş verən yenilikləri, institutun elmi fəaliyyətini, mədəni irsin qorunması və araşdırılması ilə bağlı təşəbbüsləri işıqlandırır. Jurnalın əsas məqsədi ərəbdilli əlyazmaların öyrənilməsi ilə məşğul olan alimlər, tədqiqatçılar, universitetlər və elmi müəssisələr arasında məlumat mübadiləsini gücləndirmək, bu sahədə görülən işləri geniş auditoriyaya çatdırmaqdır.

Nəşr edilib : 09.10.2026 15:21