Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazi...
23:01 22.01.2025
0
0
0
NAXÇIVAN :
22 Yanvar 2025, Çərşənbə
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyə və İraqın Azərbaycandakı səfirləri ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, şeyxülislam A.Paşazadə, ilk növbədə, Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin mehmanxanasında baş vermiş yanğın nəticəsində çox sayda insanın dünyasını dəyişməsi barədə üzücü xəbərlə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Türkiyə xalqına öz adından və Azərbaycan dindarları adından dərin hüznlə başsağlığını ifadə edib, mərhumlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
QMİ sədri Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib. Şeyxülislam səfir Cahit Bağçının Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Zəfər dövründə Türkiyənin ölkəmizdə təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. O, ölkəmizdə fəaliyyəti başa çatan Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verməsinə toxunaraq, mövcud körpülərin möhkəmləndirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
İki ölkə arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan fəxarət duyduğunu bildirən şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət Başkanlığı arasında dini-mənəvi əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib. O, Türkiyə Diyanət Başkanlığının sədri Əli Erbaşla olan qardaşlıq münasibətlərini, birgə əməkdaşlıq səylərini yüksək qiymətləndirib.
Qəbula və başsağlığına görə dərin minnətdarlığını bildirən C.Bağçı Azərbaycanda səfir olaraq fəaliyyətindən dərin məmnunluğunu dilə gətirib, şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüş və ünsiyyətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb.
İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məkki Əl Məmuri ilə görüş zamanı isə ölkələr arasında siyasi və tarixi dini-mənəvi əlaqələrin inkişafının vacibliyi xüsusi vurğulanıb. Şeyxülislam A. Paşazadə səfir Məmurinin bu işə verdiyi töhfələrdən məmnunluqla danışıb. Qeyd edib ki, ölkələrimiz, xalqlarımız arasında tarixi, mədəni-mənəvi, doğma münasibətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra azad olunmuş Qarabağ torpaqlarına etdiyi səfərlərdən zəngin təəssüratlarını bölüşən səfir xalqımızın uğurlarından qürur duyduğunu ifadə edib. İraq Prezidentinin son illər ərzində üç dəfə Azərbaycana səfər etməsinin ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmağına dəlalət etdiyini vurğulayan səfir bunun bütün sahələrdə səmərəli əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd edib.
Digər xəbərlər