NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Qadın sağlamlığı ilə bağlı növbəti maarifləndirici tədbir olub

...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində 13 dekabr 2024-cü il tarixdə Babək rayonunun Şıxmahmud kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. 
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova tədbiri giriş sözü ilə açaraq yerlərdə qadın sağlamlığı ilə bağlı aparılan maariflənmə işinin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova reproduktiv sağlamlıqdan, ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında qadınların oynadığı roldan danışıb. Bildirilib ki, qadın genefondumuzun daşıyıcısı kimi də böyük rola malikdir. Erkən nikahların yaratdığı fəsadlardan və qadın sağlamlığına vurduğu ziyandan, eləcə də qohumlar arasında nikahın zərərlərindən danışan Aytən Məmmədova qeyd edib ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, xəstə uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrum edilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır. 
Təqdimatla çıxış edən Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva erkən nikah və qohum evlilikləri nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən fiziki qüsurlardan və xəstəliklərdən bəhs edib. Bildirilib ki, ana və uşaq ölümü hallarının azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulanlara keyfiyyətli tibbi qayğının göstərilməsi səhiyyə sistemi istiqamətində dövlətin xüsusi əhəmiyyət verdiyi sahələrdəndir. 
Diskussiya şəraitində keçən və 45 nəfərin yararlandığı tədbirdə iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib, müvafiq mövzuda hazırlanmış 120 ədəd broşür paylanılıb.

Nəşr edilib : 13.12.2024 15:26