NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

TÜRKPA-nın Baş katibinin müavinləri seçiliblər

...

Qırğız Respublikası Joqorku Keneşinin ev sahibliyində TÜRKPA-nın 15-ci plenar iclası oktyabrın 20-də Bişkek şəhərində baş tutub.
TÜRKPA-dan bildirilib ki, "Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı" mövzusunda keçirilən iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin sədrlərinin rəhbərlik etdiyi üzv və müşahidəçi parlamentlərin nümayəndə heyətlərini, qonaq qismində Özbəkistan Respublikası Ali Məclisinin nümayəndə heyətini, habelə Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı (İƏT Pİ), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), MDB Parlamentlərarası Assambleyası (MDB PA), Qlobal Tolerantlıq və Sülh Şurası (QTSŞ) və Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) kimi türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbərlərini və nümayəndələrini bir araya gətirib.
Tədbir TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevin salamlama çıxışı ilə başlayıb. Üzv parlamentlərin sədrləri — Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay, Türkiyə Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuş, habelə müşahidəçi qismində Şimali Kipr Türk Cümhuriyyəti Qanunvericilik Məclisinin spikeri Ziya Öztürkler, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər iştirakçılar Plenar iclasda çıxış ediblər.
Plenar iclasın gündəliyinə daimi komissiyaların hesabat məruzələri və tövsiyə qərarlarının, "TÜRKPA üzv dövlətlərində sənaye mülkiyyəti hüquqlarının qorunması haqqında”, “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında”, “Birgə müəssisə haqqında” və “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” model qanunların, TÜRKPA-nın beynəlxalq seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarının, 2027-ci maliyyə ili üçün büdcənin qəbul edilməsi, TÜRKPA-nın komissiyalarının sədrlərinin və sədr müavinlərinin, TÜRKPA Baş katibinin müavinlərinin seçilməsi daxil olub.
Plenar iclasdan sonra mətbuat konfransı keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri, eləcə də TÜRKPA Baş katibi tədbirdə iştirak edərək çıxış ediblər.
Namizədliyi Qazaxıstan Respublikasının Qurultayı tərəfindən irəli sürülmüş Saulekul Sailaukızı və namizədliyi Qırğız Respublikasının Joqorku Keneşi tərəfindən irəli sürülmüş Bektur Bazakeçov TÜRKPA Baş katibinin müavinləri seçiliblər.
Qazaxıstan Respublikası Qurultayının deputatı Amirbek Ospanbekov TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Ulukbek Karıbek Uulu TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədri, Qazaxıstan Respublikası Qurultayının deputatı Satıbaldı Burşakov TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Bekmurza Erqeşov TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin deputatı Tahir Akyürek TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini seçiliblər.
Assambleya, həmçinin Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun Plenar iclas zamanı təqdim edilən hesabat məruzələri və tövsiyə qərarlarını nəzərə alıb. TÜRKPA-nın 16-cı Plenar iclasının 2027-ci ildə Türkiyədə keçirilməsinə qərar verilib. 15-ci plenar iclas Bişkek Bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.

Nəşr edilib : 20.10.2026 22:17