Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyasına söykənən Azərbaycançılıq ideologiyası ölkəmizi ən ali zirvələrə daşımaqdadır. Məhz illərdir, uğurla davam etdirilən Ulu Öndər siyasi-ideoloji xəttinin nəticəsidir ki, xalq-dövlət-ordu birliyi sayəsində vətənpərvər ruhda yetişən gəncliyin şücaəti ilə 2020-ci ilin 44 günündə parlaq zəfər qazandıq. Vətən müharibəsində əldə olunan Böyük Qələbə və ötən il ərazi bütövlüyümüzün tam təmin olunması ilə regionda geosiyasi mənzərə tamamilə Azərbaycanın xeyrinə dəyişilib. Bununla paralel yeni reallığı həzm edə bilməyən bəzi siyasi dairələr tərəfindən məlum təzyiqlərin, təhdidlərin, ideoloji təhlükələrin də miqyası, əhatə dairəsi genişlənib. Ancaq Prezident cənab İlham Əliyevin rəhbərliyi, hüquq-mühafizə orqanlarının peşəkar iş prinsipi ilə bütün ideoloji təxribatların qarşısı vaxtında qətiyyətlə alınır. Ölkə başçısı da dəfələrlə çıxışında ideoloji təhlükəsizliyin təmininin dövlət siyasətinin əsas prioritetləri sırasında olduğunu vurğulayaraq bu yöndəki fəaliyyəti yüksək qiymətləndirib.
“Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında”.
Dünyaya ağalıq etməyə çalışan hegemon dövlətlər ənənəvi olaraq ölkələri, millətləri təsir altında saxlamaq, onların maddi sərvətlərinə yiyələnmək üçün ən asan, təsirli mexanizm kimi, ideoloji təzyiqdən istifadə edirlər. Zaman-zaman xalqlar içərisində fikir ayrılıqları, daxili çaxnaşmalar yaratmaqla ölkədə hakimiyyət çevrilişi edərək dövlətçilik ənənələrini məhv etmək, qondarma rejimlər formalaşdıraraq idarəçiliyi ələ almaq bu terrorun əsas hədəfidir. Xalqların azadlıq hüquqlarını heçə sayaraq onlar üzərində müstəmləkəçi siyasəti yürütməklə, təəssüf ki, bəzi Qərb ölkələri hələ də qədim və orta əsrlərdəki mövcud ənənələrini qorumağa müvəffəqdirlər. Bu baxımdan ən tipik nümunə özünü “demokratik” dövlət kimi tarixin səhifələrinə yamamağa çalışan Fransanı qeyd etmək olar. Firəngistanda hökmranlıq edən diktator rejim çirkin yollarla Afrika ölkələrinin təbii resurslarını talayır, Yeni Kaledoniya xalqını bütün imtiyazlardan məhrum edir, azadlıq hüquqlarını kobud şəkildə tapdalayaraq onlar üzərində kolonalizm siyasəti yürüdür. Yüzilliklər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradaraq həmin ərazilərdə öz idarəçiliyini gücləndirən bu Qərb diktaturası üçün BMT Nizamnaməsi, insan hüquqlarını tənzimləyən sənədlər heç bir praktik əhəmiyyət kəsb etməyən, lüzumsuz kağız parçasıdır. Belə olmasaydı əgər bu günədək BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verilərdi. Ancaq Fransa nəinki həmin insanların hüquqlarına hörmət etmir, onların mədəniyyətlərini, mənəviyyatlarını məhvə sürükləməkdən, torpaqlarına ziyan vurmaqdan, sərvətlərini talamaqdan belə çəkinmir. Hətta əhali arasında zəhərli maddələr yayaraq müxtəlif ciddi xəstəliklər yaratmaqla insanlıq əleyhinə ümumbəşəri terror aktı da törədir. Dünyanın “haqq, ədalət carçıları”, demokratiya, hüquq təsisatları da buna seyrçi qalır. Təəssüf...
Cənubi Qafqazda da eyni məqsədə fərqli formada nail olmaq istəyən müstəmləkəçi rejim illərdir, Qarabağda münaqişəni dondurmaq məqsədi güdən ATƏT-in Minsk qrupu kartından maksimum yararlanmaq üçün dəridən-qabıqdan çıxırdı. Di gəl ki, bu kartı da sonadək yaxşı xal qazandırmadı bu siyasi oyunbaza. Azərbaycanın apardığı uğurlu diplomatiya, hərbi quruculuq siyasəti sayəsində illərin ədalətsiz hökmünə xitam verildi, Qarabağda regional təhlükəsizliyə təhdid sayılan separatizmin kökü kəsildi. Vətən müharibəsindən sonra Qərb siyasi dairələrinin əvvəllər pərdəarxası həyata keçirdikləri ideoloji terror daha açıq müstəviyə keçdi.
Xalqların canına susamış bu cinayətkarlar əsas fəaliyyət istiqaməti kimi, effektivliyi yüksək, təsir dairəsi geniş olan müxtəlif media subyektlərindən, sosial şəbəkələrdən yararlanırlar. İctimaiyyətin hər bir nümayəndəsinə açıq olan həmin platformalarla dezinformasiyalar, qeyri-əxlaqi ünsürlər yayaraq insanları öz mənəvi dəyərlərindən uzaqlaşdırmağa, xüsusilə də gəncləri milli düşüncədən ayırmaqla yad ideologiyanın əsirinə çevirməyə çalışırlar. Təqdirəlayiq haldır ki, bütün bu xarici təhdidlərə, qlobal problemlərə qarşı dövlətimiz tərəfindən güclü siyasi, ideoloji iş aparılır. İstər məktəblərdə, ali təhsil ocaqlarında, istərsə də media subyektlərində maarifləndirici xarakterli tədbirlər reallaşdırılır. Hər il Şuşada keçirilən Qlobal Media Forumu bu baxımdan nəinki ölkəmizdə, ümumilikdə, regionda nümunə gücündədir. Dünyanın onlarla ölkəsinin, informasiya agentliklərinin əməkdaşları Azərbaycanın bu qədim şəhərində bir araya gələrək yalan məlumatların ifşasına, dezinformasiyaya qarşı mübarizəyə dair müzakirələr, fikir mübadilələri aparırlar. Ölkə başçısı cənab İlham Əliyev şəxsən həmin tədbirdə iştirak edərək jurnalistlərin suallarını cavablandırır, bu qlobal məsələnin həllində vacib amilləri diqqətə çatdırır, məsələlərə obyektiv siyasi şərhlər verir, Qərbin çirkin oyunlarını mükəmməl şəkildə ifşa edir: “Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır”.
Nail ƏSGƏROV
Digər xəbərlər