NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Payız

...

Payız təbiətin səssiz bir şeirə çevrildiyi fəsildir. Saralan yarpaqlar, xəfif küləklər, yağışın pəncərələrə toxunan səsi insana həm kövrəklik, həm də qəribə bir rahatlıq bəxş edir. Hər tökülən yarpaq bir xatirəni, hər yağış damlası bir duyğunu xatırladır. Payız bəzən ayrılıq kimi görünür, amma əslində, hər sonun içində yeni bir başlanğıcın ümidi gizlənir. “Şərq qapısı” şair Qafar Qəribin “Payız” şeirini təqdim edir:

 

Hələ arzularım yaz təravətli,

Günəş də bir azca yay hərarətli.

Bu payız “diribaş”, çox məharətli –

Nədənsə tez gəldi bu səfər payız...

 

Qışın qorxusundan saralıb bağlar,

Çox-çox uzaqlarda qar alıb dağlar.

Çox çəkməz, buludlar qaralıb ağlar –

Quru səhralara su səpər payız...

 

Yarpaqsız ağaclar qalar “nəfəssiz”,

Güllər son çiçəyin açar həvəssiz.

Quşlar qürbətlərə uçar həvəssiz –

Necə də ağırdır bu səfər payız!

 

Hər fəsil gözəldir – “iş gətirməsə”,

Nə qəm, yaşımıza yaş gətirməsə...

Payız payız olmaz qış gətirməsə –

Bəyaz dərd yağdırar bir səhər payız...

 

Nəşr edilib : 05.11.2026 11:42