NAXÇIVAN :

02 May 2026, Şənbə

Özbəkistan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri güclənir

...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Pakistana dövlət səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi, humanitar sahələrdə əməkdaşlığa dair sazişlər imzalanıb.

"Şərq qapısı" rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, Prezident Şavkat Mirziyoyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında təkbətək və geniş formatda keçirilən görüşlərdə Daşkənd ilə İslamabad arasında ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, son beş ildə qarşılıqlı ticarət 2,5 dəfə, birgə müəssisələrin və layihələrin sayı isə təxminən üç dəfə artıb. Məqsəd yaxın gələcəkdə ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaqdır. Bundan başqa, 3,5 milyard dollar dəyərində perspektivli ticarət və investisiya müqavilələri portfeli formalaşdırılıb.

Danışıqların yekununda Birgə Bəyannamə və əməkdaşlığın prioritet sahələri üzrə təxminən 30 vacib sənəd imzalanıb.

Prezident Mirziyoyev Pakistanın paytaxtında böyük dövlət xadimi və şair Zahirəddin Məhəmməd Baburun adını daşıyan parkın yaradılması qərarını elan edib. Bu park ölkənin müstəqillik bayramları ərəfəsində Pakistan xalqına hədiyyə olacaq. Özbəkistanın dövlət başçısı, həmçinin Pakistan Milli Elm və Texnologiya Universitetinin Fəxri doktoru və professoru adına layiq görüldüyü üçün təşəkkürünü bildirib.

Şavkat Mirziyoyev qarşıdan gələn Pakistan Günü və müqəddəs Ramazan ayının yaxınlaşması münasibətilə dost ölkənin xalqına təbriklərini çatdırıb.

Nəşr edilib : 06.02.2026 10:33