NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Ötən gün 51 cinayətin açılması təmin olunub

...

Sentyabrın 21-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 21,6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 1 ton çəkidə 570 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 qumbara, 9 alışdırıcı, 6 tüfəng, 1 patron darağı və 75 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər də saxlanılıb.

Nəşr edilib : 22.09.2026 11:44