NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet istiqamətlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində bir sıra işlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Dövlət Proqramının “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq  Dövlət Energetika Xidməti tərəfindən 110/35/10 kilovoltluq “Çeşməbasar” və “Sədərək” yarımstansiyalarının layihələndirilərək yenidən qurulması işləri aparılır.

Həmçinin 35/10 kilovoltluq “Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyalarının da yenidən qurulması istiqamətində işlər davam edir.

Bu məqsədlə dövlət satınalması vasitəsilə alınmış 6 ədəd 6300 kilovat gücündə, 35/10 kilovoltluq  güc transformatorlarından  artıq 4 ədədi muxtar respublikaya gətirilib.

Həmçinin bu yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan “İmpuls Group” MMC ilə müqavilə bağlanılıb.

Bundan əlavə, bu yarımstansiyaların tikiləcəyi torpaq sahələri də müəyyənləşib, yarımstansiyaların torpaqlarında torpoqrafiya işləri yekunlaşdırılıb, mühəndis geoloji işləri görülüb və nümunələr Bakı şəhərinə laboratoriyaya göndərilib.

Ümumilikdə, ötən əsrin sonlarından istismar olunan, 10000-dən artıq abonentlərin elektrik enerjisi ilə təminatını həyata keçirən elektrik yarımstansiyaları yenidən qurulur.

Bu layihələrin icrası imkan verəcək ki, elektrik enerjisinin uzaq məsafələrə, eyni zamanda yaşayış məntəqələrinə çatdırılması, paylanması və elektrik enerjisi təchizatında səmərəliliyi, abonentlərin elektrik enerjisi ilə təminatında dayanıqlılığı və keyfiyyəti artsın.

Nəşr edilib : 04.09.2024 11:25