NAXÇIVAN :

14 Mart 2025, Cümə

Orucluqda hansı qidalardan necə istifadə edək?

...

Müqəddəs kitabımız “Qurani-Kərim”in “əl-Bəqərə” surəsinin 183-184-cü ayələrində buyurulur: “Ey iman gə­ti­rən­lər! Oruc tut­maq siz­dən əv­vəl­ki üm­mət­lə­rə va­cib edil­di­yi ki­mi, si­zə də va­cib edil­di ki, (bu­nun va­si­tə­si­lə) siz pis əməl­lər­dən çə­ki­nə­si­niz! (Oruc tut­maq) sa­yı mü­əy­yən olan (bir ay) gün­lər­dir. (Bu gün­lər­də) siz­dən xəs­tə və ya sə­fər­də olan­lar tut­ma­dı­ğı gün­lər qə­dər baş­qa gün­lər­də oruc tut­ma­lı­dır­lar”.

Artıq 11 ayın sultanı, müqəddəs Ramazan ayına qədəm qoymuşuq. Müsəlmanların səbirsizliklə gözlədiyi orucluq gəlib çatıb. Qəlblərin Tanrıya daha yaxın olduğu, ruhən saflaşdığımız, az da olsa, günahlarımızdan təmizləndiyimiz bu günlərdə əsas ibadətimiz oruc tutaraq vacib buyurulmuş beş əməldən birini yerinə yetirməkdir. Bəs ibadətimizi yerinə yetirərkən həm də sağlamlığımızı necə qoruya bilərik? Oruc tutarkən nələrə diqqət etməli; necə qidalanmalıyıq? Bu barədə ətraflı məlumatı Şəfa Özəl Tibb Mərkəzinin fizioloq-dietoloqu Pərvanə Qəhrəmanovadan alırıq. Əvvəlcə orucluq və oruc tutmanın faydaları haqqında danışan müsahibim deyir ki, oruc tutmaq bütün dinlərdə mövcuddur. Ramazan ayında isə bir ay oruc tutmaq bütün müsəlmanlara vacibdir. Belə bir atalar sözü var: “Toxun acdan xəbəri olmaz”. Bu atalar sözü o qədər böyük hikmətə malikdir ki... Məhz bu günlərdə bunu daha yaxşı dərk edir insan.

Pərvanə xanım bildirdi ki, insanın yediyi qidanı həzm etməsi üçün orqanizmdə qanın çox hissəsi mədəyə yönəlir. Başa gedən qanda azalma olur ki, bu da dərin düşüncənin üzərini örtür. İnsan baş verən hadisələri lazımi həssaslıqla və diqqətli düşünə bilmir və mənəvi mərtəbələrdən xəbərsiz ömür keçirir. Oruc zamanı isə insan günün müəyyən olunmuş zamanında ac qaldığı üçün bu proses, əksinə, çalışa bilir. Yəni insan maddi aləmdən çox mənəvi aləmə yönəlir. Fizioloji baxımdan  da oruc tutmağın faydası çoxdur. Nobel mükafatçısı, yapon bioloqu Yoshinori Ohsimu sübut etmişdir ki, insan hüceyrələrinin öz-özünü bərpaetmə xüsusiyyəti vardır. “Öz-özünü yemə” adlanan bu sistem aclıq zamanı işə düşür və insan orqanizmində harada xəstə, qocalmış, işə yaramayan ölü hüceyrələr və ya yad bakteriya, virus varsa, onu həzm edərək kiçik parçalara ayırır.

Müsahibim onu da diqqətimizə çatdıraraq deyir ki, Ramazan ayında tutulan 30 günlük oruc bir növ çökmüş kompüterə format verib yenidən proqram yükləməyə bənzəyir. İnsan orqanizminin bütün toxumalarında yenilənmə və cavanlaşma baş verir və immun sistemi güclənir. Uca Yaradanın verdiyi bütün hökmlər insan üçün, sadəcə, faydalı ola bilər. Bizə düşən isə orucluq zamanı düzgün qidalanaraq bu sistemdən maksimum faydalanmaqdır.

Orucluqda bu mövzuya da toxunan müsahibimin sözlərinə görə, sahura iştahalı oyana bilmək üçün bol maye, yəni su, limon suyu, müxtəlif çaylar, meyvə suları və sair qəbul edilməlidir. Sahurda isə, əsasən, bol proteinli, balanslaşdırılmış qidaların qəbuluna üstünlük verilməlidir. Bu isə, təbii ki, oruc tutan şəxslərin başgicəllənmə, əl-ayaq əsmələri, təzyiq düşməsi və sair problemlər olmadan rahat şəkildə ibadətini yerinə yetirmələrinə şərait yaradacaqdır.

Qeyd etməliyik ki, iftar zamanı çox insanın iştahası olmur və daha çox suya yönəlir. Lakin nəzərə almaq lazımdır ki, iftar zamanı ağır ət yeməkləri yeyib, üstündən bol maye içmək axşam saatlarında həzm prosesində çətinlik yaradır və yeyilən qidalar həzm olunmadan daha çox çürüyürlər. Bu səbəbdən də iftarda, əsasən, müxtəlif növ mayelərə və mövsümi tərəvəz yeməklərinə, salatlara, mövsümi meyvələrdən hazırlanmış meyvə salatlarına və şirniyyatlara üstünlük verilməlidir.

Ağartı məhsullarının da qəbulunu mütləq sayan dietoloq bildirdi ki, kefir, qatıq, pendir, kəsmik kimi qidalar axşam saatlarında həzm edilməsi çətinlik törətməyən qidalara daxildir. Un məmulatlarından hazırlanmış qidaların qəbulu zamanı yeyilən ölçünün misli qədər çiy tərəvəz salatı yeyilməlidir.

Bildiyimiz kimi, Azərbaycan mətbəxi zənginliyi, ləziz yeməkləri ilə dünya mətbəxində xüsusi yer tutub. Pərvanə xanım onu da diqqətimizə çatdırdı ki, mətbəximizin şah əsəri sayılan ətli, düyülü yeməkləri çox duzlu olmamaq şərtilə sahurda yeməyə çalışın və mədə rahatlandırıcı bitki çaylarından – çobanyastığı, yarpız, nanə, limon, tərxun və sair ara-ara istifadə edin.

Paklığa, xeyirxahlığa dəvət olunduğumuz bu günlərdə Allah hər birimizin orucunu qəbul etsin!

                                      Türkanə ƏSƏDOVA

Nəşr edilib : 03.03.2025 14:47