Dəm qazından zəhərlənmə hadisəsinin qarşısını alma...
22:01 16.01.2026
0
0
0
NAXÇIVAN :
16 Yanvar 2026, Cümə
Qatarlar keçən yerdə sükut olmur!
Uzun illərdir, xəritələrdə qırmızı ilə çəkilən, amma reallıqda boşluq kimi görünən bir yol. Bu yerin sakinlərinin həsrətlə baxdığı bağlı qapı idi. Artıq beş ildir ki, bu qapının açarı Müzəffər Sərkərdənin əlindədir və biz həsrətlə həmin yolun açılmasını gözləyirik.
Bu gün sovetlər birliyi vaxtında birləşdirilmiş yol şəbəkəsi olan bu yer yeni reallıqlar fonunda, tamam başqa mənada yenidən formalaşır. Artıq burada bərkidilən hər bir bolt, hər bir travers gələcəyin enerji damarına çevrilir.
Ordubad coğrafi mövqeyinə görə xüsusi strateji zonadır. Buradan keçən dəmir yolu xətti həm ölkənin şimal-cənub, həm də şərq-qərb nəqliyyat şəbəkələrinə əlavə güc verir. Regionun kommunikasiya imkanlarının yaxşılaşdırılması Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi siyasətini gücləndirir. Bundan başqa, bu layihə Ermənistanla sərhəddə yerləşən bölgənin təhlükəsizlik və siyasi sabitlik baxımından möhkəmlənməsinə də xidmət edir. İnfrastrukturun möhkəmləndirilməsi Azərbaycan dövlətçiliyinin bölgədəki mövqeyini daha da gücləndirir. Bu xətt Naxçıvanın təcridini aradan qaldırmaqla yanaşı, Azərbaycanı Türkiyə ilə birbaşa bağlayacaq, Orta Dəhliz kimi tanınan geniş Avrasiya marşrutunun mühüm bir segmentini gücləndirəcək. Dəhlizin əhəmiyyəti təkcə relslərin üzərində hərəkət edəcək qatarlarla ölçülmür. Bu yol regionun iqtisadi nəfəsliyinə çevrilə bilər: yük axını, enerji resurslarının daşınması, turizm, sənaye və ən əsası, insanların sərbəst gediş-gəlişi. Yol genişləndikcə daralan qarşıdurmalar da öz yerini əməkdaşlığa verə bilər. Çünki tarix sübut edib: qatarlar keçən yerdə sükut olmur, həyat olur.
Ordubad rayonunda bu gün inşasına başlanan dəmir yolu, bu mənada, həm ümidin, həm də iradənin rəmzi, gələcəyə uzanan bir çağırışdır: “Biz hazırıq”. İndi baxışlar sərhədin o üzünə – siyasi iradənin hansı istiqamətə dönəcəyinə yönəlib.
Hər bir rels, hər bir kilometr, yeni yol bir həqiqəti təsdiqləyir: bölgədə yeni nəqliyyat xəritəsi formalaşır. Bu xəritənin mərkəzində isə Ordubad dayanır – kiçik bir şəhərin adından böyük bir yol başlanır.
Turan MƏMMƏDLİ
Digər xəbərlər