NAXÇIVAN :

02 Noyabr 2026, Bazar ertəsi

Naxçıvanda “Zəfər həftəsi”nə start verilib

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Zəfər həftəsi” layihəsi çərçivəsində silsilə tədbirlərə start verilib.
"Şərq qapısı" xəbər verir ki, layihə çərçivəsində ilk tədbir noyabrın 2-də Babək rayonunda yaşayan şəhid ailələrinin ziyarət olunması ilə həyata keçirilib. Gənclər Məmmədov Şəhriyar Bayramqulu oğlu, İsmayılov Abbasəli İmamqulu oğlu, Vəlizadə İbrahim Malik oğlunun ailələri ilə görüşərək onlara mənəvi dəstək olub, qəhrəmanlarımızın həyatı və döyüş yolu ilə maraqlanıblar. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Noyabrın 7-dək davam edəcək layihə çərçivəsində Şahbuzda Vətən müharibəsi iştirakçıları ilə görüş, Sədərək rayonunda “Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” festivalı, Əlincəqalaya Zəfər yürüşü, Naxçıvan şəhərində “Zəfərdən doğan qürur” adlı tədbir, eləcə də 5500 metr məsafəyə kross qaçışının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Zəfər həftəsi”nin əsas məqsədi tarixi Zəfərimizin əhəmiyyətinin gənc nəslə çatdırılması, gənclər arasında vətənpərvərlik ideyalarının təşviqi, milli-mənəvi dəyərlərin qorunması və Vətən müharibəsi qəhrəmanlarının tanıdılmasıdır.

Nəşr edilib : 02.11.2026 20:24