Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
Əsgərlərimiz üçün isti geyimlər toxuyan fiziki imkanı məhdud xanım
Bu gün fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunması üçün onların fiziki qüsurları heç bir əngəl yaratmır. Bu dəfə haqqında söhbət açacağımız Saimə Novruzova fiziki imkanının məhdud olmasına baxmayaraq, qədim xalq sənəti sahələrindən olan toxuculuq peşəsini bu gün bacardığı qədər yaşadır.
Şərur rayonunun Çərçiboğan kəndində yaşayan Saimə xanımın qonağı olduq. Səmimiyyət və gülərüzlə bizi qarşılayan müsahibimiz həyata daim pozitiv baxır. Söhbət zamanı öyrənirik ki, Saimə xanım elə bu yurd yerində doğulub boya-başa çatıb. 3-cü sinifdə təhsil alan zaman ocaqda baş verən partlayış nəticəsində işıqlı dünyası qaranlığa qərq olub. 15 ildir ki, toxuculuqla məşğuldur. Bu peşəni isə uşaqlıq illərində nənəsindən öyrənib. Həmin illəri xatırlayaraq deyir: "Nənəm tikiş tikən zaman məni yanında oturdub iynəni tutmağı, ilmələri bir-birinə calamağı öyrədirdi. İlk toxuduğum əl işi atam üçün toxuduğum corab olub. Həmin dövrdə rəngli iplər tapmaqda çətinlik çəkirdik. Lakin bu gün hər cür şərait var, xüsusilə biz fiziki imkanı məhdud şəxslərin məşğulluğunu təmin etmək üçün dəstək göstərilir".
Saimə xanım bildirdi ki, hazırladığı əl işləri avadanlıqlarla tez və asan başa gəlsə də, əl ilə toxuduğu işlər bir başqa gözəl olur. Həmçinin vaxtını da səmərəli keçirir. Muxtar respublikada təşkil edilən istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışda çox zaman iştirak edir. Bu isə ona öz işində hər zaman böyük stimul olur.
Söhbət zamanı diqqətimizi Saimə xanımın Vətən sərhədinin qoruyucuları olan vüqarlı igidlər üçün toxuduğu şərf, jilet, corab, boyunbağı çəkir. Saimə xanım deyir ki, torpaqlarımızın keşiyində duran igid, qorxmaz, qəhrəman oğullarımız üçün əlimdən gələn nə isə edə bilirəmsə, bu mənim üçün böyük xoşbəxtlik və qürurdur. Necə ki onlar 44 gün davam edən Vətən müharibəsində şanlı Zəfər tarixini yazaraq 30 illik həsrətimizə son qoydu. Şuşamıza, Laçınımıza, Kəlbəcərimizə, Qubadlımıza, Füzulimizə və digər doğma torpaqlarımıza – Qarabağımıza qovuşduq. Onlar mənim övladlarımdır, mən də özümə borc bilirəm ki, onlar üçün isti geyimlər toxuyub göndərim. Müharibə dövründə daha çox toxuyub göndərirdik əsgərlərimizə. Fiziki imkanım məhdud olsa da, qarşıma belə bir məqsəd qoymuşam ki, həyatda olduğum müddətcə bu fəaliyyətimi davam etdirəcəm.
Söhbətimizdən də göründüyü kimi, fiziki imkanı məhdud olmasına baxmayaraq, istedadlı qadınlarımız ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatda hər zaman fəallıqları ilə seçilirlər. Saimə xanım da Vətəninə, millətinə bağlı belə mərd xanımlarımızdan biridir. Fiziki imkanların məhdud olması onlar üçün əngəl deyil, onlar əngəlsizdirlər.
Bülbül QULİYEVA
Digər xəbərlər