NAXÇIVAN :

04 Oktyabr 2026, Bazar

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

...

İraqın və Türkiyənin nümayəndələri Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması məsələsini müzakirə ediblər.
“Şərq qapısı” xəbər verir ki, bu barədə İraq Neft Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın neft naziri Bəsim Məhəmməd Xudeyr əl-Abbadi Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika naziri Alparslan Bayraktarla görüşüb.
Görüşdə Ceyhan neft kəməri ilə ixracın davam etdirilməsi və iki ölkə arasında yeni neft ixracı sazişinin hazırlanması məsələləri müzakirə olunub. Tərəflər, həmçinin kəmərin ixrac gücünün artırılmasını və Türkiyə şirkətlərinin İraqın neft-qaz layihələrində iştirakını nəzərdən keçiriblər.
Hazırda Ceyhan istiqamətində ixrac gücünün gündəlik 750 min barel olması nəzərdə tutulur. Yeni çərçivə sazişi ilə bu göstəricinin 1,5 milyon barelə çatdırılması planlaşdırılır.
Sözügedən marşrutun genişləndirilməsi Bağdada neft ixracı üçün alternativ imkanların artırılmasına və Hörmüz boğazı üzərindən daşımaların yaratdığı risklərin qismən azaldılmasına şərait yarada bilər.
Qeyd edək ki, Ceyhan boru xəttinin texniki gücü gündəlik 750 min bareldir. Amma İraq Hörmüz böhranı başlanandan indiyədək bu xətlə gündəlik neft ixracında 170 min bareli keçə bilməyib.

Nəşr edilib : 04.10.2026 18:45