NAXÇIVAN :

27 Avqust 2026, Cümə axşamı

Ombudsman idmançılar üçün yeni tibbi nəzarət mexanizmi təklif edib

...

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müstəqil monitorinq fəaliyyəti çərçivəsində idman yarışlarında, məşq prosesində tibbi müayinələrin məcburi xarakter daşımasının hüquqi əsasları və milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında analitik arayış hazırlanıb.

Ombudsman Aparatından  bildirilib ki, araşdırmada xüsusilə yüksəkriskli, o cümlədən döyüş idman növlərində idmançıların, əsasən yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmini məqsədilə mövcud qanunvericiliyin, tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Beynəlxalq təcrübənin təhlili əsasında idmançıların yarışlara, sparrinq və intensiv məşq proseslərinə buraxılmasından əvvəl kompleks, çoxpilləli tibbi müayinələrin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Analitik arayışda, xüsusilə yüksəkriskli idman növləri üzrə MRT-dən, genişləndirilmiş kardioloji müayinədən və nevroloji qiymətləndirmədən məcburi keçirilməsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi təklif olunub.

Bununla yanaşı, idmançıların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsi, aralıq tibbi monitorinq mexanizminin və vahid elektron tibbi nəzarət reyestrinin yaradılmasının onların sağlamlıq hüququnun daha səmərəli təmininə xidmət edəcəyi bildirilib.

Aparılmış araşdırmanın nəticələri ilə əlaqədar ombudsman tərəfindən aidiyyəti quruma məktub ünvanlanıb.

Nəticələr və irəli sürülən təkliflərlə tam şəkildə tanış olmaq üçün analitik arayışa buradan keçid edə bilərsiniz.

Nəşr edilib : 27.08.2026 11:44