NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Omanın baş prokuroru: Azərbaycan qlobal tədbirləri keçirmək bacarığını dəfələrlə nümayiş etdirib

...

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, sentyabrın 29-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Oman Sultanlığının baş prokuroru Nasr Khamis Al Savaiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Kamran Əliyev bildirib ki, Azərbaycan və Oman Sultanlığı arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlıq davam edir, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələr daha da güclənməkdədir.
Azərbaycan ilə Oman arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Kamran Əliyev Oman Sultanlığının prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
Kamran Əliyev omanlı həmkarını noyabrın 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.
Oman Sultanlığının baş prokuroru Azərbaycanın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirdiyini və ölkəmizdə yaxın gələcəkdə keçiriləcək qlobal əhəmiyyətli beynəlxalq tədbirlərdə Oman tərəfinin də yüksək səviyyədə iştirakına əminliyini ifadə edib.
Görüşdə hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla hər iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Anlaşma Memorandumun hazırlanması barədə razılıq əldə olunub.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Nəşr edilib : 29.09.2024 17:14