NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Oftalmoloq-alim “Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü” mövzusunda elmi-praktik konfrans keçirilib

...

Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzində görkəmli oftalmoloq-alim “Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü” mövzusunda elmi-praktik konfrans keçirilib. 
Konfransı rektor Elbrus İsayev açıq elan edib. Rektor vurğulayıb ki, Zərifə xanım Əliyeva görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində Naxçıvanda dünyaya göz açıb və atasının ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım həm də Ümummilli Lider, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olub və bu status böyük bir məsuliyyət idi. Bu birlikdən, kökdən, şəcərədən gələn dəyərləri öz övladlarına ötürən Zərifə xanım  Prezident cənab İlham Əliyev kimi övlad yetişdirib. Rektor əlavə edib ki, Zərifə xanım millətini sevən ziyalı, gözəl ana kimi xüsusi iz qoyub və onun timsalında biz Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. Vurğulanıb ki, görkəmli oftalmoloq-alim Zərifə xanımın  həyatını və işlərini yad etmək, onun şəxsiyyətinin və elmi irsinin əhəmiyyətini xatırlamaq, gənc nəsillərə bu böyük alimdən örnək götürməyi təşviq etmək vacibdir. Çünki Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir, biz də ali təhsil müəssisəsi olaraq bu sahədə tədqiqatlar aparmağı özümüzə borc bilirik.  Eyni zamanda universitetdə Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi təsis edilib və Zərifə xanımın  xatirəsi hər zaman hörmətlə anılır.
Sonra plenar çıxışlar başlanıb. Universitetin Klinik fənlər və hərbi tibb kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “Zərifə xanım Əliyevanın həyat yolu”, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova “Zərifə xanım Əliyevanın elmi fəaliyyəti”, NDU Xəstəxanasının həkim-oftalmoloqu Aynur Rzayeva “Azərbaycan oftalmologiya elmində Zərifə Əliyeva məktəbi”, Tibb ixtisasının III kurs tələbəsi, Zərifə Əliyeva adına adlı təqaüdçü Püstəxanım Quliyeva “Zərifə xanım Əliyeva xatirələrdə” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki böyük xidmətləri haqqında məlumatları bölüşüb, elmi irsinin Azərbaycan xalqı və təhsil sistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonra  Akademik Zərifə xanım Əliyevaya  həsr olunan videoçarx nümayiş olunub. 
Daha sonra universitetdə yeni təsis olunmuş Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzinin elmi layihələrinin təqdimatı keçirilib.  Layihələrdə Təməl tibb fənləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Əzizə Hüseynovanın rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasında yetişdirilən kənd təsərrüfatı məhsullarının qida əlavələrinə yeni transformasiyası: innovativ yanaşmalar və perspektivlər”,  Klinik fənlər və Hərbi tibb kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayevin rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasında qan təzyiqi xəstəliklərinin səbəblərinə yönəlmiş tədqiqatlar”,  Təməl tibb fənləri kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Südabə Həsənovanın rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasında mədəni və yabanı taxıl bitkilərinin genofondunun mühafizəsi və biomüxtəlifliyinin tədqiqi”, Kimya kafedrasının baş müəllimi Sevinc Kərimovanın rəhbərlik etdiyi  “Naxçıvan Muxtar Respublikasında yetişən dərman bitkilərindən alınan təbii mənşəli, tibbi əhəmiyyətli sabunların kosmetik  tədqiqi” mövzuları üzrə layihələr konfrans iştirakçılarına təqdim edilib.
Sonda xatirə fotosu çəkilib.

Nəşr edilib : 25.04.2025 16:07