Türkiyə Prezidenti: Dünyaya yeni “körpülər” lazımd...
23:49 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXXVII Yüksəksəviyyəli Görüşü çərçivəsində “Bakıdan Belemə və Türkiyəyə: qlobal parçalanma dövründə iqlim əməkdaşlığının davam etdirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, müzakirələrdə Bakıdan başlayaraq Belem və Türkiyəyə uzanan iqlim gündəliyinin davamlılığı, geosiyasi parçalanma şəraitində əməkdaşlığın qorunması, adaptasiya, iqlim maliyyəsi, regional əməkdaşlıq və enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.
Moderatoru Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvilinin olduğu paneldə Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov, Böyük Britaniyanın sabiq dövlət naziri Kris Skidmor və digər ekspertlər iştirak ediblər.
Boris Tadiç Bakıda keçirilmiş iqlim konfransından sonra prosesin Braziliya və Türkiyədə davam etdirilməsinə diqqət çəkib.
“Qarşıda Türkiyədə yeni görüş var, bundan əvvəl Braziliya, ondan əvvəl isə Azərbaycan idi. İndi başa düşməliyik ki, iqlim dəyişikliyi sahəsində qlobal əməkdaşlıq yalnız mənəvi deyil, iqtisadi və təhlükəsizlik məsələsidir. Bu, praktiki həll yollarının tapılması və necə sağ qalacağımız məsələsidir”, - deyə o bildirib.
Tarya Halonen iqlim siyasətində torpaq, okeanlar və su ehtiyatlarının bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməsinin, elm, biznes və yerli icmalar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Eldor Aripov isə qlobal konsensusun çətinləşdiyi şəraitdə regional əməkdaşlığın əhəmiyyətinin artdığını bildirib. “İqlim maliyyəsi ortaq risklərin reallığını əks etdirməlidir. Buzlaq bir neçə ölkəni su ilə təmin edə, çay hövzəsi isə bir neçə sərhədi keçə bilər. Biz yalnız milli hissələri deyil, bütöv çay hövzəsinin dayanıqlılığını maliyyələşdirə bilməliyik”, - deyə o qeyd edib.
Kris Skidmor iqlim siyasətinin enerji təhlükəsizliyi və iqtisadi imkanlarla daha sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iqlim layihələrinin investisiya baxımından cəlbedici və iqtisadi cəhətdən səmərəli olduğunu göstərmək lazımdır.
Paneldə Bakıdan Belemə və Türkiyəyə uzanan prosesdə iqlim diplomatiyasının davam etdirilməsi və öhdəliklərin konkret layihə və investisiyalara çevrilməsi əsas məsələlərdən biri kimi qeyd olunub.
Digər xəbərlər