NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Novruz – milli birlik və mədəni irsin bayramı

...

Azərbaycan xalqı üçün Novruz bayramı təkcə təbiətin yenilənməsi, baharın gəlişi ilə əlaqədar bir mərasim deyil, eyni zamanda milli kimliyin, mədəniyyətin və tariximizin təntənəsi hesab olunur. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda Novruz bayramının qeyd edilməsi, bu bayramın mənəvi əhəmiyyətini bir daha artırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və xalqımızın arzularını reallaşdıraraq torpaqlarımızın azad olunmasına nail oldu. Bu zəfər nəticəsində xalqımız artıq öz dədə-baba yurdlarında, Qarabağ və Şərqi Zəngəzurda Novruzu qeyd edir.

Novruz bayramı təkcə Azərbaycan xalqının deyil, bütün türk və Şərq xalqlarının əziz tutduğu bir bayramdır. Qədim tarixi olan Novruz İslamdan əvvəlki dövrə təsadüf edir və zaman keçdikcə daha da inkişaf edərək milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib.

Sovet hakimiyyəti dövründə milli və dini bayramların qeyd olunmasına ciddi qadağalar tətbiq olunurdu. Novruz da bu məhdudiyyətlərdən kənarda qalmadı. Lakin bütün maneələrə baxmayaraq, xalqımız bu bayramı evlərində və gizli şəkildə yaşatmağı bacardı. SSRİ rəhbərliyi sonradan müəyyən milli bayramları ideoloji proqramlarına uyğunlaşdırmağa başladı. 1958-ci ildə Azərbaycanda Novruz bayramının qeyd olunması ilə bağlı ilk təşəbbüs çıxışları, 1967-ci ildə Bakı şəhərində ilk dəfə “Bahar bayramı” adı altında rəsmi şəkildə qeyd olunmasına icazə verildi.

1985-ci ildən etibarən Novruz bayramına münasibət dəyişdi. Sovet qəzetləri artıq martın 21-də Novruzdan  yazmağa başladı. Nəhayət, Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etməsindən sonra Novruz bayramı rəsmi dövlət bayramı elan edildi.

23 fevral 2010-cu ildə BMT Baş Assambleyası martın 21-ni rəsmi olaraq “Beynəlxalq Novruz Günü” elan edib. Bundan əlavə, UNESCO-nun 2016-cı ildə Əddis-Əbəbədə keçirilən iclasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi təşəbbüsünə qoşulub. Bu, Novruzun bəşəri əhəmiyyətini göstərən faktorlardan biridir.

Novruz bayramı Azərbaycan xalqının zəngin mədəniyyətini, milli irsini və dəyərlərini özündə əks etdirən unikal bir mərasimdir. Bu bayramın əsas mahiyyəti sülh, dostluq və insanları birləşdirən ünsürlər üzərində qurulub. Azərbaycan çoxmillətli və tolerant bir ölkə kimi Novruzu bütün etnik və dini icmalarla birlikdə qeyd edir. Novruz həm də xalqımızın ənənələrini yaşadan, onu gələcək nəsillərə ötürən mühüm bir vasitədir.Azərbaycanın hər bölgəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Novruz xüsusi coşqu ilə qeyd edilir. Naxçıvan şəhərində hər il mərt ayının sonuncu çərşənbəsindən başlanaraq Əcəmi seyrəngahının, Möminə xatın türbəsinin ətrafı və digər ərazilərdə  müxtəlif festival və şənliklər təşkil olunur, xalq oyunları, milli yeməklər və Novruzun rəmzi olan tonqalqalanma mərasimləri keçirilir. Bu, təkcə bayram sevinci deyil, həm də milli-mənəvi dəyərlərimizin qorunub saxlanması baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı. Xüsusilə 2020-ci ildə əldə olunan Qarabağ Zəfərindən sonra Novruz bayramı artıq yeni bir mərhələyə qədəm qoydu. İşğaldan azad edilmiş torpaqlarda ilk dəfə 2021-ci ildə rəsmi şəkildə Novruz tonqalı alovlandırıldı. Bu, təkcə bir bayram mərasimi deyil, həm də Azərbaycan xalqının öz torpaqlarına qayıdışının və dövlətçilik iradəsinin nümayişi idi.Prezident İlham Əliyev Şuşada və digər azad edilmiş bölgələrdə Novruz bayramı münasibətilə çıxış edərək bu günün xalqımız üçün tarixi əhəmiyyət daşıdığını vurğuladı. O, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini və xalqımızın doğma torpaqlarında öz ənənələrini yaşatmağa davam edəcəyini bildirdi.

Novruz bayramı Azərbaycan xalqının kimliyini, milli-mənəvi dəyərlərini və mədəni irsini özündə əks etdirən əvəzsiz bir bayramdır.

Prezident İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş torpaqlarda Novruz bayramının qeyd olunması, bu bayramın ruhunu və əhəmiyyətini daha da artırıb. Artıq Novruz təkcə baharın gəlişi deyil, həm də Vətən müharibəsində əldə edilən tarixi Qələbənin rəmzi kimi qəbul edilir. Azərbaycan xalqı öz adət-ənənələrinə sadiq qalaraq Novruzu daha böyük coşqu ilə qeyd etməyə davam edir.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 20.03.2025 12:30