Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev ...
16:39 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Naxçıvan Dövlət Universiteti beynəlxalq təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atmağa davam edir. Universitetdə fəaliyyət göstərən IELTS və SAT Qeydiyyat və İmtahan mərkəzləri tələbələrə, şagirdlərə, müəllimlərə və ümumilikdə region əhalisinə qlobal standartlara uyğun dil və akademik bacarıqlarını təsdiqləmək imkanı yaradır. Mərkəzlərdə keçirilən mütəmadi təlimlər və imtahanlar Naxçıvanı regional beynəlxalq imtahan mərkəzinə çevirib.
NDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə universitetdə beynəlxalq imtahan mərkəzlərinin fəaliyyətinin əhəmiyyətini belə qiymətləndirir: “IELTS və SAT kimi beynəlxalq imtahan mərkəzlərinin Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərməsi təkcə universitet üçün deyil, ümumilikdə, muxtar respublika və region üçün çox böyük əhəmiyyət daşıyır”.
Müsahibimizin sözlərinə görə, bu mərkəzlər region gənclərinə kənara getmədən beynəlxalq imtahanlarda iştirak etmək imkanı verir və xaricdə təhsil, mübadilə və təqaüd proqramlarına çıxışı xeyli asanlaşdırır.
Naxçıvan Dövlət Universitetində IELTS (International English Language Testing System) Mərkəzi 2022-ci ildən fəaliyyət göstərir və imtahanın bütün mərhələləri – sualların hazırlanması, keçirilməsi və qiymətləndirilməsi – British Council tərəfindən reallaşdırılır. Bu günədək mərkəzdə 250-dən artıq namizəd imtahanda iştirak edib.
İmtahan danışıq, yazı, dinləmə və oxu bacarıqları üzrə ayrıca mərhələlərdə keçirilir və hər iki modul yüksək standartlara uyğun təşkil olunur.
2023-cü ildə Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil məkanında bir ilkə imza atdı: SAT (Scholastic Assessment Test) Mərkəzi ABŞ-nin College Board təşkilatı tərəfindən rəsmi şəkildə qeydiyyata alınaraq məhz NDU-da fəaliyyətə başladı.
İELTS-dən fərqli olaraq SAT imtahanı daha çox riyaziyyat və akademik ingilis dili üzrə bacarıqları ölçür. Mərkəz qısa müddətdə həm məktəblilər, həm tələbələr, həm də müəllimlər üçün sərfəli və əlçatan beynəlxalq imtahan məkanı kimi tanınıb.
Hər iki mərkəz şagirdlərin və tələbələrin xaricdə ali təhsil üçün tələb olunan sertifikatları yerli şəraitdə əldə etməsinə, əlavə xərc və zaman itkisi olmadan imtahan verməsinə, hökumətlərarası təqaüd və mübadilə proqramlarında iştirak imkanlarının artmasına, ingilis dilində tədris olunan ixtisaslarda, o cümlədən gələcək ikili diplom proqramlarında tələbələrin daha rəqabətqabiliyyətli olmasına şərait yaradır.
IELTS iştirakçısı, NDU-nun İnformasiya təhlükəsizliyi ixtisası üzrə I kurs tələbəsi Əziz Babayev: “İngilis dili bizim ixtisasda əsasdır. Ona görə IELTS imtahanına hazırlaşmalı idim. Hazırlığımı da, imtahanımı da NDU-da etdim və 7 bal – C1 səviyyəsi topladım. British Council nümayəndələri və mərkəz heyəti imtahanı çox peşəkar şəkildə təşkil etmişdi. Özümü rahat və təhlükəsiz hiss etdim”.
SAT imtahan iştirakçısı, XI sinif şagirdi Yaqub Qənbərov: “Xaricdə ali təhsil almaq istəyirdim və SAT imtahanına hazırlaşdım. İmtahanı NDU-da verdim və 1600 mümkün baldan 1580 bal topladım. İmtahan yüksək səviyyədə təşkil olunmuşdu. Uzağa getmədən, əlavə xərc çəkmədən belə imkanı Naxçıvanda əldə etmək mənə böyük motivasiya verdi”.
Bu mərkəzlərin fəaliyyəti nəticəsində hər il yüzlərlə gənc xaricdə təhsil, beynəlxalq layihələrdə iştirak və qlobal əmək bazarına çıxış üçün zəruri sertifikatları elə Naxçıvanda əldə edir. Bu isə NDU-nu regionda beynəlmiləlləşmə və qlobal təhsil strategiyasının aparıcı ali məktəbinə çevirir.
Badəm ƏLİYEVA
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı
Digər xəbərlər