Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkə...
14:32 04.10.2026
0
0
0
Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr edilmiş “Bir musiqi – bir tarix” adlı tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Cavid Abbasovun rəhbərlik etdiyi “Birlik” Azərbaycan Gənclər Şurası tərəfindən təşkil olunan tədbirdə Şuranın üzvləri Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Eyni zamanda, dahi bəstəkara həsr olunmuş videoçarxlar nümayiş etdirilib. “Arşın mal alan” operettasının musiqiləri əsasında hazırlanmış rəqs nömrəsi təqdim olunub.
Sankt-Peterburq Konservatoriyasında magistr təhsili alan, festivallar laureatı Teymur Kazımov Üzeyir Hacıbəylinin “Sevgili canan” və Müslüm Maqomayevin “Azərbaycan” mahnılarını ifa edib.
Gecədə “Ocaq” Azərbaycan İncəsənət Mərkəzinin yaradıldığı elan olunub. Mərkəzin rəhbəri Cavid Abbasov qurumun məqsədi, fəaliyyət istiqamətləri, strukturu və gələcək planları barədə məlumat verib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Həsən Nəsirli çıxış edərək, tədbirin təşkilatçılarına və gənclərə təşəkkürünü bildirib, yeni yaradılmış “Ocaq” Azərbaycan İncəsənət Mərkəzinə uğurlar arzulayıb.
Tədbirdə Sankt-Peterburqda fəaliyyət göstərən təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
Digər xəbərlər