NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

NDU-da Azərbaycan Psixoloqlarının I Forumu keçirilib

...

Aprelin 25-də Naxçıvan  Dövlət Universitetinin təşkilatçılığı, Naxçvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Psixoloqlarının I Forumu keçirilib.
NDU-nun media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Şərq qapısı"na bildirilib ki,  açılış tədbirindən öncə forum iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Forumda təşkilatçı və dövlət qurumlarının rəhbər şəxsləri, Azərbaycanın müxtəlif elm təhsil müəssisələrindən iştirak edən mütəxəssislər, Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin psixoloqları, NDU Tibb fakültəsinin Psixologiya ixtisasında təhsil alan tələbələr, eyni zamanda Türkiyə Respublikasının bir neçə universitetindən gəlmiş qonaqlar iştirak ediblər.  
Naxçıvan Dövlət Universitetində keçirilən forumun açılış tədbirindən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, birincisi keçirilən forumun təşkilini yüksək qiymətləndirib. Bildirib ki, universitetdə müxtəlif sahələri əhatə edən ənənəvi forumlar elmin inkişafına mühüm töhfə verir və yeni istiqamətlərin formalaşmasına səbəb olur. “Əminik ki, bu forumdan əldə olunan nəticələr, çap olunacaq materiallar universitetin Psixologiya ixtisasında tədrisin keyfiyyətini daha da yüksəltməklə yanaşı, ümumilikdə, ölkədə bu sahənin inkişafına dəstək olacaq” , - deyə rektor əlavə edib. Elbrus İsayev, həmçinin yaxın gələcəkdə universitetdə Psixologiya Mərkəzinin yaradılması ilə bağlı mühüm işlərin həyata keçirildiyini qeyd edib. 
Daha sonra plenar çıxışlar başlanıb və məruzələr dinlənilib.
Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov muxtar respublikada məktəb psixoloqlarının fəaliyyəti, onların peşə bacarıqlarının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Gənc nəslin yetişməsində mühüm məsuliyyət daşıyan məktəb psixoloqlarının belə tədbirlərdə iştirakının önəminə diqqət çəkib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, psixologiya elmləri doktoru, professor Qızxanım Qəhrəmanova, Türkiyənin Malatya Turqut Özal Universitetinin rektor köməkçisi, professor İlhan Erdem, Yıldız Texnik Universitetin rektor müşaviri, professor Mehmet Engin Deniz məruzələrlə çıxış ediblər. Eyni zamanda  Azərbaycan Respublikası Təhsil İnstitutunun  Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru, dosent Elxan Bəylərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev və Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev psixologiyada müasir yanaşmalara və yeni çağırışlara toxunaraq aktual məsələlərə dair başlıqlarda məruzələr təqdim ediblər.
Sonra plenar məruzəçilərə universitet rektoru tərəfindən təşəkkürnamələr verilib. 
Forumun rəsmi hissəsi başa çatdıqdan sonra universitetin Xalq Çalğı Alətləri Orkestrinin ifasında konsert proqramı təqdim edilib. 
Sonda xatirə fotosu çəkilib. Forum öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında, ümumilikdə, 7 istiqamətdə müzakirələr aparılıb. 21 təşkilatın 137 nəfər tədqiqatçısı tərəfindən təqdim olunan 125 tədqiqat üzrə məruzələr 3 salonda dinlənilib.
Qeyd edək ki, forum çərçivəsində aprelin 26-da xüsusilə təlim və vörkşoplar təşkil olunacaq. Təcrübəli mütəxəssislərin təqdimatında 8 mövzuda 8 zalda keçiriləcək təlim və vörkşoplarda aktual məsələlər ətrafında müasir praktik yanaşmaların və tətbiqlərin paylaşılması təmin ediləcək. Eyni zamanda Naxçıvan MR-in bütün ümumtəhsil məktəblərinin psixoloqları, NDU Tibb fakültəsinin Psixologiya ixtisasında təhsil alan tələbələri, NDU-dan və müxtəlif universitetlərdən qatılan mütəxəssislər iştirak edəcək.

Nəşr edilib : 25.04.2025 22:01