Azərbaycan Respublikası Prezidentinin Fərmanı
15:34 15.01.2026
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2026, Cümə axşamı
Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin 10 komandasından 3 komanda (dron, CNC lazer kəsim və mühəndislik kateqoriyası) I yerin, 1 komanda (robot qayıq yarışları üzrə) II yerin, 4 komanda (xətt izləyən robot, robokids katoqoriyası üzrə) III yerin olmaqla, ümumilikdə, 8 komanda qalib olub. Bizdə qalib komandanın üzvləri ilə redaksiyamızda görüşüb həmsöhbət olduq.
STEAM Mərkəzinin pilotsuz uçuş texnologiyaları və kodlaşdırma dərnəyində təhsil alan Uğur Quluzadə deyir ki, dərnəkdə göstərdiyi uğurlu nəticələr müəllimlərinin diqqətini çəkdiyi üçün müxtəlif tədbirlərə seçilib: “SAF24 elan olunandan sonra “Griffin” komandası olaraq yarışa qatılmağa qərar verdik. Gecəmizi gündüzümüzə qataraq çox intensiv şəkildə hazırlaşdıq və birinci yerə layiq görüldük. Bu il təşkil olunan SAF25 festivalında da uğurumuzu təkrarlamaq istəyirdik”.
O deyir ki, yarışdan əvvəl dronun dizaynı və test uçuşları zamanı bir sıra texniki çatışmazlıqlar üzə çıxıb: “Lakin buna baxmayaraq, yarışa 3 gün qalmış bütün əksiklikləri aradan qaldırdıq və dron tam hazır vəziyyətə gətirildi. Komanda yoldaşlarımızla birlikdə Bakı şəhərinə yollandıq. Ardıcıl ikinci dəfə birinciliyi qazanmaq bizi çox sevindirdi. Naxçıvana qayıtdığımız zaman hava limanında valideynlərimiz bizi təntənəli şəkildə qarşıladı. Mənə dəstək olan valideynimə və Kazım müəllimə xüsusi təşəkkürümü bildirirəm”.
“Flytech” kateqoriyasında birinci yerin sahibi olan “Phoenix” komandasının üzvü Onur Abdullayev dostunun fikirlərinə qoşularaq əlavə edir ki, yarışa hazırlıq iki ay əvvəl başlayıb və bu müddət kifayət qədər çətin olub: “Hazırlıq prosesində çox sayda texniki problemlərlə üzləşirdik. Bəzən gecə saatlarına qədər mentorumuz Kazım müəllimlə birlikdə işləməli olurduq. Yarış zamanı da çətinliklər oldu, amma biz hər problemi komanda halında həll etdik. Əzmkarlığımız, fədakarlığımız və birlikdə çalışmağımız sayəsində birinci yerə layiq görüldük. Bizə yarış müddətində göstərdiyi dəstəyə görə müəllimlərimizə dərin minnətdarlığımızı bildiririk”.
Fuad Ramazanlı isə əlavə edir ki, məsuliyyətli və texniki cəhətdən mürəkkəb tapşırıqlar çox diqqət və hazırlıq tələb edib. “Biz yarışa qatılmaq üçün müxtəlif seçim mərhələlərindən keçdik. İkinci final mərhələsinə ən yüksək balla vəsiqə qazandıq və rezinlə hərəkət edən avtomobil modelinin hazırlanması tapşırığını uğurla yerinə yetirdik”. O bildirir ki, günlərlə çəkən çizimlər, modelləşdirmə və çap prosesləri komandanın həm bilik, həm də bacarıqlarını sınayıb. Bütün bunların sonunda qazandıqları uğur onları daha da ruhlandırıb.
Qeyd edək ki, təşkil olunan festivalda iştirak və qalibiyyət göstəricilərinə əsasən Naxçıvan məktəbliləri bu il SAF2025 çərçivəsində son 5 ilin ən böyük uğuruna imza atıblar.
Bülbül Rövşənqızı
Digər xəbərlər