NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanlı olimpiadaçılar: “Qalibiyyətimizin sirri komanda formasında çalışmaq oldu”

...

Bakı şəhərində yeniyetmə və gənclər arasında keçirilən VII Robot Olimpiadasına yekun vurulub. Olimpiadada naxçıvanlı şagirdlərdən ibarət “ROGER” komandası da iştirak edib və RoboSports kateqoriyası üzrə 3-cü olublar. Komandanın üzvləri Tayfun İmanlı və Məhəmmədəli Məmmədov olimpiada barədə təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.

Müsahiblərimiz deyir ki, onların bu sahəyə marağı kiçik yaşlarından başlayıb. STEAM mərkəzinə qatıldıqdan sonra öz üzərlərində çalışıb özlərini bu istiqamətdə təkmilləşdiriblər: “Sosial şəbəkələrdə Dünya Robot Olimpiadasının keçiriləcəyi haqqında xəbər öyrəndikdən sonra müəllimlərimizə müraciət etdik . Onlar da öz növbələrində bizi qeydiyyatdan keçirdilər. Bu müddət ərzində əllərindən gələn dəstəyi göstərdilər və bizi yarışa daha yaxşı hazırlaşdırmaq üçün hər zaman dəstək oldular. Olimpiadadan əvvəl komanda yoldaşım ilə birlikdə robotları qurmağa başladıq. İlk olaraq bu işin mühəndislik tərəfini həll etdik. Yarış 3 gün davam etdi: ilk günü test yarışı idi, biz komanda olaraq birlikdə robotumuza yazdığımız kodu yoxladıq və robotda olan 1-2 xətanı həll etdik. Yarışın 2-ci günü rəqib komandalar arasında daha çox rəqabət var idi”.

“ROGER” komandasının üzvləri qeyd edir ki, bu dövr ərzində müəllimlərin dəstəyi xüsusilə çox olub: “Təkcə biz yox, yoldaşlarımızdan daha 2 komanda bu yarışda iştirak etmək hüququ qazanmışdılar. Biz komanda olaraq bu mərhələyə keçdiyimiz üçün həyəcanlı idik. Yarış müddəti çox əyləncəli keçdi. Bununla yanaşı, bu sahə üzrə müxtəlif təcrübələr əldə etdik. 3-cü yerin qalibi olmaq bizləri sevindirdi. Gələcəkdəki məqsədimiz isə digər yarışlara qatılıb Naxçıvanı layiqincə təmsil etməkdir. Bundan sonrakı mərhələlərdə əzm və iradə ilə çalışacağıq”.

Olimpiadada  uğur qazanan şagirdlərimiz deyir ki, qalib olmağın sirri komanda olaraq çalışmaqdır: “Bir-birimizi hər mərhələdə daim dəstəklədik və bu da qalib olmaq üçün bizdə əlavə motivasiya yaratdı. Nəticədə, biz naxçıvanlı şagirdlər VII Robot Olimpiadasının qaliblərindən biri olduq”.

Biz də gəncləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bülbül QULİYEVA

Nəşr edilib : 24.09.2024 15:07