NAXÇIVAN :

09 Iyul 2026, Cümə axşamı

Berlində Bakı Prosesi və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı təqdimat olub

...

Bu ilin oktyabrında Bakıda təşkil olunacaq VII Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar Almaniya ictimaiyyətini və media mühitini məlumatlandırmaq məqsədilə Azərbaycanın Almaniyadakı səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təqdimat keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Almaniyanın bir sıra media qurumlarının nümayəndələrinin iştirak etdikləri tədbirə tanınmış jurnalist Evald Köniq moderatorluq edib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək ölkəmizin əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində birgə yaşadığı unikal multikulturalizm modeli olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın bu zəngin daxili təcrübəsini qlobal müstəviyə daşıyaraq, sivilizasiyalararası dialoqa xidmət edən və beynəlxalq səviyyədə yüksək qiymətləndirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi nüfuzlu təşəbbüslərin müəllifi olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, qlobal geosiyasi gərginliklərin artdığı müasir dövrdə Bakıda təşkil olunan bu forumlar fərqli mədəniyyətləri vahid platformada birləşdirməklə dünyada sülh, barışıq və anlaşma mühitinə əvəzolunmaz töhfələr verir. Çıxışda, həmçinin Azərbaycanda dərin tarixi köklərə malik olan alman mədəni irsinin və alman izinin bu gün də dövlət səviyyəsində böyük diqqətlə qorunduğu, bunun ölkəmizin mədəni müxtəlifliyinin və Avropa ilə qurulan güclü mədəniyyətlərarası körpülərin bariz nümunəsi olduğu xüsusi qeyd edilib.
Sonra Bakı Prosesi - Mədəniyyətlərarası Dialoq Forumu haqqında film nümayiş olunub.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İsa Məmmədov Bakı Prosesi və oktyabrda keçiriləcək VII Mədəniyyətlərarası Dialoq Forumu barədə geniş təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, 2008-ci ildə əsası qoyulan Bakı Prosesi mədəniyyətlərarası dialoqu gücləndirən nüfuzlu qlobal platformaya çevrilib. Bu prosesin əsas tədbiri - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ildən etibarən hər iki ildən bir Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq tərəfdaşlarla birgə əməkdaşlıq şəraitində keçirilir. İndiyədək təşkil olunmuş 6 forum çərçivəsində 180 ölkədən 10 mindən çox iştirakçı bir araya gəlib.
Almaniya Müsəlmanları Mərkəzi Şurasının sabiq sədri Ayman Mazyek çıxışında Azərbaycandakı tolerantlıq mühitinin həyat tərzi olduğunu xüsusi vurğulayaraq, bu modelin qlobal münaqişələr fonunda bütün dünya üçün möhtəşəm nümunə olduğunu bildirib. A.Mazyek belə bir çətin dövrdə Bakıda yüksəksəviyyəli Mədəniyyətlərarası Dialoq Forumunun təşkilini sülh naminə atılmış mühüm beynəlxalq uğur və gələcəyin müharibələrdə deyil, məhz dialoqda olduğunu göstərən aydın mesaj olduğunu qeyd edib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Nəşr edilib : 09.07.2026 21:05