Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla ...
17:48 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
Naxçıvanın yerin təkində gizlənən zəngin sərvətləri bu gün müasir elmi yanaşmalar və texnologiyalar əsasında araşdırılır. Filiz və qeyri-filiz faydalı qazıntıları ilə zəngin olan muxtar respublikada yeni yataqların axtarışı, mövcud ehtiyatların dəqiq qiymətləndirilməsi və iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində işlər genişləndirilir. Bu istiqamətlər “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı”nda da əsas hədəflər sırasında müəyyənləşdirilib.
Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələr Naxçıvanın mineral xammal potensialının daha sistemli şəkildə öyrənilməsinə, perspektivli yataqların müəyyənləşdirilməsinə və onların iqtisadi dövriyyəyə cəlb olunmasına yeni imkanlar yaradır. Hazırda bu istiqamətdə aparılan işlərin ünvanlarından biri də Babək rayonunun Xalxal sahəsidir. Burada qara, əlvan və nəcib metalların axtarış-qiymətləndirmə işləri aparılır. Ərazidə həyata keçirilən kernli buruq qazma işləri vasitəsilə filiz cisminin daha dərin qatlarının öyrənilməsi, mineral ehtiyatların tərkibinin müəyyənləşdirilməsi və sahənin perspektivliyinin qiymətləndirilməsi qarşıya məqsəd qoyulub.
Xalxal sahəsində, əsasən, mis, eləcə də yanaşı elementlər kimi qızıl və digər metalların qiymətləndirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində axtarış marşrutları və yerüstü dağ qazmaları artıq tam həcmdə yerinə yetirilib. Hazırda isə sahənin daha dərin qatlarının öyrənilməsi məqsədilə buruq qazma işləri davam etdirilir.
Naxçıvanda yeraltı sərvətlər barədə vahid məlumat bazası yaradılacaq
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini İlkin Tahirov “Şərq qapısı”na müsahibəsində bildirib ki, Dövlət Proqramı çərçivəsində muxtar respublikanın mineral xammal ehtiyatlarının müasir üsullarla öyrənilməsi və qiymətləndirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, proqram çərçivəsində muxtar respublika ərazisində mövcud ehtiyatların hesablanması, faydalı qazıntı yataqlarının və perspektivli sahələrin müasir geoloji, geokimyəvi, geofiziki və rəqəmsal texnologiyalar vasitəsilə öyrənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Eyni zamanda yataqlar barədə məlumatların vahid və sistemli məlumat bazasında formalaşdırılması da nəzərdə tutulur.
Əldə olunacaq məlumatlar əsasında mineral xammal ehtiyatlarının, eləcə də gələcəkdə öyrəniləcək yataqların resurslarının daha dəqiq qiymətləndirilməsi mümkün olacaq. Bu isə perspektivli yataqların iqtisadi dövriyyəyə cəlb olunmasına, hasilatdan emala qədər bütün mərhələləri əhatə edən sənaye zəncirinin formalaşdırılmasına zəmin yaradacaq.
İlkin Tahirovun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da mineral xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər öz əksini tapıb: “Bu istiqamətlərdən biri filiz və qeyri-filiz yataqlarının beynəlxalq qiymətləndiricilərin iştirakı ilə qiymətləndirilməsi və investisiya üçün açılmasıdır. Bu məqsədlə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında müqavilə imzalanıb. Müqavilə çərçivəsində Parağaçay molibden, Qapıcıq molibden və Gümüşlü yataqlarında geoloji tədqiqat işlərinə başlanılıb. Ümumilikdə, layihə üzrə 3 min 800 paqometr həcmində buruq qazma işləri aparılıb, 4 mindən çox sınaqlaşdırma həyata keçirilib. Buraya şırım, geokimyəvi və kern sınaqlaşdırmaları, eləcə də digər kompleks geoloji tədqiqat işləri daxildir.
Aparılmış işlərin nəticələri əsasında yekun hesabatlar hazırlanıb. Qiymətləndirmənin nəticələrinə əsasən hər üç yatağın perspektivli olduğu müəyyənləşdirilib. Növbəti mərhələdə daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması və yataqlardakı resursların tam və dəqiq hesablanması məqsədəuyğun hesab olunur”.
“Orta Kənd” qızıl yatağının iqtisadi potensialı
Dövlət Proqramında nəzərdə tutulan digər mühüm istiqamət qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi ilə bağlıdır. İlkin Tahirovun sözlərinə görə, bununla əlaqədar 2023-2024-cü illərdə Ordubad rayonunun Nəsirvaz-Ağdərə sahəsində kompleks geoloji tədqiqat işləri aparılıb. Burada buruq quyuları, yerüstü dağ qazmaları və kompleks sınaqlaşdırma işləri həyata keçirilib, nəticədə, ərazidə geoloji tədqiqatlar yekunlaşdırılıb. 2025-2026-cı illərdə isə həmin istiqamət üzrə Babək rayonunun Xalxal sahəsində qara, əlvan və nəcib metalların geoloji qiymətləndirilməsinə başlanılıb. Hazırda burada yerüstü dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir.
“Muxtar respublikada son dövrlərdə kəşf olunmuş və ehtiyatları hesablanmış mühüm yataqlardan biri də “Orta Kənd” qızıl yatağıdır. “AzərGold” QSC tərəfindən yataqda kompleks geoloji-kəşfiyyat işləri aparılıb. Hesablanmış ehtiyatlar yatağın iqtisadi baxımdan səmərəli və əlverişli olduğunu göstərir. Belə ki, yataqda 246 min unsiya çıxarıla bilən qızıl ehtiyatının olduğu hesablanıb. Ümumi layihənin iqtisadi dəyəri isə 1,8 milyard manat həcmində qiymətləndirilib. “Naxçıvanın zəngin təbii sərvətləri sırasında filiz və qeyri-filiz faydalı qazıntılar xüsusi yer tutur”, – deyə İlkin Tahirov əlavə edib.
Naxçıvanın mineral xammal potensialının öyrənilməsi yalnız yeni yataqların aşkar edilməsi baxımından deyil, həm də mövcud ehtiyatların iqtisadi dəyərinin müəyyənləşdirilməsi və sənaye dövriyyəsinə cəlb olunması baxımından əhəmiyyətlidir. Bu baxımdan, Dövlət Proqramının qarşıdakı illərdə geoloji-kəşfiyyat işlərinə yeni impuls verməsi gözlənilir.
Müasir texnologiyaların tətbiqi, yeni elmi yanaşmaların və innovativ axtarış metodlarının genişləndirilməsi Naxçıvanın mineral xammal potensialının daha dərindən öyrənilməsinə imkan verəcək. Eyni zamanda ehtiyatların dəqiq qiymətləndirilməsi onların səmərəli istifadəsi və investisiya imkanlarının müəyyənləşdirilməsi üçün mühüm baza formalaşdıracaq. Bu proses təkcə yeraltı sərvətlərin üzə çıxarılması ilə məhdudlaşmayacaq. Perspektivli yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi regionda dağ-mədən sənayesinin müasir tələblər əsasında inkişafına, yeni istehsal sahələrinin yaradılmasına və mineral xammalın hasilatından emalına qədər vahid sənaye zəncirinin formalaşmasına şərait yarada bilər. Beləliklə, Naxçıvanın yeraltı sərvətlərinin sistemli şəkildə öyrənilməsi və səmərəli istifadəsi qarşıdakı illərdə muxtar respublikanın sənaye potensialının genişləndirilməsi üçün yeni imkanlar yarada bilər.
Nail ƏSGƏROV
Digər xəbərlər