Nazirlik: Son aylarda daha 20-dək qazi əvvəlki sağ...
17:44 21.08.2026
0
0
0
NAXÇIVAN :
21 Avqust 2026, Cümə
Prezident cənab İlham Əliyevin Naxçıvanın hərtərəfli inkişafı üçün verdiyi məqsədyönlü qərarlar bu qədim Azərbaycan torpağının tarixində yeni inkişaf mərhələsinin formalaşmasına imkan yaradıb. Dövlət başçısının Naxçıvana son səfəri də zaman və məkan baxımından bu inkişafın mühüm istiqamətlərini müəyyənləşdirən hadisə oldu. Cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirən mühüm mesajlar verdi. Burada xüsusilə son günlərdə qəbul edilmiş sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında əlavə tədbirlər və proqramlarda nəqliyyat-logistika, enerji infrastrukturu, aqrosənaye, turizm və “yaşıl Naxçıvan” istiqamətləri xüsusi yer tutur.
Hazırda Naxçıvan regionunun iqtisadi inkişafının dayanıqlılığının təmin edilməsində xüsusi iqtisadi rejim, investisiya stimulları, sənaye istehsalı və logistika infrastrukturunun formalaşdırılması mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı getdikcə daha çox tranzit iqtisadiyyatı xüsusiyyətləri qazanır. Regionun əsrlərboyu Türk dünyası arasında quru nəqliyyat əlaqələrinin kəsişməsində yerləşməsi bu baxımdan mühüm üstünlükdür. Bu üstünlük Naxçıvanın coğrafi mövqeyinin iqtisadi potensiala çevirilməsi üçün yeni imkanlar yaradır.
Rəqəmlər də bu dinamikanı təsdiqləyir. 2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25 milyon 725 min manat dəyərində ÜDM istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın real ifadədə 3,1 faiz böyüdüyünü göstərir. Əhalinin rifah halının mühüm göstəricilərindən olan adambaşına düşən ÜDM-in həcmi isə 2,8 faiz artaraq 2169,6 manata yüksəlib. Yanvar-iyul aylarında Naxçıvanda 322 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən illə müqayisədə 3,1 faizlik artım deməkdir. Sənaye istehsalının 83,2 faizinin emal sənayesi təşkil etməsi xüsusi diqqət çəkir. Bu göstərici yerli xammalın son məhsula çevrilməsi və əlavə dəyərin region daxilində yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Elektrik enerjisi, qaz və buxar istehsalının 15 faizlik payı da sənayenin dayanıqlı fəaliyyətində enerji təminatının rolunu göstərir.
Əsas kapitala investisiyalar üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunur. Region iqtisadiyyatına 156,7 milyon manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,9 faizlik artımdır. İnvestisiyaların 48,9 faizinin birbaşa yeni istehsal müəssisələrinin yaradılmasına və mövcud texnologiyaların yenilənməsinə yönəldilməsi iqtisadiyyatın gələcək inkişafı baxımından müsbət tendensiyadır. Bununla belə investisiyaların strukturunda nəqliyyat və logistika sektorunun payının hələ də nisbətən kiçik olması gələcək inkişaf üçün böyük ehtiyatların mövcudluğundan xəbər verir. Naxçıvanın tranzit imkanlarının genişləndirilməsi və regionun mühüm logistika qovşağına çevrilməsi bu istiqamətdə investisiya siyasətinin əsas prioritetlərindən biri ola bilər.
Naxçıvanın sosial-iqtisadi inkişafının yeni mərhələsində Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ayrılan 258 milyon manat vəsaitin mühüm hissəsinin yüksək inventisiya tutumlu layihələrə yönəldilməsi istehsal güclərinin artırılmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu proses, eyni zamanda ÜDM-in strukturunda kapital yönümlü sahələrin payının artmasına da təsir göstərə bilər.
Dövlət başçısı tərəfindən təməli atılan Sənaye Parkının sürətlə tikintisinə başlanılması Naxçıvanın iqtisadi inkişafında yeni mərhələnin mühüm göstəricilərindən biridir. Sənaye Parkı sosial-iqtisadi inkişafın daha geniş struktur iqtisadiyyat yaradan hissəsidir. Müəssisələrin bir ərazidə cəmləşməsi istehsal və logistika xərclərinin optimallaşdırılmasına, istehsal zəncirinin daha səmərəli qurulmasına və yeni investisiyaların cəlb edilməsinə imkan yaradır. Bu, Naxçıvanda kiçik bazar problemini qismən kompensasiya edə bilər.
Sənaye Parkının ən mühüm istiqamətlərindən biri burada aqroemal müəssisələrinin yerləşməsidir. Naxçıvanın region olaraq daxili bazarı məhduddur. Buna görə parkın yalnız yerli istehlaka hesablanması məqsədəuyğun olmaz. Kənd təsərrüfatı məhsulunun əsas əlavə dəyəri məhz Sənaye Parkında formalaşmalıdır. İxrac hədəfləri kimi isə Naxçıvanda istehsal olunmuş məhsulların Türkiyə, İran, Mərkəzi Asiya istiqamətində çıxışına nail olunmalıdır. Parkda Naxçıvanda və Azərbaycanın digər bölgələrində idxal olunan məhsulların bir hissəsinin istehsalına şərait yaradıla bilər. Bu zaman idxal azalır, yerli istehsal artır, pul vəsaitlərinin regionda qalma imkanı artır.
Xüsusilə Naxçıvandakı Sənaye Parkının Türkiyə ilə birgə istehsal platformasına çevrilə bilər. Türkiyə şirkətləri ilə kapital və texnologiya mübadiləsinin genişləndirilməsi Naxçıvanda müasir istehsal mədəniyyətinin formalaşmasına, yerli mütəxəssislərin yeni texnologiyalara çıxışının genişlənməsinə və istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxarılmasına imkan verə bilər.
Sənaye Parkını enerji siyasətindən ayrı düşünmək olmaz. Naxçıvanın günəş enerjisi potensialından istifadə etməklə sənaye zonalarının enerji təminatında bərpa olunan enerjinin payını artırmaq olar. Uzunmüddətli perspektivdə günəş enerjisindən ucuz elektrik almaqla Sənaye Parkında yaşıl məhsulların istehsalını və ixracını artırmaq olar. Çünki bərpa olunan enerji Naxçıvanda “yaşıl Sənaye Parkı” konsepsiyasının gələcəkdə tətbiqinə imkan yarada bilər.
Ən mühüm məsələ isə parkda yerləşən zavodlarda yaranacaq iş yerləri ilə bağlıdır. İstehsaldan ixraca gedən 8 pilləli logistika zəncirinin formalaşması burada birbaşa məşğulluqla yanaşı, dolayı məşğulluğa da böyük təsir göstərəcəkdir. Bunun təsiri nəticəsində regionda kiçik ailə sexlərinin qurulması, turizmin canlandırılması, sahibkarlara “yaşıl işıq”, qısamüddətli və zəmanətli peşə təhsili, rəqəmsal mərkəzlərin qurulması ilə onlayn platformalar vasitəsilə gənclərin dünya maliyyə bazarlarına çıxışı təmin edilməlidir. Bu da gənclərin kənara getmədən Naxçıvanda qalması baxımından çox önəmlidir.
Sənaye Parkının tikilməsinin iqtisadi faydası burada hansı müəssisələrin yerləşməsindən birbaşa asılıdır. Əgər parkda, əsasən, daxili bazara işləyən və az gəlir qazanan müəssisələr yerləşsə, iqtisadi effekt də məhdud olacaq. Sənaye Parkında prioritet sahələr aqroemal, qida sektoru, tekstil, kiçik kənd təsərrüfatı texnikaları, elektrik və elektron avadanlıqların bəzi komponentləri və “yaşıl enerji” avadanlıqları istehsalı, anbar xidmətləri və logistika zənciri olmalıdır. Əsas məqsəd xammalın deyil, yüksək əlavə dəyər yaradan hazır məhsulların ixrac edilməsidir. Naxçıvan brend strategiyası ilə elektron ticarət platformalarının inkişafının paralel aparılması da bu prosesə əlavə imkanlar verə bilər. Beləliklə, region yalnız öz emal sənayesi ilə daxili bazarı qoruyan güclü bir istehsal qalasına çevrilməklə ixracı stimullaşdıracaqdır.
Naxçıvanın yeni iqtisadi potensialının əsas üstünlüyü də məhz buradadır: coğrafi mövqeyi, sənaye infrastrukturu, investisiya imkanları, bərpa olunan enerji potensialı, Türkiyə ilə iqtisadi əlaqələr və insan kapitalı vahid inkişaf modelində birləşdirilə bilər. Bu modelin uğuru isə istehsalın həcmi ilə yanaşı, yaradılan əlavə dəyərin, ixracın və regionda formalaşan yeni iqtisadi imkanların miqyası ilə ölçüləcək.
Turqan BABAYEV
Naxçıvan Dövlət Universietinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru
Digər xəbərlər