NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Naxçıvanın xanım atletləri ölkə çempionatında yeni uğurlar qazanıb

...

Cəlilabad rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını Ordubad komandasından 6 idmançı təmsil edib. Komanda üzvləri 1-i qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla, ümumilikdə, 4 medal qazanıblar.  Nəticələr baxımından daha bir sevindirici məqam komandadakı qızların ilk medal sevinci yaşaması olub. Belə ki, Aysel Hüseynova 1 kilometr məsafədə gümüş, Aylin Bədəlli isə 2 kilometr məsafədə bürünc medal qazanmağa müvəffəq olublar. Bizdə həmin qızlarla redaksiyamızda görüşüb həmsöhbət olduq.

Birkilometr məsafədə II yerin qalibi olan Aysel Hüseynova deyir ki, bu mənim ilk böyük yarış təcrübəm idi. Açığı, həm çox həyəcanlı, həm də məsuliyyətli bir an idi. Hər bir idmançının arzusu kimi mənim də məqsədim Naxçıvanı layiqincə təmsil etmək idi. Yarış çox gərgin və rəqabətli keçdi, amma sona qədər mübarizə aparmaq, meydanda gücümü göstərmək mənə böyük motivasiya verdi.

Qürur hissi ilə deyə bilərəm ki, biz klub olaraq Naxçıvan Muxtar Respublikasını təmsil edərək bu medalı qazandıq. Bu bütün komanda yoldaşlarımın zəhmətinin nəticəsidir. Hər addımda düşünürdüm ki, bu qələbə Naxçıvanın adını ucaldacaq. İkikilometr məsafədə III yerin qalibi Aylin Bədəlli bildirdi ki, yarışda güclü rəqiblər arasında mübarizə aparmaq çox maraqlı idi. Mənim üçün əsas məqsəd sona qədər dözmək və bütün gücümü göstərmək idi.

Bu medalı qazanmaq bizim üçün həm də böyük məsuliyyət oldu.  Çalışacağıq ki, bundan sonra bizə olan etimadı doğruldaq. Baş məşqçimizədə bizə verdiyi dəstək üçün təşəkkür edirik.

Qeyd edək ki, təmsilçilərimizdən ən yüksək nəticə Namiq Babayevə məxsusdur. O, 2 kilometr məsafədə bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb və qızıl medalın sahibi olub. Komandası ilə məşqçi və idmançı qismində yarışda iştirak edən təcrübəli atlet Əmrah Nağıyev isə 10 kilometr məsafə üzrə gümüş medalçı olub. 

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 31.10.2025 14:37