Azərbaycanın xarici işlər nazirinin müaviniABŞ-nin...
19:23 08.09.2026
0
0
0
NAXÇIVAN :
08 Sentyabr 2026, Çərşənbə axşamı
Türk dünyasının qədim yaddaşına diqqətlə qulaq asanda əsrlərin o tayından gələn bir səs eşidilir. Bu yalnız musiqi səsi deyil, bir xalqın tarixini, sevincini, kədərini, qəhrəmanlığını və mənəvi dünyasını yaşadan səsdir. Qədim oğuz yurdlarında bu səsin ən mühüm daşıyıcılarından biri qopuz olmuşdur. Ozanın barmaqları qopuzun tellərinə toxunduqca yalnız musiqi səslənmir, elin yaddaşı dil açır, keçmişlə gələcək arasında görünməz bir körpü yaranırdı.
Bu baxımdan, “Kitabi-Dədə Qorqud” dastanı türk xalqlarının çoxəsrlik mədəni irsinin öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Dastan yalnız ədəbi və tarixi abidə deyil, qədim oğuz cəmiyyətinin dünyagörüşünü, sosial münasibətlərini, mərasimlərini, mənəvi dəyərlərini və musiqi mühitini əks etdirən qiymətli mənbədir. Burada Dədə Qorqud obrazının qopuzla ayrılmaz şəkildə təqdim olunması qədim türk cəmiyyətində musiqinin və sözün mövqeyini aydın göstərir.
Dədə Qorqud qopuzunu yalnız musiqi aləti kimi daşımırdı. O, qopuzun səsində sözün hikmətini, xalqın yaddaşını və zamanın izlərini yaşadırdı. Qəhrəmanları tərif edir, hadisələri nəql edir, nəsihətlər verir, elin mühüm məqamlarında söz və musiqini bir araya gətirirdi. Beləliklə, ozan həm sənətkar, həm tarixçi, həm də mənəvi yaddaşın qoruyucusu kimi çıxış edirdi.
Bu ənənə əsrlər boyunca müxtəlif tarixi və ictimai dəyişikliklərə məruz qalsa da, öz mahiyyətini qoruyaraq yeni formalar qazanmışdır. Qopuzun səsi zaman keçdikcə sazın tellərində davam etmiş, ozanlıq ənənəsi aşıq sənətində yeni bədii-estetik məzmun qazanmışdır. Bu baxımdan, Dədə Qorquddan müasir aşığa qədər uzanan xətt yalnız musiqi alətinin və ifaçılıq formasının tarixi deyil, türk xalqlarının ortaq mənəvi yaddaşının davamlılığını ifadə edən böyük mədəni yoldur.
Qədim oğuz elində sözün də, səsin də öz məqamı vardı. Toyda, şənlikdə, savaşdan əvvəl və qələbədən sonra, yasda və məclisdə musiqi insan həyatının ayrılmaz hissəsi idi. Bu mühitdə qopuz, sadəcə, simli musiqi aləti deyil, üç mühüm ünsürü – söz, musiqi və yaddaşı birləşdirən sənət simvolu kimi çıxış edirdi.
Dədə Qorqud dastanlarının coğrafiyasına nəzər saldıqda Azərbaycan əraziləri ilə bağlı bir sıra məkan və hadisələrin xüsusi yer tutduğu görünür. Bərdə, Gəncə, Dərbənd, Qarabağ, Göyçə və digər ərazilərlə bağlı məlumatlar oğuzların Azərbaycan coğrafiyasındakı tarixi-mədəni varlığının araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu coğrafiyanın hər qarışında əsrlərin yaddaşı yaşayır. Qədim oğuz mədəniyyətinin mühüm bölgələrindən biri olan Naxçıvan da bu tarixi-mədəni sistemin ayrılmaz hissəsidir.
Naxçıvanın dağlarına, qədim yaşayış məskənlərinə və el yaddaşında qorunan rəvayətlərə diqqətlə qulaq asdıqda burada sazın səsindən daha qədim bir yaddaşın izlərini duymaq mümkündür. Bu torpağın folklorunda, dastanlarında, aşıq havalarında və xalq musiqisində əsrlərdən gələn oğuz nəfəsi yaşayır.
Naxçıvan bölgəsində qorunub saxlanılan folklor nümunələri, dastan söyləmə ənənələri, qədim türk mənşəli toponimlər və xalq yaddaşında yaşayan rəvayətlər regionun zəngin oğuz mədəni irsindən xəbər verir.
Naxçıvanda saz yalnız bir musiqi aləti olmayıb. O, el məclisinin səsi, ustad sözünün daşıyıcısı, dastanın yaddaşı və mənəvi dəyərlərin ifadə vasitəsi kimi çıxış edib. Sazın hər havasında bir tarix, hər pərdəsində bir yaddaş, hər ustadın sözündə isə bir nəslin mənəvi dünyası yaşayıb.
Naxçıvan aşıq sənətinin formalaşmasında müxtəlif dövrlərdə fəaliyyət göstərmiş sənətkarların mühüm xidmətləri olmuşdur. XVII əsrdə yaşamış Ordubadlı Kərim, XVIII əsrin sənətkarları Aşıq Süleyman və Kosacanlı Ağ Aşıq Allahverdi, XIX əsrdə fəaliyyət göstərmiş Dəvəçi Heydər, Aşıq Əli Xanxanımoğlu, Gülalı Məmməd, Aşıq Məmmədcəfər, Aşıq Abbas Dəhri və Aşıq Nəcəfalı, XX əsrdə isə Aşıq Nabat və Aşıq Fərrux bu ənənənin müxtəlif mərhələlərində özünəməxsus iz qoymuş sənətkarlar kimi xatırlanırlar.
Müasir dövrdə isə Naxçıvan aşıq mühitinin yaşadılmasında İxtiyar Seyidov, Aşıq Abdulla, Çərkəz Fətəlixanlı, Sərraf Qasım, Aydın Cəfərov, Tural Bağırov və digər sənətkarların yaradıcılığı xüsusi əhəmiyyət daşıyır.
Onların repertuarında qəhrəmanlıq, vətənpərvərlik, mənəvi kamillik, insan sevgisi və xalqın tarixi yaddaşı ilə bağlı mövzular geniş yer tutur.
Əgər keçmişdə sazın səsi kənd məclisindən, el şənliyindən və ustadın həyətindən yayılırdısa, bu gün həmin səs həm də musiqi məktəblərində konsert salonlarında, orta ixtisas və ali təhsil müəssisələrində eşidilir. Beləliklə, əsrlərboyu şifahi şəkildə yaşadılan sənət tədricən peşəkar təhsil sisteminin də bir hissəsinə çevrilir.
Naxçıvanda saz sənətinin qorunması, yaşadılması və inkişaf etdirilməsi istiqamətində müxtəlif səviyyələrdə işlər həyata keçirilir. Uşaq musiqi məktəblərində saz ixtisası üzrə tədrisin təşkili gənc nəslin milli musiqi irsinə yiyələnməsi üçün mühüm imkan yaradır. Bu təhsil prosesində gənc ifaçılar sazın texniki imkanlarını, aşıq havalarını, xalq musiqisinin əsaslarını və ifaçılıq ənənələrini öyrənirlər. Beləliklə, ustaddan şagirdə ötürülən ənənə müasir pedaqoji metodlarla yeni mərhələyə qədəm qoyur.
Bu təhsil pilləsinin davamı olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Kollecində saz ifaçılığı üzrə peşəkar kadr hazırlığı da mühüm əhəmiyyət daşıyır. Burada saz ifaçılığı ilə yanaşı, aşıq yaradıcılığının tarixi, xalq musiqisi və milli ifaçılıq ənənələrinin öyrənilməsi gənc musiqiçilərin milli musiqi irsinə daha dərindən yiyələnməsinə xidmət edir.
Bu ənənənin ali təhsil səviyyəsində davam etdirilməsi isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin qarşısında yeni imkanlar açır. Ali təhsil mühitində milli musiqi irsinin yalnız ifaçılıq baxımından deyil, həm də elmi-nəzəri, metodik və tədqiqat istiqamətində öyrənilməsi saz sənətinin gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Naxçıvanda saz sənətinin təhsil müstəvisində inkişafını uşaq musiqi məktəbi - Musiqi Kolleci - ali təhsil ardıcıllığında nəzərdən keçirmək mümkündür. Bu xətt ənənənin qorunması ilə yanaşı, onun yeni nəsillərə ötürülməsini, elmi şəkildə öyrənilməsini təmin edir.
Bu istiqamətdə Naxçıvan Dövlət Universitetində həyata keçirilən işlər də xüsusi əhəmiyyət daşıyır. Musiqi Alətləri Emalatxanasında qədim xalq çalğı alətlərinin elmi mənbələr, miniatür təsvirlər və etnoqrafik materiallar əsasında yenidən hazırlanması keçmişin musiqi dünyasına daha yaxından nəzər salmağa imkan verir.
Qopuz, çoğur, çəqanə, tənbur, çəng, rübab və digər qədim musiqi alətlərinin bərpası yalnız alətin fiziki formasının yenidən yaradılması demək deyil. Burada məqsəd həmin alətlərin tarixini, quruluşunu, səs imkanlarını və qədim musiqi mühitindəki funksiyasını öyrənməklə keçmişin musiqi dünyasına mümkün qədər yaxınlaşmaqdır.
Bu istiqamətdə görülən işlər qədim musiqi irsinin yalnız muzey eksponatı kimi qorunmasına deyil, onun yenidən səsləndirilməsinə və canlı ifaçılıq mühitinə qaytarılmasına imkan yaradır.
Qədim alətlərin hazırlanması ilə iş bitmir. Alət səslənməlidir. Çünki musiqi alətinin əsl həyatı onun səsində başlayır.
Bu baxımdan, Naxçıvan Dövlət Universitetində Qədim Xalq Çalğı Alətləri Ansamblının yaradılması xüsusi əhəmiyyət daşıyır. Ansamblın fəaliyyətində qədim türk musiqi nümunələrinin, xalq melodiyalarının və tarixi musiqi irsinin müxtəlif örnəklərinin səsləndirilməsi qədim musiqi mədəniyyətinin müasir dinləyiciyə çatdırılmasına xidmət edir.
Səhnədə qopuzun, tənburun, rübabın və digər qədim alətlərin səsi eşidildikdə keçmişlə bu gün arasında yeni bir musiqi körpüsü yaranır. Bu körpüdən keçən dinləyici yalnız bir musiqi əsərinə qulaq asmır; o, qədim Türk dünyasının səs mənzərəsi ilə tanış olur.
Min illərin o tayından gələn qopuz səsi bu gün sazın tellərində başqa bir nəfəs, başqa bir rənglə yaşamaqdadır. Zaman alətlərin formasını dəyişib, ifaçılıq mühitlərini yeniləyib, musiqiyə yeni ifadə imkanları qazandırıb. Lakin sənətin əsas ruhu – sözü qorumaq, yaddaşı yaşatmaq, mənəvi dəyərləri nəsildən-nəslə ötürmək dəyişməyib.
Dədə Qorqudun qopuzu ilə başlayan bu mənəvi-mədəni xətt ozanlıq ənənəsindən keçərək aşıq sənətində yeni məzmun qazanmış, sazın səsində öz davamını tapmışdır.
Azərbaycan aşıq sənəti, xüsusilə Naxçıvan aşıq mühiti bu böyük yaddaşın yaşadılmasında mühüm rol oynayır.
Ənənənin yaşaması isə yalnız keçmişi xatırlamaq deyil. Ənənə o zaman yaşayır ki, onun səsi bu gün də eşidilir, onun sözü yeni nəslin dilində səslənir, onun sənəti yeni ustadların əllərində davam edir.
Dədə Qorqudun qopuzundan saza qədər uzanan bu yol yalnız musiqi alətlərinin tarixi deyil. Bu sözün, musiqinin və yaddaşın əsrlərboyu bir nəsildən digərinə ötürülməsinin tarixidir.
Fətəli AXUNDZADƏ
Naxçıvan Dövlət Universitetinin əməkdaşı
Digər xəbərlər