NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycan-Türkiyə parlamentləri arasında iqlim və energetika sahəsində əməkdaşlıq diqqət mərkəzində olub

...

Sentyabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, söhbət zamanı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın iqlim, energetika və bərpaolunan enerji sahələrində həyata keçirdiyi çoxşaxəli siyasət barədə ətraflı məlumat verib. Komitə sədri, bu sahədə qanunvericilik bazasının daim təkmilləşdirildiyini və mühüm hüquqi islahatların aparıldığını diqqətə çatdırıb.
Öz növbəsində TBMM üzvü Mehmet Galip Ensarioğlu Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini və bu mötəbər tədbirin böyük uğurlarla yadda qaldığını vurğulayıb. O, Türkiyənin COP31-ə sədrliyi dövründə qlobal iqlim fəaliyyətinə mühüm töhfələr verməyi və bu prosesi yüksək təşkilatçılıqla həyata keçirməyi hədəflədiklərini bildirib.
Görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri, həmçinin TBMM-in nümayəndələri çıxış ediblər. Çıxışlarda hər iki ölkə parlamentləri arasında müvafiq sahədə qurulan səmərəli əməkdaşlıqdan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələrdən bəhs olunub.

Nəşr edilib : 08.09.2026 18:32