Yaddaş yaşadıqca yurd da yaşayır
11:44 20.06.2026
0
0
0
NAXÇIVAN :
20 Iyun 2026, Şənbə
Naxçıvan Muxtar Respublikası həm zəngin faunası, həm də bənzərsiz florası ilə Azərbaycanın ən füsunkar guşələrindən biridir. Batabatın bənzərsiz mənzərəsi, Sirab və Badamlı vadiləri, gursulu dağ çayları hər il minlərlə insanın əsas istirahət məkanlarına çevrilir. Xüsusilə yay aylarında şəhər havasından qaçıb təbiətin qoynuna sığınmaq hər birimizin arzusudur. Lakin acı da olsa, bir reallığı etiraf etməliyik: biz dincələrkən Naxçıvanın təbiəti bəzən can verir.
İnsanların istirahət zamanı ətraf mühitə vurduğu ziyanlar artıq gözardı edilə bilməyəcək həddə çatıb. “Xoş istirahət” adı altında doğma yurdumuzun təbiətinə vurduğumuz yaralar gələcəyimiz üçün ciddi ekoloji problemlər yaradır.
Dincəlmək üçün təbiət qoynuna üz tutan bəzi insanlar yemək yeyib vaxt keçirdikdən sonra tullantılarını toplamağı, ocaq qaladıqları yeri söndürməyi özlərinə artıq zəhmət hesab edirlər.
İstirahət zonalarında ən çox qarşılaşdığımız mənzərələrdən biri plastik qablar, polietilen torbalar və birdəfəlik qab-qacaq tullantılarıdır. Batabat yaylağındakı göllərin ətrafında, yaxud dağ çaylarının kənarında atılıb qalan bir plastik tullantının təbiətdə yox olması üçün yüz illərlə vaxt lazımdır. Bu tullantılar təkcə vizual çirklənmə yaratmır, həm də yağış suları ilə yuyularaq torpağa və təmiz dağ bulaqlarına qarışır. Unutmaq olmaz ki, bu gün baxımsız qoyduğumuz o bulaqlar sabah içəcəyimiz su mənbəyidir.
Təəssüf ki, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından nəzarətsiz yandırılan və tam söndürülməyən ocaqlar böyük fəlakətlərə zəmin yaradır. Muxtar respublikanın quraq iqlim xüsusiyyətlərini nəzərə alsaq kiçik bir qığılcım və ya otların arasına atılan siqaret kötüyü hektarlarla meşə və kol sahəsinin bir anda külə dönməsinə səbəb ola bilər.
Daha bir mənfi tendensiya isə avtomobilləri birbaşa çayların kənarına, yaşıl otların üzərinə qədər sürmək vərdişidir. Ağır nəqliyyat vasitələri torpaq qatını sıxlaşdırır, nəticədə, torpaq hava və su keçiriciliyini itirir. Avtomobillərdən sızan yağ və yanacaq qalıqları isə torpağın münbitliyini tamamilə məhv edir və həmin ərazidə illərlə bitki bitmir.
Biz təbiətə ağalıq etməyə yox, onun gözəlliyindən zövq almağa və dincəlməyə gedirik. Getdiyimiz yeri dağıtmamalı, təmiz saxlamalıyıq. Ekologiyamızı qorumaq üçün hər birimiz məsuliyyət daşımalıyıq: İstirahətdən sonra bütün tullantıları torbalara yığıb özümüzlə aparmalı, ocaq qalayarkən xüsusi ayrılmış yerlərdən istifadə etməli və ərazini tərk edərkən ocağın tam söndüyünə əmin olmalıyıq.
Naxçıvanın təmiz havası, şəfalı suları və yaşıl meşələri bizə əcdadlarımızdan qalan ən böyük mirasdır. Bu mirası qorumaq, gələcək nəsillərə təmiz və yaşana bilən bir yurd qoymaq hər birimizin vətəndaşlıq və insanlıq borcudur. Unutmayaq ki, təbiəti qorumaq, elə özümüzü və gələcəyimizi qorumaqdır.
Əhməd ƏHMƏDOV
Digər xəbərlər