Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İql...
13:18 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Qarabağ azad olunduqdan sonra bu müqəddəs diyarda quruculuq işləri də aparılır, elm və mədəniyyət ocaqları da dirçəlir. Artıq Azərbaycan gənclərinin səsi Qarabağ Universitetindən gəlir. Sevindirici haldır ki, bu gün Qarabağ Universitetində Azərbaycanın müxtəlif bölgələrindən gələn gənc, istedadlı kadrlar da fəaliyyət göstərir. Onların sırasında Naxçıvanın yetirmələri – incəsənətə, musiqiyə həyatlarını həsr etmiş gənc pedaqoqlar da var. Belə ki,Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yetirmələri olan Elvin Novruzov, Fərid Babayev və Nuray Novruzova bu ildən Qarabağ Universitetində müəllim kimi fəaliyyətə başlayaraq azad olunmuş torpaqlarda milli musiqimizin səsini ucaldıb, yeni nəsil sənətkarların yetişməsinə töhfə vermək niyyətindədirlər. Biz həmingənc müəllimlərlə telefon əlaqəsi yaradıb təəssüratlarını öyrəndik.
Kamança müəllimi Elvin Novruzov söhbətə belə başlayır: “İlk musiqi təhsilimi Naxçıvan şəhəri Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində almışam. Daha sonra Bakı şəhərində Bülbüladına orta ixtisas musiqi məktəbində oxudum, ali təhsilimi isə Azərbaycan Milli Konservatoriyasında bakalavr və magistr pillələri üzrə tamamladım. Naxçıvanda keçirdiyim təhsil illəri mənim həyatımda xüsusi rol oynayıb. İlk müəllimim Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayevin sinfində kamança ifa etməyin ən dərin sirlərini öyrəndim. Bu məktəbdə aldığım biliklər mənə sənət yolumda işıq tutdu. 2014-cü ildən pedaqoji fəaliyyətlə məşğulam. Həm Azərbaycan Milli Konservatoriyasında, həm də Asəf Zeynallı adına Bakı Musiqi Kollecində müəllim kimi çalışmışam. Bu illər ərzində 30-a yaxın xarici ölkədə Azərbaycan musiqisini təbliğ etmək şərəfinə nail olmuşam”.
Müsahibimiz qeyd edir ki, 2025-ci ildən isə Qarabağ Universitetində müəllim kimi fəaliyyətə başlayıb: “Bu məni xüsusilə qürurlandırdı, çünki işğaldan azad olunmuş torpaqlarda, Ali Baş Komandanın rəhbərliyi ilə yenidən qurulan Qarabağda mədəniyyətimizə və təhsilimizə xidmət göstərmək mənim üçün böyük fəxrdir.
Qarabağ Universitetində yaradılan səmimi və sağlam mühit həm müəllimlərin, həm də tələbələrin daha rahat işləməsinə imkan yaradır. Bu gün doğma Qarabağ və Şərqi Zəngəzur torpaqları dirçəlir, inkişaf edir. Burada Azərbaycan milli musiqisi yenidən səslənir və yüksəlir. Bizim borcumuz isə bu musiqini gələcək nəsillərə layiqli şəkildə ötürməkdir”.
Söhbətimizə Fərid Babayevlə davam edirik. O deyir ki, ilk musiqi təhsilini Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində, kamança ixtisası üzrə alıb. Daha sonra təhsilini Naxçıvan Musiqi Kollecində davam etdirdib. Müsahibim bildirir:
“2013-cü ildə Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Əlavə edir ki, konservatoriyada oxuduğum illərdə ölkə daxilində və xaricdə keçirilən çoxsaylı konsertlərdə, festivallarda çıxış etmişəm. Türkiyə, İran, Rusiya, İraq, Avstriya, Amerika və digər ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil etmək şərəfinə nail olmuşam. Bundan əlavə, Azərbaycan Milli Konservatoriyasında və Cəbrayıl Şəhər Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərmişəm.Hazırda isə gözəl Qarabağımızda, Xankəndidə yerləşən Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Burada yaşamaq və işləmək mənim üçün həm sevinc, həm də qürur mənbəyidir. İstedadlı tələbələrlə çalışmaq, onlara Azərbaycan musiqisinin, xüsusilə də muğamlarımızın dərinliklərini öyrətmək bizim üçün həm də qürur qaynağıdır”.
Fərid Babayevqeyd edir ki, burada dərs dediyi tələbələr arasında Naxçıvandan olanlar da var. Onlar dərs zamanı naxçıvanla bağlı xatirələri bölüşür və Naxçıvanın səsini Qarabağd aucaldır.
Müəllimələrdən Nuray Novruzova isə deyir: “Musiqiyə marağım uşaq yaşlarımdan formalaşmışdı. Özümü bu sahədə inkişaf etdirmək üçün daim çalışırdım. Təhsil aldığım illərdə görkəmli pedaqoqlardan dərs almaq imkanım oldu. Magistr təhsilimi tamamladıqdan sonra Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladım. Hazırda isə Qarabağ Universitetində pedaqoji fəaliyyətimi davam etdirirəm. İşğaldan azad olunmuş torpaqlarda çalışmaq mənim üçün mənəvi borcdur. Bu həm böyük qürur, həm də məsuliyyət deməkdir. Öz sahəmdə qazandığım bilik və təcrübəni tələbələrimə ötürməklə yanaşı, azad edilmiş torpaqlarımızda təhsil və mədəniyyətin inkişafına töhfə vermək imkanı mənim üçün ən böyük fəxrlərdən biridir. Universitetin müasir tədris imkanları, gənclərin elmə və sənətə olan həvəsi burada işləməyi daha da dəyərli edir. Xankəndinin gözəlliyi və təbiəti isə hər bir musiqiçiyə xüsusi ilham verir. Şəhərin dağlarla əhatələnmiş mənzərəsi, təmiz havası və sakitliyi insanda ruh yüksəkliyi yaradır. Burada hər addımda tariximizin izlərini duymaq mümkündür. Mən əminəm ki, yaxın illərdə Qarabağ Universiteti Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən birinə çevriləcək”.
Bu il böyük zəfərin beşinci ildönümünü qürurla qeyd edirik. Və bu gün Qaradağdan gələn xoş sədaları eşidir, sevinirik. Ömrünü müəllimlik peşəsinə bağlayan, bu yolda inamla irəliləyən gənc müəllimlərimizə uğurlararzu edirik.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər