Daxili İşlər Nazirliyində kollegiya iclası keçiril...
15:12 24.01.2025
0
0
0
NAXÇIVAN :
24 Yanvar 2025, Cümə
1990-cı ilin soyuq yanvar günlərindən birində görmüşdüm ilk dəfə onu.Təcili yardım maşınından enəndə üst-başı qan içində idi. Həmin gün ilk dəfə eşitmişdim “şəhid” kəlməsini. “Yaralılara kömək edin, şəhidlərimiz var”, – deyirdi qarşısındakı tibb işçilərinə. Həmin gün öyrəndim onun Nəzifə adlı tibb bacısı olduğunu. Sədərəkdə gedən döyüşlərdə bir əlində silah, digərində yardım çantası ilə döyüşdüyünü. Evdə də tez-tez söhbəti açılırdı onun. Hamı necə qoçaq, qeyrətli olduğundan danışardı. Altı körpəsinin atasının erməni quldurlarının yetirdiyi xəsarət ucbatından dünyadan köçdüyünü deyirdilər. Elə həmin günlərdən Nəzifə əlinə silah alıb, səngərdə erməni quldurları ilə döyüşən oğullara bacı olub.
Sonrakı illərdə onunla yaxından tanış oldum. Öyrəndim ki, iki dəfə yaralanıb. Amma sağalan kimi yenə döyüşə qayıdıb. Bu günlərdə yenə evinə qonaq getdim Nəzifə ananın. Naxçıvanın ilk və tək qadın qazisi olan Nəzifə Qaybalıyevanı görmək məni də həmin illərə qaytarır. Hərbi forma əynində döyüşdüyü illər, qan-tər içində yaralıları xəstəxanaya çatdırdığı günlər gözlərim önünə gəldi.
Xatirələrə daldı yenə. Fotoalbomu qarşısına qoyub bir-bir göstərdi döyüş yoldaşlarını: “Bax, Məhərrəm Seyidovdur, polis kapitanı, Naxçıvanın ilk şəhidi, Azərbaycanın ilk Milli Qəhrəmanlarından biridir, Abbasəlinin fotosudur, özüm çıxardım döyüş meydanından onu”, – deyir. Həmin günlərdən danışır:
“Yanvarın 18-də Şərur qərargahına gələn xəbər hamını həyəcanlandırdı. Avtomat və beşaçılanlarla silahlanmış bir qrup erməni dəmir yolu, Koroğlu bulağı və şərab zavodu istiqamətindən Sədərəyə hücum etməyə başlamışdı. 10 saat davam edən ölüm-dirim mübarizəsində müdafiəçilərin bir amalı var idi: Sədərək qorunmalıdır. Ermənilər Sədərəyə ancaq bizim meyitimizin üzərindən keçib gedə bilərlər. 10-15 polis işçisi və döyüş təcrübəsi çox az olan könüllünün ancaq ov silahı ilə müasir silahlara sahib yüzlərlə hərbçinin hücumunu dəf etməsi möcüzəyə bənzəyirdi. Səngərdə bir igid şəhid olurdusa, beş igid silah
götürüb, Vətəni müdafiə etməyə tələsirdi. 77 könüllü Vətən oğlunun tək bacısı mən idim.
Yanvarın 19-u səhərə yaxın atəş səsləri bir az azalmağa başlasa da, aradan heç 4 saat keçməmiş Sədərəyə yenidən və daha şiddətli hücum oldu. Kənd və Şərur rayon mərkəzi bu dəfə raket, top və digər ağır silahlardan atəşə tutuldu. Gecəyarıya kimi susmadılar. Yaralılar neytral zonada qalmışdılar. Düşmənin susmayan silahları yaralıları götürməyimizə imkan vermirdi. Qarın üzərində sürünə-sürünə birtəhər özümüzü yaralılara yetirdik. Şərur Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışdığımız yaralılardan kimi elə yoldaca şəhadətə yüksəldi, kimisi isə əməliyyata götürüldü. Dörd il, beləcə, döyüşdük mənfur düşmənlə, gün oldu ac qaldı döyüşçülər, gün oldu yaralı vəziyyətdə döyüşdülər, amma düşmənə aman vermədilər. Ulu Öndərin “Qeyrət qalası” adlandırdığı Sədərək igid oğulların canı bahasına qorundu. Həmin illərdə Vətən oğlu ilə dəfələrlə görüşdük. Onun yanımızda olması səngərdəki hər kəsə güc verirdi. Şiddətli döyüşlərdə, soyuq günlərdə belə heç kim səngəri tərk etmədi. İndi keçmiş günləri xatırlayanda çox təəssüf edirəm, yaralanıb səngərdən ayrı durmaq məcburiyyətində qaldığıma görə. 1992-ci ilin mayında bir yaz səhəri. Sədərəyin düşmən mərmilərinin səsindən yenidən lərzəyə gəldiyi günlərdən birində mən də ağır yaralandım. Döyüş meydanından ayrılanda yaralanmağımdan çox oradakı qardaşlarıma əlim çatmayacaq deyə məyus olmuşdum.
İndi həmin günlərdən bizi 35 illik zaman kəsiyi ayırır. Bədənində hələ də həmin günlərin yaralarını daşıyan bu qürurlu qadın 17 dəfə əməliyyat olunmasına baxmayaraq, sağlamlığına tam qovuşa bilməyib. “O qəlpələrdən hələ də var bədənimdə, mən bununla qürur duyuram, Vətənim azaddır. Getdim, Şuşanı gördüm, Sədərəkdən Şuşaya gedən yolu xatırladıqca qürurlandım. Ruhunuz şad olsun igidlər, qardaşlarım, oğullarım”, – dedim.
Bəli, bu gün Vətənimiz bütövdür, azaddır, xalqımız qalibdir. Onun kimi qadınların, Vətəni ana bilən qızların, oğulların torpağa qarışan qanı hesabına. Vətənini öz canından əziz bilən vətənpərvər insanların, bədənində düşmən mərmisinin qəlpəsini ömrünün sonuna kimi daşısa da, mübarizliyini itirməyən döyüşçü qadınların Vətən eşqi ilə çırpınan ürəyinin sayəsində.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər