“Erkən nikah və erkən analıq qızların təhsil və sa...
15:51 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Fransız dili, yoxsa ingilis dili?
Övladlarının təhsil aldığı məktəbdə ingilis dili fənninin tədris olunmamasından narazı olan bir neçə valideyn son əlacı redaksiyamıza müaciətdə gördü. Elə bu müraciəti nəzərə alaraq biz də Babək rayonunun Didivar, Şıxmahmud, Şərur rayonunun Cəlilkənd, Kəngərli rayonunun Şahtaxtı kənd məktəblərində ingilis dili fənninin niyə tədris olumadığı sualına cavab tapmaq üçün həmin məktəblərə yollandıq. Valideynlərlə danışdıq, müəllimlərlə bu mövzunu ətraflı müzakirə etdik. Qızlarından birinin Didivar kənd məktəbinin 4-cü, digəri isə 5-ci sinfində təhsil alan Gülayə Cabbarlı bu vəziyyətdən xeyli narahat olduğunu dedi. Övladlarının təhsil aldığı məktəbdə əsas xarici dil kimi fransız dili tədris olunduğundan onlar da həmin dili seçmək məcburiyyətində qalıblar. Gülayə xanım deyir ki, hər kəsə məlumdur ki, ingilis dili dünyaya açılan pəncərədir. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili də elə ingilis dilidir. Mən də bir valideyn olaraq övladlarımın xarici dil seçiminin ingilis dili olmasını arzu edirdim. Təəssüf hissi ilə deyə bilərəm ki, sakini olduğum Didivarın kənd məktəbində ingilis dili xarici dil olaraq tədris olunmur. Bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə, rayon və şəhər təhsil şöbələrinə müraciət etsəm də, heç bir müsbət qərar verilmədi. Kadr çatışmazlığı olduğunu deyib bizi yola verdilər. Düzdür, qızlarımın ikisi də ingilis dilindən əlavə olaraq hazırlığa gedir, fransız dilini öyrənməyə də maraqlı deyillər. Bu da bizə, sözün düzü, baha başa gəlir, çünki neçə illərdir ki, ingilis dili hazırlığına ödəniş edirəm. Tanıdığım bir neçə kənd sakini var ki, orta məktəbdə xarici dil olaraq fransız dili seçdikləri üçün istər universitet, istərsə də iş həyatında problemlərlə üzləşiblər. Ona görə də övladlarımın bu kimi problemlərlə qarşılaşmağını istəmirəm.
Şahtaxtı kəndindən olan Arifə müəllim də həm müəllim kimi, həm də valideyn kimi ürəyi doludur. Deyir ki, sussam olmur, danışsam ürək razı deyil. Mən özüm Şahtaxtı kənd məktəbində riyaziyyat fənnini tədris edirəm. Sözün düzü, bu məsələ ilə bağlı direktora bir valideyn olaraq müraciət etdim. Bunu eşidən məktəbimizdəki fransız dili müəllimi məndən incidi ki, sən mənim çörəyimə bais olursan. Mən demirəm ki, fransız dili ləğv edilsin, elə mənim kimi digər valideynlər də fransız dilinin ləğv olunmasının leyhinə deyil, sadəcə, biz istəyirik ki, övladlarımız xarici dil seçərkən ingilis dilini əsas dil kimi seçmə imkanları da olsun. Övladlarımın biri on birinci sinifdə təhsil alır, digəri isə bu il Naxçıvan Dövlət Universitetinə qəbul oldu. Hər ikisi məcburiyyətdən fransız dili fənnini xarici dil olaraq seçdi. Əvvəllər düşünürdüm ki, eybi yox, xarici dil öyrənməyin nə ziyanı var ki, fransız dilini öyrənsinlər, əgər gələcəkdə istəsələr, ingilis dilini də öyrənərlər. Amma qızım universitetə qəbul olduqdan sonra çox əziyyət çəkdi, təhsil aldığı fakültədə xarici dil seçimi yalnız ingilis dili olduğundan qiymətləri aşağı gəldi, məcbur ingilis dilindən hazırlığa getməli olsa da, sıfırdan ingilis dilini öyrənmək qızım üçün çox çətindi.
Cəlilkənddə olarkən bu məktəbdə xarici dilin fransız dili olduğunu dedilər. Amma məktəbin direktoru Minurə müəllimlə danışarkən məlum oldu ki, bu tədris ilindən həmin məktəbdə fransız dilindən əlavə olaraq ingilis dilinin də tədrisinə başlanılıb. Amma təəssüflər olsun ki, bu məktəbdə də ingilis dilinin bir zamanlar tədris olunmamağı digər şagirdlər kimi indi Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil alan Əli Nadirlinin arzusunu ürəyində qoyub. O, 2020-ci ildə böyük həvəslə Gömrük Akademiyasına hazırlaşarkən son anda akademiyanın yalnız xarici dil biliyi ingilis dili olan tələbələri qəbul etdiyini öyrəndikdə məyus olub. Düzdür, Əli indi yaxşı ixtisasda təhsil alır, bu il o son kursdadır. İnanırıq ki, Əli Nadirli gələcəkdə özünü görmək istədiyi gömrük sahəsindən də daha yüksək yerlərdə olacaq.
Sonda valideynlərin də, şagirdlərin də, necə deyərlər, yaralı yeri olan bu mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elşən Qəbulov danışdı. Onun sözlərinə görə, Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmri ilə 2024-2025 tədris ilinin tədris planı təsdiq edilib. Müvafiq əmrə əsasən Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir. Seçim isə övladı təhsil alacağı məktəbə ərizə ilə müraciət edən valideyn tərəfindən olur. Yəni ona təqdim olunacaq müqavilədə övladının hansı xarici dildə təhsil alacağını valideyn özü seçir. Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəsisələrində xarici dilin tədrisi birinci sinifdən başlanılır. Tədrisi birinci sinifdən başlanılan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab olunur.
Xarici dilin tədrisi üçün müəssisədə müvafiq pedaqoji kadr potensialının olması zəruri şərtlərdən biridir. Bu da onu göstərir ki, həmin məktəbdə xarici dil üzrə hansı pedaqoji kadr vardırsa, o istiqamətdə xarici dilin tədrisi həyata keçirilir. Xarici dillər üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda əsas və ikinci xarici dillərə ayrılan saatlar başqa fənlərin tədrisinə verilir. Qeyd edim ki, ümumtəhsil məktəblərində əsas xarici dillər 1-ci sinifdən, əlavə xarici dil isə 5-ci sinifdən tədris olunur. 1-ci və 5-ci siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir. Məktəbdə bir neçə xarici dil öyrədilərsə, şagird yalnız birini əsas dil kimi seçməlidir. Onu da qeyd edim ki, şagirdin gələcəkdə buraxılış imtahanı zamanı təhsil aldığı əsas xarici dildən deyil, digər dildən imtahan verməsi üçün Dövlət İmtahan Mərkəzinə yazılı şəkildə müraciət edərək imtahan verəcəyi xarici dili öz istəyinə uyğun şəkildə seçə bilər.
P.S. Qeyd edək ki, hazırda Naxçıvan məktəblərinin bir neçəsində ingilis dili tədris olunmur. Bu da haqlı olaraq valideynlərin narazılığına səbəb olur. Düzdür, kimsə demir ki, fransız dili tədris olunmasın. Çox gözəl, olunsun. Amma qəbul etmək lazımdır ki, dövrümüzün tələblərinə görə fransız dili faydasız dildir. Fikrimcə, bu dili öyrənməyin böyük bir əhəmiyyəti yoxdur. İngilis və fransız dillərinin çoxəsrlik savaşında bir qalib var, o da ingilis dili. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Ümumiyyətlə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Elə bugünkü cəmiyyətin də öyrənmək marağında olduğu ingilis dili kimi... Bu baxımdan ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dilinin üstünlük təşkil etməsini arzu edirik. Və ümidliyik ki, şagird və valideynləri narahat edən bu məsələ tezliklə öz müsbət həllini tapacaq.
Gülcamal TAHİROVA
Digər xəbərlər