Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
(Azərbaycanın neft və sənaye mühəndisliyi sahəsində ilk naxçıvanlı
qadın tədqiqatçı-alim Sevda Əliyeva ilə müsahibə)
Azərbaycan elminin inkişafında qadın alimlərin mühüm xidmətləri var. Bu sahədə öz zəhməti, elmi axtarışları və peşəkarlığı ilə seçilən simalardan biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənaye maşınları kafedrasının müdiri, dosent Sevda Əliyevadır. Neft və sənaye mühəndisliyi sahəsində ilk naxçıvanlı qadın tədqiqatçı kimi tanınan alimlə uşaqlıq illəri, elmə aparan yolu, elmi fəaliyyəti və gələcək hədəfləri barədə söhbət etdik.
– Sevda xanım, əvvəlcə özünüz və elmə marağınızın necə formalaşması barədə danışardınız.
– 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Uşaqlıq illərim Babək rayonunun Tumbul kəndində keçib. Sonralar öyrəndim ki, şəhərdəki evimiz söküldüyü üçün ailəmiz kəndə köçmüşdü. 1983-cü ildə Tumbul kənd orta məktəbini bitirdim. Məktəb illərimi həmişə böyük sevgi ilə xatırlayıram. Valideynlərim təhsilə xüsusi önəm verir, bütün övladlarının ali təhsil almasını istəyirdilər. Tumbul kənd orta məktəbini bitirən kimi həmin ildə instituta daxil olan şagirdlərdən böyük qardaşım Namiq müəllim və bacım Solmaz xanımın da bu prosesdə rolu böyük olub. O zaman məktəb direktoru və digər müəllimlər ailəmizə gələrək ata-anama böyük təşəkkürlərini bildirdilər. Ailənin ali təhsil almaq üçün sənəd verəcək növbəti övladı mən idim. Məktəb rəhbərliyi tərəfindən ailəmizə göstərilən minnətdarlıq məni daha da yaxşı oxumağa həvəsləndirdi. Orta məktəbdə texniki fənlərə xüsusi maraq göstərirdim. Riyaziyyat və həndəsə ən sevdiyim fənlər idi. O dövrdə fənn seçimi olmadığından bütün dərsləri məsuliyyətlə oxuyurdum. Məktəb rəhbərliyinin və müəllimlərimin ailəmizə göstərdiyi diqqət də mənim daha yaxşı oxumağım üçün əlavə stimul oldu.
– Təhsil illərində qarşılaşdığınız ən böyük çətinlik nə idi?
– Uşaqlıqdan Bakıda ali təhsil almağı arzulayırdım. Özümü həmişə istehsalat sahəsində çalışan mühəndis kimi təsəvvür edirdim. Buna görə də 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olundum.
Tələbəlik illəri həyatımın ən yaddaqalan dövrüdür. Təhsil asan deyildi, lakin böyük həvəslə oxuyurdum. Orta məktəbdə qazandığım riyazi hazırlıq institutda mühəndis qrafikası və digər texniki fənləri mənimsəməyimə ciddi kömək etdi. Humanitar fənlər də daxil olmaqla bütün dərslərdə yüksək nəticələr göstərirdim və fakültənin şərəf lövhəsində adım yer alırdı.
Əlbəttə, çətinliklər də olurdu. Ancaq onların öhdəsindən ailəmi narahat etmədən, öz gücümlə gəlməyə çalışırdım.
– Mexanika və sənaye qurğuları sahəsini seçməyinizə nə səbəb oldu?
– Uşaqlıqdan texnikaya böyük marağım var idi. Evdə hər hansı elektrik cihazı xarab olanda onu söküb yenidən yığmağa çalışırdım. Təbiətdə baş verən hadisələrin səbəbləri də məni düşündürürdü. Quşların uçuşu, küləyin təsiri, materialların zamanla dəyişməsi kimi prosesləri anlamaq istəyirdim. Bu maraq zamanla məni mexanika sahəsinə gətirdi və gələcək peşə seçimimə təsir göstərdi.
– Elmi fəaliyyətinizdə quyu avadanlıqları ilə bağlı tədqiqatların əsas məqsədi nədir?
– Araşdırmalarımın əsas istiqamətlərindən biri neft quyularının əsaslı təmirində istifadə olunan avadanlıqların etibarlılığının artırılmasıdır. Məqsəd quyuların daha təhlükəsiz və səmərəli işləməsini təmin etmək, enerji sərfiyyatını azaltmaq, istehsal prosesində məhsuldarlığı yüksəltmək və ətraf mühitə təsiri minimuma endirməkdir.
Bu sahədə əldə olunan hər bir elmi nəticə həm texniki etibarlılığın artırılmasına, həm də iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edir. Neft-qaz sənayesində təhlükəsizlik, məhsuldarlıq və resurslardan səmərəli istifadə mənim tədqiqatlarımın əsas prioritetlərini təşkil edir.
Müasir informasiya texnologiyaları elmi tədqiqatlarınıza hansı imkanları qazandırıb?
– Elmi fəaliyyətə başladığım illərdə bugünkü texnoloji imkanlar yox idi. Hazırda isə modelləşdirmə və simulyasiya proqramları mühəndislik hesablamalarını daha dəqiq və operativ aparmağa imkan verir. Bu proqramlar vasitəsilə maşın və mexanizmlərin iş rejimləri əvvəlcədən qiymətləndirilir, mümkün risklər müəyyənləşdirilir, konstruksiyalar təkmilləşdirilir. Yeni informasiya texnologiyaları mühəndislik hesablamalarında yüksək dəqiqlik, operativlik və etibarlılıq təmin edir.
Bu gün müasir maşınqayırma və neft-qaz sənayesində həmin texnologiyalar layihələndirmənin ayrılmaz hissəsinə çevrilib və mühəndis qərarlarının daha əsaslandırılmış qəbul edilməsinə şərait yaradır.
– Elmi fəaliyyətinizdə ən mühüm nəticə və ya ixtira kimi hansını qeyd edərdiniz?
– Elmi fəaliyyətimin başlanğıcı Naxçıvan Dövlət Universitetində işlədiyim dövrə təsadüf edir. 2001-ci ildə universitetin rektoru, professor İsa Həbibbəylinin tövsiyəsi ilə elmi araşdırmalarımı daha da dərinləşdirmək qərarına gəldim. Elə həmin ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində professor Zahid Kərimovun rəhbərliyi altında dissertasiya üzərində işləməyə başladım və 2005-ci ildə uğurla müdafiə etdim.
Bu günə qədər 100-ə yaxın elmi məqalənin, bir neçə dərs vəsaiti və monoqrafiyanın müəllifiyəm. Məqalələrimin bir qismi nüfuzlu beynəlxalq elmi jurnallarda, o cümlədən SCOPUS bazasında indekslənən nəşrlərdə dərc olunub. Müxtəlif ixtiraların müəllifiyəm.
Elmi araşdırmalarım, əsasən, neft-qaz sənayesində istifadə olunan mexaniki ötürmələrin etibarlılığının və səmərəliliyinin artırılmasına həsr olunub. Bu istiqamətdə hazırladığım yeni konstruktiv həllər mexanizmlərin istismar müddətinin uzadılmasına, enerji itkilərinin azaldılmasına və iqtisadi səmərənin yüksəldilməsinə xidmət edir. Xüsusilə sonsuz vint reduktorunun yeni konstruksiyası və mexaniki ötürmələrdə optimal bölgü ilə bağlı tədqiqatlarımı elmi fəaliyyətimin mühüm nəticələri hesab edirəm.
– Uzun illərdir, ali məktəbdə dərs deyirsiniz. Tələbələrinizlə işləyərkən ən çox hansı prinsiplərə üstünlük verirsiniz?
– Mənə görə müəllim yalnız bilik ötürən deyil, həm də gənclərə yol göstərən şəxsdir. Dərslərimi mümkün qədər sadə və anlaşıqlı şəkildə qurmağa çalışıram ki, tələbələr mürəkkəb texniki anlayışları rahat mənimsəsinlər.
Hər bir tələbənin fərqli yanaşmaya ehtiyacı olduğunu düşünürəm. Mövzunu mənimsəməkdə çətinlik çəkən tələbələrlə ayrıca işləyir, onları ruhlandırmağa çalışıram. Mənim üçün ən böyük uğur auditoriyanı yorulmadan düşündürmək və gələcəyin peşəkar mühəndislərinin formalaşmasına töhfə verməkdir.
“Sənaye qurğularının dinamikası və möhkəmliyi” fənnini tədris edərkən tələbələrə nəzəri biliklə yanaşı, real istehsalat prosesində qarşılaşa biləcəkləri problemlərin həlli yollarını da izah etməyə çalışıram. Çünki möhkəm nəzəri baza gələcək mühəndisin peşəkar fəaliyyətinin əsasını təşkil edir.
– Texniki sahədə çalışan ilk naxçıvanlı qadın tədqiqatçı kimi bu yolu necə qiymətləndirirsiniz? Sizcə, ölkəmizdə bu sahədə qadın tədqiqatçıların sayı niyə azdır?
– Əlbəttə, mən bir naxçıvanlı qadın kimi texniki sahədə fəaliyyət göstərməyimlə fəxr edirəm. Ona görə ki, daim tədqiqatla məşğulam və bu mənə həmişə baş ucalığı gətirib. Bu sahəni seçdiyim ilk gündən onun məsuliyyətini dərk etmişəm. Çətinliklər az olmayıb, amma qarşıma qoyduğum məqsəddən geri çəkilməmişəm. Bu gün sənətimi böyük sevgi ilə davam etdirir, yetirmələrimin ölkənin aparıcı müəssisələrində, o cümlədən SOCAR-da məsul vəzifələrdə çalışmasını qürur hissi ilə izləyirəm.
Etiraf etməliyəm ki, texniki elmlər uzun illər qadınların az təmsil olunduğu sahələrdən biri olub. Lakin inanıram ki, insan özünə güvənirsə və məqsədinə sədaqətlə çalışırsa, istənilən sahədə uğur qazana bilər.
Mən 2005-ci il mart ayının 1-də Azərbaycan Texniki Universitetində dissertasiya işimi müdafiə etdim. Sonda Dissertasiya Şurasının sədri mərhum Anar Əlizadə çıxış edərək bildirdi ki, bu gün mart ayının 1-dir, Azərbaycana bahar gəldiyi kimi bizim ixtisasımıza da bahar gəlir. Yəni ixtisasımıza ilk qadın tədqiqatçı alim daxil olur. Zalda əyləşənlər bu çıxışı gurultuyla alqışladılar. Bu çıxışa qədər mən ixtisasın ilk azərbaycanlı qadın tədqiqatçısı olacağımı təsəvvürümə belə gətirmirdim. Qadınlarımıza tövsiyə edirəm ki, insan özünə arxayındırsa, hansı sahə olursa-olsun onun arxasınca qorxmadan getsə, yanılmaz. Bir şərtlə ki, qətiyyətindən dönməsin. Mənim həyat yolum da bunun kiçik bir nümunəsidir.
– Bu gün geriyə baxanda keçdiyiniz yolu necə dəyərləndirirsiniz?
– Hər mərhələ mənə yeni təcrübə qazandırıb. Çətinliklər də olub, uğurlar da. Ancaq heç vaxt seçdiyim peşəyə görə peşman olmamışam. Əksinə, mühəndisliyi seçməyimin doğru qərar olduğuna hər gün bir daha əmin oluram. Elm daim yenilənməyi tələb edir. Ona görə də bu gün də öyrənməkdən, araşdırmaqdan və yeni biliklər əldə etməkdən zövq alıram. Mənim üçün ən böyük mükafat gördüyüm işin cəmiyyətə və gələcək nəsillərə fayda verməsidir.
– Gənclərə, xüsusilə texniki ixtisasları seçmək istəyən qızlara nə tövsiyə edərdiniz?
– İlk növbədə, özlərinə inansınlar. İnsanın qarşısına çıxan çətinliklər onu məqsədindən döndərməməlidir. Əgər seçdiyiniz peşəni sevirsinizsə, uğur mütləq gələcək. Texniki sahələr böyük zəhmət tələb etsə də, geniş imkanlar açır. Bu sahədə qadınların uğur qazanması üçün heç bir maneə yoxdur. Əsas şərt davamlı öyrənmək, məsuliyyətli olmaq və seçdiyin peşəyə sevgi ilə yanaşmaqdır.
– Qarşıdakı illər üçün əsas elmi hədəfləriniz nələrdir?
– Hazırda da müxtəlif elmi layihələr üzərində işləyirəm. Məqsədim neft-qaz sənayesində tətbiq oluna biləcək yeni texniki həllərin hazırlanmasına və gənc tədqiqatçıların yetişməsinə töhfə verməkdir. İnanıram ki, elm daim inkişaf edir və bu inkişafın bir parçası olmaq ən böyük motivasiyadır.
Elm insanın yalnız peşəsini deyil, həyat mövqeyini də formalaşdırır. Sevda Əliyevanın keçdiyi yol göstərir ki, uğurun təməlində istedadla yanaşı, zəhmət, əzmkarlıq və məqsədə sədaqət dayanır.
Naxçıvandan başlayaraq Azərbaycanın mühəndislik elminə uzanan bu yol təkcə şəxsi nailiyyətlərin deyil, həm də qadınların texniki elmlərdə artan rolunun bariz nümunəsidir. Onun elmi fəaliyyəti və yetişdirdiyi gənc mühəndislər gələcək nəsillər üçün də dəyərli örnəkdir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər