Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə b...
10:39 02.09.2026
0
0
0
NAXÇIVAN :
02 Sentyabr 2026, Çərşənbə
Şərurda soyuducu anbarlar məhsulun mövsümdənkənar dövrdə də qorunmasına və bazara çıxarılmasına imkan yaradır
Şərur torpağı bərəkətini yalnız tarlalarda göstərmir. Yazda torpağa düşən toxum, yay boyu çəkilən zəhmət, payızda yığılan məhsul bu torpağın illərlə davam edən hekayəsinin bir parçasıdır. Amma məhsul torpaqdan ayrıldıqdan sonra da onun yolçuluğu bitmir. Əksinə, bəzən ən uzun yol elə bundan sonra başlayır.
Tarladan yığılan məhsulların hər birinin öz zamanı var. Biri bu gün, digəri sabah, bir başqası isə aylar sonra süfrəyə çatır. Bu zaman məhsulu qoruyan, onun tarladakı keyfiyyətini zamanın təsirindən saxlayan ünvanlara ehtiyac yaranır. Şərurun kənd təsərrüfatı həyatında soyuducu anbarlar da məhz bu missiyanı daşıyır – torpağın bərəkətini mövsümdən kənara çıxaran, məhsula zaman qazandıran sərin məkanlar.
Kənd təsərrüfatında məhsulu yetişdirmək qədər onu qorumaq da vacibdir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da qarşıya qoyulan əsas hədəflərdəndir. Proqram aqrar sahədə istehsaldan emala və saxlanmaya qədər bütün mərhələlərin inkişafını nəzərdə tutur.
Bu dəfə biz də məhsulun torpaqdan ayrıldıqdan sonrakı yolunu izləmək üçün Şərura üz tutduq. Tarladan yığılan məhsulun necə qorunduğunu, aylar sonra da öz keyfiyyətini necə saxladığını görmək üçün soyuducu anbarların qapısını döydük.
Anbarların önündə bizi gülərüzlə qarşılayan təsərrüfat rəhbəri Yusif Quliyevlə salamlaşıb söhbətə başladıq. Onun danışdıqları bizi bir qədər də geriyə – bu təsərrüfatın ilk vaxtlarına apardı.
2001-ci ildən fəaliyyət göstərən müəssisənin tarixində müxtəlif mərhələlər olub. 2006-cı ildə muxtar respublikada ilk dəfə istixana kompleksinin yaradılması ilə burada yetişdirilən məhsulların saxlanılması məsələsinə də diqqət artırılıb. 2009-cu ildən isə məhsulun mövsümdənkənar dövrdə də qorunaraq bazara çıxarılmasına imkan verən soyuducu anbarların qurulmasına başlanılıb.
İlk olaraq 300 ton tutumlu anbar istifadəyə verilib. Sonrakı illərdə bu imkanlar genişləndirilib. Anbarların sayı 3-dən 9-a, ümumi tutum isə, təxminən, 1000 tona çatdırılıb. Bu gün burada kartof, soğan, alma, kök və digər kənd təsərrüfatı məhsulları saxlanılır.
Anbarların içərisinə daxil olduqda isə tarladakı mənzərədən tamam fərqli bir mühitlə qarşılaşırsan. Çöldə mövsüm dəyişir, günlər keçir, hava soyuyur, sonra yenidən isinməyə başlayır. Burada isə zaman sanki bir qədər yavaşlayır. Sərinlik içərisində saxlanılan məhsullar öz növbəsini gözləyir. Onların hər biri üçün bu məkan, sadəcə, anbar deyil, həm də tarlada görülən zəhmətin qorunduğu yerdir.
Belə anbarların əhəmiyyəti də məhz burada üzə çıxır. Fermer məhsulu yığdığı gün satmaq məcburiyyətində qalmır. Mövsümün ən gur vaxtında bazara çıxarılan məhsulun qiymətindən asılı olmayaraq, tələsik qərar vermək əvəzinə, məhsulunu qoruyub daha münasib vaxtı gözləyə bilir. Beləcə, tarlada bir mövsümlə başlayan zəhmət anbarın sərinliyində daha uzun müddət yaşayır.
Həmsöhbətimiz Yusif Quliyev bildirdi ki, soyuducu anbarların yaradılmasında dövlət dəstəyinin mühüm rolu olub. Onun sözlərinə görə, 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ilk soyuducu anbarın yaradılması üçün 350 min manat kredit ayrılıb. Sonrakı illərdə isə anbarların genişləndirilməsi müəssisənin öz gəlirləri hesabına həyata keçirilib.
Yusif Quliyev qeyd etdi ki, yeni Dövlət Proqramında qarşıya qoyulan hədəflər bu sahənin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Gələcəkdə müəssisədə bu istiqamətdə növbəti addımların atılması da nəzərdə tutulur.
Təsərrüfat rəhbəri əsas fəaliyyət istiqamətlərinin kartofçuluq olduğunu bildirdi. Onun sözlərinə görə, bu il 10 hektar ərazidə kartof əkilib və sahələrdən 500 tona yaxın məhsul əldə olunub. Hazırda kartof yığımı davam edir və tədarükün sentyabr ayının sonlarınadək başa çatdırılması planlaşdırılır.
Sahələrdən yığılan məhsulun bir hissəsi elə həmin gün bazara göndərilir, digər hissəsi isə soyuducu anbarlara yerləşdirilir. Burada məhsul müəyyən temperatur və saxlama şəraitində qorunur, ilin müxtəlif dövrlərində mərhələli şəkildə bazara çıxarılır. Beləliklə, tarlanın bir mövsümlük məhsulu bazarın müxtəlif vaxtlarında istehlakçıya çatdırılır.
Yusif Quliyevin sözlərinə görə, bu üsul məhsul bolluğunun qorunmasına və bazarda qiymətlərin daha sabit olmasına da şərait yaradır. Əsas üstünlük isə fermerin yetişdirdiyi məhsulu yalnız mövsümün müəyyən günlərində deyil, daha geniş zaman aralığında satışa çıxarmaq imkanının olmasıdır.
Amma tarlada məhsulun hekayəsi yalnız məhsul yığımı ilə bitmir. Yüksək məhsuldarlığın arxasında torpağın seçimi, toxumun keyfiyyəti, suvarma və əkin sahələrinin düzgün növbələşdirilməsi kimi bir-birini tamamlayan amillər dayanır.
Təsərrüfat rəhbəri vurğuladı ki, eyni məhsulun uzun illər ardıcıl olaraq eyni torpaqda əkilməsi düzgün yanaşma deyil. Torpağın da istirahətə, yenilənməyə ehtiyacı var. Əkin sahələrinin növbələşdirilməsi həm torpağın məhsuldarlığının qorunmasına, həm də gələcək illərdə daha yaxşı nəticələrin əldə edilməsinə imkan yaradır.
Bu baxımdan, təsərrüfatda gələcək üçün müəyyən planlar da qurulur. Kartof əkilən bəzi sahələrin dəyişdirilməsi, müəyyən ərazilərdə isə damcı suvarma sisteminin tətbiqi ilə meyvə bağlarının salınması nəzərdə tutulur.
Beləcə, Şərur torpağında bir məhsulun hekayəsi, əslində, toxumun torpağa düşdüyü gün başlayıb məhsulun bazara çatdığı gün bitmir. Bu yolda torpağın da, suyun da, toxumun da, insan əməyinin də öz payı var. Bütün bu zəhmətin arasında məhsulu bir müddət öz qoynunda saxlayan soyuducu anbarlar isə bu yolun səssiz qəhrəmanlarından birinə çevrilir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər