NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Naxçıvanda ziyalıların uzunmüddətli fəaliyyəti yüksək qiymətləndirilib

...

Naxçıvan Muxtar Respublikasının elm, təhsil, səhiyyə və sosial-iqtisadi həyatında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə fərqlənən şəxslər təltif olunublar. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən müvafiq Sərəncam imzalanıb.
Təltif edilənlər arasında “Əməkdar müəllim” və “Əməkdar həkim” fəxri adlarına layiq görülənlər, həmçinin “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunan şəxslər yer alır.
Biz də həmin şəxslərdən bir neçəsi ilə görüşərək onların təəssüratlarını öyrəndik.
Təltif olunanlar arasında Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova da var. O, “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Arifə Zeynalova bildirib ki, bu gün bir qrup universitet əməkdaşına fəxri adların verilməsi xəbəri onlar üçün böyük sevinc doğurub.
“Mən də "Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuşam. Bu, çox böyük dəyər, diqqət və qayğıdır. Buna görə dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Bu təltif, eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək bundan sonrakı  elmi fəaliyyətimdə daha böyük əzmlə çalışmağa, göstərilən etimadı doğrultmağa çalışacağam. Bir daha əməyimizə dəyər verən hər kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə Arifə Zeynalova qeyd edib.
Təltif olunanlar arasında “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanına layiq görülən Nazim Bayramov göstərilən diqqət və yüksək dəyərləndirməyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu yüksək mükafat onun üçün böyük qürur mənbəyidir. Fəaliyyəti dövründə muxtar respublikanın inkişafı naminə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə, dövlətin göstərdiyi etimadı doğrultmağa çalışıb.
Qeyd edək ki, uzun illər Naxçıvanın elm, təhsil, səhiyyə və sosial-iqtisadi həyatında səmərəli fəaliyyət göstərən bir qrup ziyalının bu cür fəxri adlara, təltiflərə layiq görülməsi uzun illərin zəhmətinə, səmərəli fəaliyyətə və cəmiyyətə göstərilən xidmətə verilən yüksək dəyərin bariz ifadəsidir. Biz də onları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Nəşr edilib : 30.12.2025 20:52