NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Naxçıvanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

...

Heydər Əliyev adına Hərbi Liseydə 8 Noyabr – Zəfər Günü münasibətilə “Qürurla yazılan tarix” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Əlahiddə Ümumqoşun Ordunun Komandan müavini, Şəhadət İbrahimov bildirib ki, hər bir millətin tarixində qürurla xatırlanan, yaddaşlara həkk olunan unudulmaz günlər olur. Azərbaycan xalqı üçün belə günlərdən biri də 8 Noyabr – Zəfər Günüdür. Bu gün igid oğul və qızlarımızın canı və qanı bahasına qazanılmış tarixi qələbənin, 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasının, illərlə həsrətində olduğumuz Qarabağın azad edilməsinin rəmzidir.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin rəisi Rəşad Əsgərov çıxış edərək liseydə belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Heydər Əliyev adına Hərbi Lisey Vətənə sədaqətin, vətənpərvərlik ruhunun, hərbi intizam və məsuliyyət hissinin aşılandığı, gələcəyin zabitlərinin formalaşdığı mühüm tədris ocaqlarından biridir. Heydər Əliyev adına Hərbi Liseyin kollektivi bundan sonra da Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu xəttinə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətə sadiq qalaraq Vətənə layiqli, bilikli, intizamlı və vətənpərvər zabitlərin yetişdirilməsi istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək. 
Tədbirdə şəhid baş leytenant Amin Gülməmmədovun atası Mais Gülməmmədov çıxış edərək bildirib ki, bu gün bayrağımız qürurla dalğalanırsa, torpaqlarımızın hər qarışında azadlıq nəğməsi səslənirsə, bu, şəhidlərimizin müqəddəs əmanətidir. 
Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı hərbi attaşesi, albay Əhməd Yavaş çıxışında qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyidir:
“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu sadəcə, bir deyim deyil, tarixən sübut olunmuş sarsılmaz dostluğun və əbədi qardaşlığın simvoludur”. 

Tədbir kursantların hazırladığı vətənpərvərlik mövzusunda bədii kompozisiyalar, Vətənə, şəhidlərə və bayrağımıza həsr edilmiş şeir və mahnıların ifası ilə davam edib. Daha sonra 44 günlük Vətən müharibəsinə və şəhidlərimizin qəhrəmanlığına həsr olunan videoçarx nümayiş olunub. 

Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi

Nəşr edilib : 06.11.2025 17:01