NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Naxçıvanda xalq teatrları üçün ustad dərsləri və panel görüşlər keçiriləcək

...

"Şərq qapısı" xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı regionda fəaliyyət göstərən xalq teatrlarının həvəskar aktyorları üçün ustad dərsləri və panel görüşlər təşkil edəcək. Təlim proqramı 4-10 aprel tarixlərini əhatə edəcək və müxtəlif rayonlarda keçiriləcəkdir.

Ustad dərsləri teatr sahəsində peşəkar biliklərin artırılması və aktyorluq bacarıqlarının inkişafına yönəlmişdir. Təlimlər Şərur, Ordubad, Babək, Şahbuz və Naxçıvan şəhərində baş tutacaq. Təlimlərdə iştirakçılar səhnə danışığı, bədən dili və aktyor sənətinin incəlikləri barədə praktiki və nəzəri biliklər əldə edəcəklər.

Təlimlərin əsas təlimçiləri Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru, Müstəqil Şahmat Teatrının təsisçisi Mir Qabil Əkbərov və teatrın aktyoru, "Bədən dili və pantomima" üzrə mütəxəssis İsmayıl Mirzəcanov olacaqdır.

Təlimlərin sonunda, 14 aprel tarixdə, Naxçıvan Dövlət Milli Dram Teatrında Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov və Naxçıvan Muxtar Əməkdar artisti Səməd Canbaxşiyevin iştirakı ilə panel müzakirə təşkil olunacaq.

Təlimdə fərqlənən həvəskar aktyorlarla peşəkar teatr səhnəsində xüsusi tamaşa hazırlanması planlaşdırılır. Bu layihə vasitəsilə regionda teatr sənətinin inkişafına töhfə verilməsi və yeni istedadların teatr aləminə qazandırılması hədəflənir.

Nəşr edilib : 03.04.2025 12:05